44 günün zəfər təntənəsi

 

İşğaldan azad edilən torpaqlarımızda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanında qürurla dalğalandırıldı

 

 

 

2020-ci il Azərbaycan xalqının ən qürurlu, ən parlaq zəfər ili kimi, bəşər var olduqca xatırlanacaq əbədi qələbə imzası atdığı möhtəşəm tarix oldu. Ötən ilin son baharı odlar diyarına nurla qədəm qoydu və illərlə həsrətində olduğumuz yurd nisgilini, Qarabağ həsrətini bir andaca bitirdi. Çox şanlı, qürurlu günlər yaşadıq, zəfərlər qeyd etdik. Həmin təntənəli günlərdən biri isə Azadlıq meydanında baş tutan 10 dekabr Zəfər paradı idi.

 

“2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.

 

2018-ci il iyunun 26-da Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paraddakı nitqini bu fikirlərlə yekunlaşdırmışdı...

 

Və üzərindən cəmi iki il yarım keçəndən sonra, 2020-ci ilin 10 dekabrında keçirilən Qələbə Paradında Azərbaycan xalqı Azadlıq meydanında o böyük anın şahidi oldu. Silahlı Qüvvələrimizin şəxsi heyəti Dövlət bayrağımız və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında gözlərimiz önündən fəxrlə ötüb keçdi. Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqları Azadlıq meydanında vüqarla dalğalandırıldı.

 

Vətən müharibəsində müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq və şücaət göstərərək xalqımıza Böyük Qələbə sevinci yaşadan, 30 illik Qarabağ nisgilinə son qoyan  rəşadətli ordumuzun qalib əsgər və zabit heyəti möhtəşəm “Azərbaycan fanfarasının” qələbə sədaları altında qürurla addımladılar...

 

 

 

Azərbaycanın müstəqillik tarixindəki ilk Zəfər paradı

 

 

 

Azadlıq meydanı hələ bugünə qədər belə möhtəşəm məqam yaşamamışdı. Düzdür, indiyə qədər bu meydanda çox tədbirlər, paradlar baş tutmuş, ölkənin müstəqilliyi uğrunda mitinqlər, yürüşlər keçirilmişdi. Ancaq indi Azadlıq meydanı tamam başqa bir əhvalda, coşqudaydı. Azərbaycan müstəqillik tarixindəki ilk Zəfər paradını keçirirdi.

 

Bu parad haqq savaşımızın qalibiyyətinə həsr olunmuşdu. Bu paradda bütün dünya bir dahaQarabağ Azərbaycandır!” haqq nidasının hayqırtısına qulaq vermişdi...

 

Əslində, Azərbaycan xalqı Zəfər paradına qədər uzun yol qət etmiş, illər ərzində görülən məqsədyönlü işlər, keçilən yol nəticəsində indiki sevincli məqama yetmişdi. Xüsusilə Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının, milli birliyi və həmrəyliyi dəstəkləyən uğurlu siyasətinin məntiqi bəhrəsi olaraq uzun zamandır həsrətində olduğumuz qələbə şadyanalığını yaşayır, ürəyimizdəki yurd nisgilini birdəfəlik silirdik.

 

Müzəffər Ali Baş Komandanın qətiyyətli və uzaqgörən siyasəti, ordumuzdakı ruh yüksəkliyi, torpaqlarımızın bir qarışını belə düşmənə verməyəcək əzmdə olması cəbhədəki uğurlarımızın rəhni idi.

 

Əslində, şanlı ordumuz bu tarixi günə 2016-cı ilinAprel döyüşlərində”, 2018-ci ilin may ayında “Günnüt əməliyyatı”nda start vermişdi. Ötən ilin Tovuz, həmçinin avqust təxribatlarında da təcavüzkarlara layiqli cavab vermiş, yerinə otuzdurmuşdu.

