Bir
alimin manifesti
İlk
dəfə parta arxasında 17 yaşında oturan Gülməmməd
Məmmədov indi Laçına ABŞ təhsilli, ADA-nın
dosenti kimi dönür
Körpə qızı qucağında ucsuz-bucaqsız
bir çəmənliklə irəliləyirdi. Haradansa
qartalların qıyı, sıldırım qayalardan
çağlayan şəlalələrin
şırıltısı gəlirdi. Ətrafı qantəpər,
gülxətmi, kəklikotunun bihuşedici qoxusu
bürümüşdü...
Uzaqda,
dağların göylərlə baş-başa
çatdığı yerdə isə göy
qurşağının altında dayanmış balaca bir
oğlan gülərək ona əl edirdi...
Bayaqdan
röyada gördüyü bu tanış
mənzərələrin hara, həmin doğma üzün kimə
məxsus olduğunu hafizəsində ələk-vələk
edir, xatırlamağa çalışırdı...
Daha
bilmirdi ki, bu balaca oğlan elə onun özü, düz 28 il əvvəl Laçında qoyub gəldiyi
uşaqlığıdır...
O,
“Uşaqlığımı ermənilər əlimdən
aldı”, - deyə boğazında düyünlənən
yarımçıq bir cümləylə ürəklərdə
kədərin, qəmin, qəzəb hissinin bir-birini izlədiyi
yanğıya səbəb oldu...
Minlərlə
qaçqın, köçkün uşağın taleyi
gözlərimizdə canlandı, o ağrı-acını qəlbimizlə
hiss etdik...
O
köç karvanlarına qoşulub, yardım növbələrində
gözlədik, gözlərimiz boş təknələrə
dikildi, oyuncağımız qamış evlərdən
sökülən qarğı atlar oldu, əşyasız
komaların, çadırların, vaqonların bir
küncündə xısın-xısın ağladıq...
Xəyallarımız
yarımçıq qırıldı, uşaqlıq şəkillərimiz
yanıb külə döndü, dağ kimi atalar əridi,
analar qocaldı gözümüzün qarşısında,
bir andaca ağırlıq çökdü çiyinlərimizə,
uşaq ola bilmədik, dərd bizi
böyütdü...
***
O,
çox zaman filmlərdən, bədii ə
sərlərdən aşina olduğumuz çətin, mümkünsüz
görünən bir həyat hekayəsi yaşadı. Qəlbindəki
istəklə dərsliyi, müəllimi, məktəbi olmadan
elm yolunu pillə-pillə qət edib, ən ali
mərtəbəyə, alimliyə qədər yüksəlməyi
bacardı...
Bütün bunlara isə təkbaşına, heç
bir kömək, dəstək görmədən məhz öz
şəxsi əzmi sayəsində nail oldu. Tale yolu sınaqlarla dolu olsa
da, uğur yazısına özü imza atdı...
“Belə-belə işlər” layihəsindən
tanıdıq onu. Cəmi 13 dəqiqəlik bir müsahibə ilə insan
iradəsinin nəyə qadir olması, əsl vətənpərvərlik
barədə açıq dərsini dinlədik...
1992-ci ildə
Laçın rayonunun Şeylanlı kəndindən məcburi
köçkün düşmüş, ABŞ-ın Sirakuz
Universitetində fizika üzrə fəlsəfə doktoru elmi
dərəcəsi alan və hazırda ADA Universitetinin dosenti,
eyni zamanda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması” İctimai Birliyinin sədr müavini 36 yaşlı
Gülməmməd Məmmədovun hər anına bir həyat
sığdırdığı ömür səhifələrini
vərəqlədik...
Amma, bu müsahibənin dərc olunacağına
sayılı günlər qalmış, İlahi möcüzə
adlandıra biləcəyimiz və təkcə Gülməmməd
müəllimin deyil, bütün məcburi
köçkünlərimizin həyatını bir andaca dəyişdirən
qələbə müjdəsini aldıq.
