Vətən müharibəsində iki dəfə yaralanan qazi

 

2020-ci il sentyabr ayının 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimizin şəxsi heyətinin tərkibində tovuzlu hərbi qulluqçular da döyüş əməliyyatlarında fəal iştirak etmiş və hərbi qulluq vəzifələrini şərəflə yerinə yetirmişlər.

 

Rayonun Aşağı Mülkülü kənd sakini Abbasov Ülvi Alik oğlu belə döyüşlərdə iki dəfə yaralanmışdır. O, 2000-ci ildə anadan olmuş, kənd tam orta məktəbində təhsil almış, 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş və hərbi biliklərə mükəmməl yiyələnmişdir. Tovuz döyüşləri zamanı könüllü olaraq ordu sıralarına getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlər Xidmətinin rayon şöbəsinə müraciət edən Ülvi 2020-ci ilin sentyabr ayında hərbi xidmətə yollanmışdır. O, Ağdərə istiqamətində Suqovuşan və Talış kəndlərinin işğaldan azad olunması əməliyyatlarında iştirak etmişdir. Ülvi Abbasov döyüşlərin birində yaralanmasına baxmayaraq, qısa müddətdə sağlamlığını bərpa edərək yenidən döyüşlərə qatılmışdır. O, Suqovuşan uğrunda gedən döyüşlərdə təkrar yaralanmış və hərbi hospitalda müalicə olunmuşdur. Hazırda ev şəraitində müalicəsini davam etdirir.

 

Bu günlər rayon rəhbərliyi Aşağı Mülkülü kəndində Ülvi Abbasovu ziyarət etmişdir. Qazi keçdiyi döyüş yolundan, orduda olan böyük ruh yüksəkliyindən, vətənpərvərlik hisslərindən, Ali Baş Komandana sonsuz inamdan danışmış, Vətən müharibəsində sağlamlığını qismən itirmiş döyüşçülərə göstərilən dövlət qayğısından razılığını bildirmişdir.

 

Rayon rəhbərliyi Ülvi Abbasovun sağlamlıq durumu və ailənin qayğıları ilə maraqlanmışdır. Rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin tərkibində hərbi qulluq vəzifələrini şərəflə yerinə yetirmiş qaziyə bundan sonra da diqqət yetiriləcəyi bildirilmişdir.

 

 

 

 Sabir ƏLİYEV,

Azərbaycan.-2021.- 23 yanvar.- S.7.