 

Amma törətdiyi təxribatlar zamanı aldığı layiqli cavablardan dərs çıxarmağı bacarmayan Ermənistan 2020-ci ilin 27 sentyabrında yenidən Azərbaycanın sərhədində təxribat törətməyə, mülki əhalini hədəfə almağa başladı. İdbar əməlləri ilə özlərinin çirkin planlarını həyata keçirmək üçün ağılsız və uğursuz bir cəhd etdi. Və elə bu ağılsız cəhdləri ilə də həm siyasi müstəvidə, həm beynəlxalq arenada, həm də hərb meydanında məğlubiyyətlərinin altına böyük bir imza atdı.

 

 

 

Vətən uğrunda irəli!

 

 

 

 Ali Baş Komandanın vətən uğrunda “İrəli” əmri ilə on minlərlə gəncimiz öz ata-baba yurdlarının harayına hay verdi. İgidlərimiz silaha sarılaraq mənfur düşmənə həddini bildirməyə tələsdilər.

 

Azərbaycan Ordusu bu şanlı 44 gün ərzində hər gün irəli getdi, hər gün tarix yazdı.

 

Qarabağ uğrunda döyüşən hünərli oğullarımızın hər birinin müqəddəs amalı qələbəni təmin etmədən geri dönməmək, bu yolda son damla qanlarınadək vuruşub düşməni darmadağın etmək idi.

 

And içmişdilər, öldü vardı, döndü yox!

 

Daim irəli atıldılar, sıldırımlar aşdılar, silah işlətmək mümkün olmayanda belə, yalın əllə düşmənin nəfəsini kəsdilər, yaralansalar da döyüşməkdən vaz keçmədilər, mənfurları diz çökdürdülər, dəmir yumruqlarının zərbəsi ilə erməni silahlılarını  məhv etdilər.

 

Bir həmləsi ilə düşmənin murdar ayağını qarış-qarış torpağımızdan çıxarıb atan igid əsgərlərimiz xalqımıza hər gün zəfər müjdəsi verməyə, haqqın, ədalətin rəmzi olan Azərbaycanın üçrəngli müqəddəs bayrağını vətən torpağında, zirvələrimizdə dalğalandırmağa başladılar...

 

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Hadrut qəsəbələri, Xocalının və Kəlbəcərin bir hissəsi, Murovdağ silsiləsi, Laçının cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi. Noyabrın 8-də Şuşa şəhərinin azad edilərək orada Azərbaycan bayrağının qaldırılması ilə şanlı müharibəmizə yekun vuruldu. Bu tarixi hadisə ilə düşmənin beli qırıldı, təslim olmağa məcbur qaldı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan təmizləndi. Beləliklə də, düşmən ən müasir silahlarla təmin olunmuş qəhrəman Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyib təslim oldu və noyabrın 10-da təslimçilik bəyanatını imzaladı.

 

10 noyabr tarixi qələbəsindən düz bir ay sonra, dekabrın 10-da isə Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı keçirildi.

 

Vurğulamalıyıq ki, Zəfər paradının məhz 10 dekabr tarixinə təyin olunmasının da öz dərin mənası var idi. Belə ki, sözügedən tarix Dağlıq Qarabağdakı qondarma separatçı rejim üçün simvolik önəm daşıyırdı. 1991-ci ilin bu günündə Qarabağda dırnaqarası referendum keçirilmişdi və Dağlıq Qarabağın azərbaycanlı əhalisinin iştirak etmədiyi “referendumda” ermənilər “müstəqillik” elan etmişdilər. İndi isə Azərbaycan dünya ermənilərinin hər il xüsusi təmtəraqla qeyd etdiyi bu tarixdə Qələbə paradı keçirməklə həm Ermənistana, həm də onun xarici himayədarlarına bir daha bəyan etdi ki, Qarabağ Azərbaycandır və bu, dünya durduqca belə olacaq.

 

 

 

Xalqımız ona bu qələbəni yaşadan qəhrəman oğullarına fəxarətlə tamaşa etdi

 

 

 

10 dekabrda Azadlıq meydanında Azərbaycan xalqı ona bu qələbəni yaşadan qəhrəman oğullarına yaxından tamaşa etdi, onlarla qürurlandı, hər birinə minnətdarlıq duydu.