Əslində,
başdan-başa vətən həsrətinə,
ağrı-acısına köklənmiş yazı,
Laçının azadlığa qovuşma xəbəri ilə
xoşbəxtlik zirvəsinə ucalan və “Qarabağ söhbətləri”ndə
qanadlanan həyat hekayəsinə çevrildi...
Amma hələ
2020-ci ilə qədər Laçınlı,
Laçınsız çox acılı-şirinli günlər,
çox məşəqqətli anlar
yaşanmışdı...
Orada bir kənd
var...
Bulaq sularının birləşərək
yaratdığı zümzüməli çayın güneyi
kiçik bir kənd, quzeyi isə qəbiristanlıq idi. Dağların
döşündə yuva salmış bu kəndin qədim
sakinləri yayda Camalyurdu yaylağına köçər, illər
əvvəl torpağın təki qazılaraq üzəri
Qırmızı palıdla və ot
örtüklü torpaqla bağlanmış ulu babalarından
qalma damlarda yaşayardılar. Elə balaca Gülməmməd
də 5 qardaşı və 3 bacısı ilə bu cür
nağıl yurdların birində böyüyürdü...
Çoban tütəyinin səsi ilə ala-qaranlıqda
oyanıb quzuları da qatırdı qabağına və
üz tuturdu ucsuz-bucaqsız çəmənliklərə. Bəzən məğrur
qartalların yuva qurduğu Ağ qayanın
sıldırımlarına dırmaşır, qürub
çağı Günəş şəfəqlərinin
dağların başını qıpqırmızı
boyamasına tamaşa edir, bəzən isə saatlarla zülmət
gecənin bağrında bərq vuran ulduzların necə əlçatmaz,
kainatın necə sonsuz, sirli olmasına baxıb heyrətlənirdi...
Təbiət
son baharını yaşayanda isə el köçü
çayın sahilindəki isti binələrə üz tutur,
məktəb yaşlılar isə kəndə
dönürdü...
Nəhayət, o gün çatmışdı və balaca Gülməmmədin də ilk dərs günüydü...
Elə açıq havadaca əlifbanın sehrini, “ana”, “vətən”, kəlmələrinin qüdrətini ruhuna, qanına hopdurmuş, təbaşirə bulaşmış balaca barmaqları ilə rəqəmlərin sirrini öyrənməyə çalışmışdı...
Bir daha dərsə getməyəcəyindən, parta arxasında oturmayacağından və sınaqlarla dolu ən ağır həyat məktəbinin astanasında olduğundan xəbərsiz...
Cəmi bir neçə aydan sonra hər aşırımını, gədiyini, cığırını beyninə, qəlbinə, ürəyinə həkk etdiyi ana yurduna həsrət qalacağından xəbərsiz...
Sonuncu yaz...
Ömrünün cəmi 8 ilini doğma diyarında yaşamaq nəsibi olmuşdu. Amma xoşbəxt uşaqlıq günlərini dəfn edib gəldiyi yurdunu qarış-qarış hafizəsinə həkk etmişdi...
- Ermənilər Laçın dəhlizini bağlayanda biz Ağcabədidə qış yataqlarında olduğumuz üçün sonuncu yazı Laçına qayıda bilmədik. Amma qohumlarımızın hamısı orada qalmışdı. Düşünürəm ki, əksəriyyəti azyaşlı uşaqlardan ibarət 11 nəfərlik ailəmiz həmin vaxt Laçında olsaydı, oradan sağ-salamat çıxa bilməzdik. Sadəcə təsadüf nəticəsində biz o faciələrdən qurtulmuş olduq, amma oradakı insanların hamısı faciələr yaşadı, böyük çətinliklərlə Laçından çıxa bildilər. O zaman xalamın yoldaşı qonşu kəndin uşaqlarını su maşınının çəninə yığaraq düz Füzuliyə qədər o vəziyyətdə gətirmişdi...
