İki qardaş - iki əsgər

 

 

 

Mərufov Şəhriyar Xanlar oğlu 1995-ci ildə Ojakəran kəndində anadan olmuşdur. 2014-cü ildə həqiqi hərbi xidmətə yollanan Şəhriyar 2015-ci ildən Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir.

 

1993-cü il təvəllüdlü qardaşı Ağalar Mərufov da həqiqi hərbi xidməti başa vurduqdan sonra 2018-ci ildən Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində müddətdən artıq hərbi qulluqda qalmışdır.

 

Vətən müharibəsi başlanan ilk gündən hər iki qardaş Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və Ermənistanın təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatlarında iştirak etmiş, bir çox yaşayış məntəqələrimizin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişlər. Şəhriyar Şuşa şəhəri uğrunda döyüşlərdə ağır yaralanmış, Ağalar isə sonadək döyüşlərdə iştirak etmişdir.

 

Bu günlər Astara rayon rəhbərliyi Mərufovlar ailəsini ziyarət etmişdir. Qəhrəman döyüşçülərin atası Xanlar Mərufov və anası Rəşxəndə xanım oğlanlarının tarixi qələbənin qazanılmasındakı xidmətlərindən qürur duyduqlarını bildirmiş, övladlarına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq etmişlər.

 

Mərufovlar ailəsinə ləyaqətli, vətənpərvər övladlar böyütdüyünə görə minnətdarlıq edən rayon rəhbərliyi igid döyüşçü Şəhriyara tezliklə sağlamlığına qovuşmağı arzulamışdır. Qeyd edilmişdir ki, 44 günlük azadlıq savaşında ordumuz onlar kimi oğulların sayəsində tarixi qələbə qazanmışdır.

 

 

Seyran CAVADOV,

Azərbaycan.-2021.- 23 yanvar.- S.7.