 

Sıra-sıra, cərgə-cərgə qələbə əzmiylə addımlayan qartal baxışlı igidlərimiz gözlərimizin önündən keçib getdikcə, sanki biz də 30 illik o zülməti yararaq, onlarla bərabər işıqlı sabahlara irəlilədik. Xocalının qisasının alındığı, günahsız insanlarımızın, körpələrimizin qanının yerdə qalmadığı üçün mənəvi dinclik hiss etdik...

 

Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ruhunun şad olduğunu duyduq...

 

Zəfər paradında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etdilər.

 

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raketartilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin bir qisminin nümayişi oldu.

 

Vətən müharibəsində Qələbənin əldə edilməsində çox mühüm rol oynayan puaların, xüsusilə “İti qovan”ın (“Orbiter-1KM”) nümayişi hər birimizə xüsusi zövq verdi, onların həqiqətən də işğalçını torpaqlarımızdan iti qovan kimi qovma görüntüləri bir daha gözlərimiz önünə gəldi.

 

Zəfər paradında “Su-25” hücumhava dəstək təyyarələr qrupunun səmada Azərbaycanın Dövlət bayrağının təsvirini yaratması qəlblərimizi riqqətə gətirdi, üçrəngli şanlı bayrağımızın daim yüksəklərdə dalğalanacağını təcəssüm etdirdi.

 

Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qismi gətirildi. Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan kompozisiya paradda nümayiş olundu. Dağlıq Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu kompozisiyanın üzərinə həkk olunanQarabağ Azərbaycandır!” şüarı ilə bir daha bəyan edildi. igid oğullarımızın darmadağın etdiyi düşmən texnikalarını seyr etmək bir başqa coşqu yaşatdı hər birimizə, Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi. Cənab Prezident İlham Əliyevin Zəfər paradında vurğuladığı kimi: “...Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu, demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.

 

 

 

Düşmən Azərbaycanın qalib Ordusunun dəmir yumruğunu bir daha başında hiss etdi...

 

 

 

Mənfur düşmən indiyə qədər keçirilən hərbi paradlarda Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu, gücünü, qüdrətini seyr edib görmüşdü. Dekabrın 10-da isə cəmi 44 gün ərzində qarşısında diz çökdüyü, həmlələrinə boyun əydiyi qalib Azərbaycanın müzəffər Ordusunun Azadlıq meydanında qürurla  addımlamasına canına düşən ömürlük vahimə ilə bir daha baxdı, bu ordunun dəmir yumruğunu bir daha başında hiss etdi...

 

Eyni zamanda işğalçı Ermənistanla yanaşı ona havadarlıq edən dövlətlər də Azərbaycan Ordusunun gücünün şahidi oldu. Haqq davasında çıxdıqları yolda onları heç bir gücün dayandıra bilməyəcəyinə bir daha vaqif oldu.

 

Xalq-Dövlət-Ordu birliyi işğalçı üzərində əbədi qələbənin möhürünü vurdu, bu birlik Vətən müharibəmizi qalibiyyətlə taclandırdı, haqq zəfər çaldı.

 

Müzəffər sərkərdəmiz İlham Əliyevin də Zəfər paradında qürurla vurğuladığı kimi, Azərbaycan tarixi ədaləti bərpa etdi: “Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”.

 

Bəli, 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının edə bilmədiklərini Azərbaycan Ordusu cəmi 44 günə həyata keçirdi. İllərdir işğalda qalan torpaqlarını azad etdi, yüz minlərlə köçkününün ürəyindən Vətən nisgilini söküb atdı. Hər birimizə Azərbaycan tarixinin ən şanlı günlərinin şahidi olmaq kimi bəxtəvər ömür, bütöv Azərbaycan ərməğan etdi.

 

 Yasəmən MUSAYEVA,

Azərbaycan.-2021.- 24 yanvar.- S.1;4.