Hələ 1988-ci il hadisələri zamanından ermənilərin bizə qarşı törətdikləri vəhşiliklər vahiməli şəkildə həkk olub uşaq yaddaşıma. Yadımdadır, Ağcabədiyə gedəndə, yaxud geri qayıdanda Xankəndinin içərisində erməni cavanları bizə daş atır, hədələyir, kiçik bir bəhanə axtarırdılar ki, dalaşsınlar. Buna görə də çalışırdıq ki, daha uzaq olsa da, Qubadlı yolu ilə gedib-gələk... Xocalı hadisələrindən sonra isə bu qorxumuz dəhşətlə əvəz olunmuşdu...
Birdən-birə yurdsuz-yuvasız, doğmaları pərən-pərən düşmüş bir elə, məcburi köçkünə çevrilmişdik. Artıq biz mənəvi çətinliklər, şəhid xəbərlərinin qapıları döydüyü, xəstəliklərin tüğyan etdiyi bir zamanın uşaqları idik. Oynamaq, gülmək, əylənmək yadımızdan çıxmışdı...
Zəqqutun gerçəklər, kitab vərəqindən çatılan ocaqlar və oxumaq yanğısı...
Yaşadıqları qış yatağı yayda ilan mələyən qızmar səhraydı, qışda isə şaxtası ilikləri donduran buzxana...
Qamışdan koma düzəldib, orada qalırdılar. Çörək bir yana, yoxluğundan əziyyət çəkdikləri ən vacib şey içməli su idi. 10 kilometrə yaxın məsafə qət edib oradakı artezian quyusundan su gətirərdilər. Burada yalnız içməyə və təsərrüfata yararlı olmayan acı sular vardı. Sovet dönəmində 1990-cı ilə qədər Taxtakörpü ərazisində Kür çayından motorlarla kanallara yararlı su verilərdi. Həmin ildən daha o motorlar üçün dizel yanacağı verilmədiyindən həmişə su ilə aşıb-daşan kanallar qurumuşdu. İldə bir-iki dəfə 10-15 gün kanala su vurulardı, o da Gülməmmədgilin obasına çatana qədər yanacaq bitərdi. Atasının saldığı meşə zolağı tamamilə qurumuşdu. Sağılan heyvanlar da quraqlıqda bitən yağtikan, biyan otları ilə qidalandıqları üçün südləri zəhər dadırdı...
- Ürəyim ağrıyırdı. Düşünürdüm ki, biz niyə belə yaşamalıyıq? Və anlayırdım ki, yaşadığımız çətin vəziyyətdən yalnız oxumaqla, təhsil almaqla çıxa bilərəm. Amma bilmirdim ki, bu yola necə başlayım...
Çünki məktəbimiz formal şəkildə, sənəd üzərində idi. Heç müəllimlərimiz də yox idi, hərbi xidmətə, döyüşə yollanmışdılar...
Buna görə də özüm müstəqil şəkildə oxuyub öyrənməli idim. Bizə müxtəlif kitablar yardım olunardı, isindiyimiz ocağı həmin kitabların vərəqləri ilə qalayardıq. Aralarından diqqətimi çəkən, içərisində televiziya, radio, elektrik naqillərinin şəkilləri olan fizika kitablarını isə hər zaman həvəslə vərəqləyərdim. Ta uşaqlıqdan beynimdə dünya ilə bağlı o qədər suallar var idi ki, anlamağa, cavab tapmağa çalışırdım. Bəlkə də fizik olmasaydım, ağlımı itirə bilərdim. Bu elmi ona görə sevmişəm ki, onun sayəsində dünyaya faydalı olmağın mümkünlüyünə və bunu mənim də edə biləcəyimə inanmışam...
14 yaşımda 1-ci sinfin riyaziyyat kitabını götürüb, 5-ci sinfə çatanda ona Azərbaycan dilini, ədəbiyyatını əlavə edib, müstəqil şəkildə hazırlaşmağa başladım.
Böyük qardaşım da bu üsulla hazırlaşaraq Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olmuşdu. Dərslə bağlı yaranan suallarımı qeyd edib, o, semestr tətilinə gələndə müzakirə edirdim...
Çətinliklərimdən biri də üstündə məsələ-misal həll etmək üçün kağız çatışmazlığı idi. Riyaziyyat, həndəsə, cəbr, fizika kitablarında və digər dəstəkləyici vəsaitlərdəki bütün məsələ-misalları yazılı həll edirdim, buna da kağız çatmırdı. Ona görə hər dəfə Ağcabədi bazarına gedəndə oradan ərzaq mağazalarında kartondan olan boş qutuları yığıb gətirərdik ki, üstündə yazım. Böyük qardaşım hazırlaşanda da eyni problemi bu cür həll edirdik...
Kiçik və bomboz dünyamı radiodakı uşaq verilişlərinin, bədii ədəbiyyatların sayəsində genişləndirməyə və rəngləndirməyə çalışırdım. Müxtəlif formada antenalar düzəldib o zaman yalnız Bakıda yayımlanan radio kanallarını dinləyirdim. Uşaq verilişlərinə qulaq asır, normalın necə olduğunu təsəvvür etməyə çalışırdım. Məsələn, uşaqlar deyirdi ki, hansısa bədii kitabı oxuyub, musiqiyə qulaq asıb, piano çala bilir... Artıq anlayırdım ki, insanın formalaşması üçün tək texniki sahələr kifayət deyil və buna görə qiraət, rəsm, musiqi, idman və digər bu kimi əlavə məşğuliyyətlərin də olmalıdır. Mən heç zaman bunu valideynlərimə söyləmirdim, bilirdim ki, onların bu istəkləri qarşılamağa imkanları yoxdur... Yaşadığım mühitdə bu anlayışların olması mümkün deyildi...
Bütün Ağcabədiyə xəbər yayıldı ki...
Beləcə aylar dolanır, illər keçirdi və bir gün... Bütün Ağcabədiyə xəbər yayıldı ki, Taxtakörpü qışlağından bir oğlan məktəb, müəllim olmadan özü hazırlaşaraq rayon üzrə ən yüksək balla BDU-nun Fizika fakültəsinə qəbul olub. Gülməmməd və ailəsini isə sevinclə yanaşı, onun harada qalacağı, maddi ehtiyaclarının necə ödəniləcəyi ilə bağlı qayğılar da bürümüşdü, amma təhsil alana dəstək olmaq bu ailənin təməl dəyərlərindən idi...
- Kəndimiz ucqar dağ kəndi olsa da, orada cahillik olmayıb, hər zaman təhsilə, oxumağa böyük önəm veriblər. Məsələn, XX əsrin əvvəllərində belə kəndlərimizdən işıqlı insanlar çıxırdı. Fəxr edəcəyimiz şəxsiyyətlərdən Nurməmməd bəy Adilxan bəy oğlu AXC-nin, Dağlılar Respublikasının maarif naziri, Xosrov bəy Sultanov isə Qarabağ və Zəngəzur mahalının qubernatoru, müdafiə naziri olub. Bunlar barədə hər zaman atam da bizə danışırdı və təhsilin mühüm olduğunu hələ uşaqlıqdan dərk edirdik.
Babamın riyazi biliyi olduğuna görə kəndin hesabdarı imiş, amma təəssüf ki, müharibəyə gedib qayıtmamışdı və atamgil yetim böyümüşdü.
Elə atam da nənəmin və anamın dəstəyi ilə 40 yaşında Ağdam Kənd təsərrüfatı Texnikumunda aqronomluq oxumuşdu. Həmin illərdə azyaşlı uşaqlara baxmaq, təsərrüfatın bütün yükünü çəkmək isə böyüklü-kiçikli bütün ailənin öhdəsinə düşmüşdü...
Laçından sonra ilk dəfə parta arxasına 17 yaşımda əyləşdim...
-
Laçından sonra ilk dəfə parta arxa
sına 17 yaşımda universitetdə əyləşdim. Özümü çox xırda hiss etmişdim orada. İnanmağım gəlməmişdi ki, mən həqiqətənmi buna nail olmuşam?!
Bakıda yaşamağım üçün bir yer lazım idi, ailənin maddi durumu kirayə ev tutmağa imkan vermirdi, düşündük və qardaşımla Şıxov daş karxanasına getdik. Oradan pulsuz olaraq lazımsız daşlardan yığdıq. Badamdarda zibilliyin ortasında bir otaq tikdik, ilk ili əşyasız, suvaqsız, daha sonra isə hissə-hissə təmir edərək, baş verən yanğınadək iki il yarım orada yaşadım. Yanğından sonra 2 il ərzində yenidən evi təmir edənədək bir müddət evin yaxınlığında həmin vaxt istifadəsiz olan bir vaqonda, daha sonra isə ailəli və bir övladı olan böyük qardaşımın təkotaqlı evinin üç metrlik zirzəmisində qalmalı oldum. Tələbə olduğum vaxt rayonda üç qardaşım, üç bacım və valideynlərim qalmışdı. Onların ailə büdcəsindən hər ay yığdıqları minimal məbləğlə dolanırdım. III və IV kursda bir abituriyentə də dərs verir, maddi ehtiyacımı ödəməyə çalışırdım. Bu pul faktiki yolpulu, minimal qida və dəftər-qələmə güclə çatırdı. Rayonda qalan ailəmin də vəziyyəti maddi olaraq çox çətin idi. Soyuq aylarda geyinməyə isti paltar almağım üçün onlar, sözün əsl mənasında, səfərbər olub pul yığırdılar. O qədər olurdu ki, ayaqqabım cırılanda özüm tikirdim... Mən III kursda oxuyanda rayonda nəmişlikdən, soyuqdan, zəif qidalanmadan ailə üzvlərimin demək olar hamısı ağır xəstəlik keçirdi. Balaca qardaşımın, bir bacımın vəziyyəti isə daha ağır idi. Nəyimiz vardı həkimlərə, dərmana verirdilər. Çox dəhşətli və ümidsiz vaxtlar idi. Xatırlayıram, ayın başı çatmışdı, qardaşım mənə pul göndərə bilməmişdi. Demək olar ki, heç bir qida qəbul etmədən keçinmiş, universitetə piyada gedib-gəlmişdim. Utandığım, üzüm gəlmədiyi üçün də heç kəsdən kömək istəmirdim. Nəhayət, 3 gündən sonra qardaşım rayondan gələn taksilərdən biri vasitəsilə mənə pul göndərmişdi...
Digər tələbələr kimi nə geyinə,
nə gəzə, nə də əylənə bilirdim. Bunlar mənə
çox yad olub. Amma nəfsimi həmişə imkanlara
uyğun cilovlamışam. Atam bizi
gözü tox böyüdüb. Ona
görə maddiyyat baxımından demək olar heç nəyimiz
olmasa da, onun yoxluğunu hiss etməmişik. İdealist olmuşuq. Mənəviyyata, ali insani dəyərlərə köklənmişik.
Bəlkə də hər şey torpaqlarımızın
yoxluğunun kölgəsində qalıbmış, bilmirəm...
Təşəkkür
məktubu və ağlayan ata...
Gülməmməd
Məmmədov ali məktəbdə də
istedadı və biliyi ilə seçilənlərdən olur.
Hələ universitetin ikinci semestrində Ulu Öndər Heydər
Əliyevin 80 illik yubileyinə həsr olunmuş ali məktəb tələbələrinin IX
Respublika Olimpiadasında fizika fənni üzrə I yerə
layiq görülür. 2005-ci ildə Bakı
Dövlət Universitetinin bakalavr pilləsini fərqlənmə
diplomu ilə bitirir. Məzun günü yüksək təhsil
göstəricilərinə və ictimai fəallığına
görə Fizika fakültəsinin ən yaxşı tələbəsi
kimi fəxri fərmanla təltif edilir, BDU-dan valideynlərinə
təşəkkür məktubu da göndərilir...
- Çətinliklərə rəğmən yoluma davam edirdim. Ətrafımdakılar o yolun sonunda işıq görmürdü, amma mənə elə gəlirdi ki, var. Hər şeyi ən yaxşı formada öyrənib insanlıq üçün faydalı nə isə etmək istəyirdim və bunun fizika ilə mümkün olduğuna əmin idim. Yəni idealımı o qədər yüksəyə qoymuşdum. Elə onun sayəsində də inanılmaz maneələr keçə bilmişəm. Düşdüyüm mühitlərdə nəzərəçarpmayan bir zərrə olmuşam, amma özümə demişəm ki, mütləq bu mühitdə parlamalıyam. Bu isə eqoizm, şöhrət məsələsi deyildi...
Hələ tələbəykən - 3-cü
kursda Rusiyanın Nəzəri və Təcrübi Fizika
İnstitutunun (ITEP) professoru Emil Əhmədovun AMEA-nın
Fizika İnstitutunda Landaunun nəzəri fizika kursu üzrə
keçirdiyi seminarlarda iştirak etdim. Deyərdim ki, bu mənin
həyatımda bir dönüş nöqtəsi oldu. Professor koordinatlarımı götürdü. Dedi ki, ingilis dilini öyrən,
rəy yazım, get xaricdə oxu. Əlaçı təqaüdümü
verərək 9 ay bir ingilis dili müəllimi ilə
hazırlaşdım. İtaliyada Abdus Salam adına Beynəlxalq
Nəzəri Fizika Mərkəzinin inkişaf etməkdə
olan ölkələrdən seçdiyi on tələbədən
biri kimi birillik pre-doktoral təhsil proqramına dəvət
aldım. 2007-ci ildə isə ABŞ-ın Nyu York
ştatında yerləşən Sirakuz Universitetinə təqaüd
qazandım...
İtaliyaya təhsil üçün getdiyim zaman
heç ailəm də bilmirdi ki, hara gedirəm. Sadəcə
olaraq sənədlərimi yığıb bir zərfə
qoydum və gizlincə qardaşımın yoldaşına
verdim. Dedim bunu saxlayarsınız, əgər məndən
bir xəbər olmasa, Xarici İşlər Nazirliyinə verərsiniz,
onlar maraqlanar. Məni yola salmaq üçün atam Bakıya
gəlmişdi, yalnız o zaman ilk dəfə idi ki, onun
ağladığını görürdüm...
Vətənə dönüş bileti...
10 illik bir zaman dilimində ABŞ-da yüksək pedaqoji fəaliyyətlə yanaşı, Azərbaycan mədəniyyətini, həmçinin ermənilərin ölkəmizə qarşı təcavüzünü əks etdirən təbliğat xarakterli tədbirlər də keçirərək, orada “Xocalıya ədalət!” kampaniyasında fəal iştirak edir. Dəfələrlə Sirakuz şəhərinin yüksək vəzifəli şəxsləri, Konqres təmsilçiləri ilə görüşlər keçirərək Azərbaycan həqiqətlərini onlara çatdırır...
Amma hər zaman da fikri, düşüncəsi, Azərbaycanda
olub. Və elə
bu səbəbdən də oradakı dostlarına, elmi rəhbərinə
belə demədən 2016-cı ilin bir yay günündə qəti
qərarını verərək vətənə
dönüş bileti alır...
-
Dünyanın ən nüfuzlu universitetlərində
oxumuşam, işləmişəm, tanınmış alimlərlə
ünsiyyətdə olmuş, bəziləri ilə birlikdə
çalışmışam. İstəsəydim
orada fəaliyyətimi davam etdirə bilərdim. Ancaq Vətənə bağlılığım mənim
doğma ölkəmə qayıtmağıma səbəb
oldu. Düşünürəm ki, öz
ölkəmdə daha çox lazımam. Fəaliyyətimi
tək tədqiqat və tədrislə məhdudlaşdırmaq
istəmirəm. Azərbaycanda uğurla gedən təhsil
islahatlarına öz töhfəmi vermək, bu sahənin
inkişafında yaxından iştirak etmək, illər ərzində
qazandığım təcrübəni həmkarlarımla
paylaşmaq istəyirəm...
Heç zaman arzu etmərəm ki, hansısa bir uşaq mənim
yaşadıqlarımı yaşasın. Mənim kimi minlərlə
məcburi köçkün uşağının xoşbəxt
böyümək imkanı, haqqı əlindən
alınıb...
Gedib Camalyurdundakı çırağımızı yandıracam
Müsahibəmiz
bu cür bədbin tonlarla bitirdi...
Amma sən
demə, milyonlarla qaçqınımızın,
köçkünümüzün haqq dualarının yerinə
yetməsinə çox az, sayılı
günlər qalıbmış...
Qarabağımıza
qovuşmağımız an məsələsi imiş...
Və
Laçın həsrətli bu yazının sonunda
Laçının azadlığının, 28 ildən sonra
Laçına qovuşmağın necə sevincli, qürurlu,
fəxarətli bir hiss olduğunu bölüşmək kimi
xoşbəxt bir qisməti də var imiş Gülməmməd
müəllimin...
- Sözlərlə
ifadə edilə bilməyəcək hisslər keçirirəm.
Vətən müharibəmizin qələbə xəbərindən
çox az müddət keçməsinə
baxmayaraq, hələ də bunun real olduğuna
özümü inandırmağa çalışıram. Yuxu kimi bir hissdir. Görünür
kəndimizi gedib öz gözlərimlə görənədək
bu belə olacaq. Hər gün kəndimizə
nə vaxt və ilk olaraq haralara gedəcəyimi
düşünürəm. Peyk şəkillərindən
görə bildiyim üçün kənddəki evimiz talan
edilərək tamamən dağıdılıb. Amma Camalyurdundakı damımızın üstü
otla örtüldüyündən peyk şəkillərindən
necə vəziyyətdə olduğunu ayırd etmək olmur.
Ümidliyəm ki, həm ot
örtüyünə görə, həm də ora
maşın yolu olmadığından diqqətdən kənar
qalıb və ermənilər onu dağıtmayıb. Ona görə ilk getmək istədiyim yerlərdən
biri elə uşaqlıq xatirələrimdə ən çox
qalmış Camalyurdundakı damımızdır.
Oranı tərk edərkən bir gün geri dönəcəyimiz
ümidi ilə qardaşım
çırağımızın şüşəsini təmizləyərək
damın taxçasına qoyubmuş. Gedib onu yenidən
yandırmaq istəyirəm. O çırağın
yanması, sanki mənə dədə-baba
torpaqlarımızın həsrəti ilə itirdiyimiz illəri,
yarım qalan xoşbəxt uşaqlığımı geri verəcək.
Bu qələbə yalnız
torpaqlarımızın bütövlüyünü deyil,
taleyi ikiyə bölünmüş minlərlə məcburi
köçkünün həyatda itirilmiş ümidlərinin
yenidən qazanılmasını, bütünləşmiş
həyatlarına geri dönüşünü təmin edəcək.
Bu hissləri bizə yaşatdığı
üçün Ali Baş Komandan cənab İlham Əliyevə
və döyüş meydanında böyük qəhrəmanlıq
göstərmiş şanlı Ordumuzun hər bir əsgər
və zabitinə sonsuz minnətdaram. Vətən uğrunda
canından keçmiş şəhidlərimizin ruhları
qarşısında baş əyir, onlara Allahdan rəhmət,
yaralılarımıza isə şəfalar diləyirəm.
Elə bu
da haqqın və ədalətin zəfəridir ki, düz 28
il əvvəl uşaqlığı əlindən alınaraq
yurdundan didərgin salınan məğlub Azərbaycanın
balaca vətəndaşı Gülməmməd indi ana Vətəni
Laçına qüdrətli və qalib Azərbaycanın fəxarətli
alimi kimi qayıdır...
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2021.- 23 yanvar.- S.6.