Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə
çıxarmalıdır
Azərbaycan, Rusiya
və Ermənistanın dövlət
başçılarının Moskvada keçirdiyi üçtərəfli görüşdə bu məsələ diqqət mərkəzində
oldu
Azərbaycanın tarixi və əzəli torpaqlarının Ermənistanın təcavüzkar siyasəti ilə işğalının 28 ildən sonra başa çatması yalnız Cənubi Qafqazın deyil, əslində dünya düzənində təhlükəsizliyin təminatında mühüm məsələlərdən biri hesab edilir.
Baxmayaraq ki, 1994-cü ildə Ermənistan-Azərbaycan arasındakı münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu yaradılmışdı, onlar müharibə sona çatanadək məsələnin həllində bir addım belə irəli gedə bilməmişdilər. Bunlar azmış kimi, üstəlik, daim münaqişə tərəflərini kompromisə dəvət edirdilər ki, bu da təcavüzə məruz qalanla işğalçını bir-birindən fərqləndirməmək qədər təhlükəli, ikili standart siyasəti demək idi.
Əraziləri işğala məruz qalan Azərbaycan dəfələrlə regiona səfər edən bu “üçlük” qarşısında məsələni ciddi şəkildə qaldırsa da, belə bir beynəlxalq qurum sanki dünya erməni lobbisinin təsiri altında olması təəssüratı yaradırdı.
Bu “fəaliyyət” BMT Təhlükəsizlik Şurasında da müşahidə edilirdi. Təşkilatın 1993-cü il aprel ayının əvvəllərində Kəlbəcərin işğalı ilə əlaqədar qəbul etdiyi 822 nömrəli qətnamənin təcavüzkar Ermənistan tərəfindən saya salınmaması münaqişənin daha da dərinləşməsinə, sonra Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarının da işğalına zəmin yaratdı. BMT TŞ bundan sonra Azərbaycanın yuxarıda adlarını çəkdiyimiz rayonlarının işğalında illərlə kağız üzərində qalan daha üç qətnamə qəbul etdi. Bu gün də təəssüf hissi ilə qeyd edilir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində beynəlxalq təşkilatlar ya birbaşa təcavüzkarı dəstəklədilər, ya da dolayısı ilə loyal münasibət sərgilədilər. Avropada nüfuzu ilə seçilən bəzi dövlətlərin erməni lobbisinin təsirindən çıxa bilməmələri, münaqişənin ötən il sentyabrın 27-dən ikinci mərhələyə - müharibəyə keçməsi zamanı özünü daha qabarıq şəkildə göstərdi.
“Dəmir yumruq” problemi həll edə bilərmiş
Azərbaycan Prezidenti münaqişə
dövründə beynəlxalq
tədbirlərdə dəfələrlə
bəyan etmişdi ki, bu məsələnin
həlli yolu var, o da sülh
danışıqlarına səmimiyyətdən
keçir.
Ermənistan hər dəfə sülh danışıqlarını
pozur və beləliklə də onun alternativ yolu qaçılmaz olurdu. Beynəlxalq təşkilatlar sülh vasitəsilə məsələnin həllini
dəfələrlə bəyan
etsələr də, Ermənistanın iki ildən bir dəyişən rəhbərliyi
tamamilə bunun əksini nümayiş etdirirdi. Nəticə
özünü ötən
ilin noyabr ayının 10-da imzalanan kapitulyasiya aktında göstərdi: münaqişə
sülh yolu ilə həll edilmədikdə “dəmir
yumruq” məsələni
bitirdi.
44 günlük Vətən
müharibəsi Azərbaycanın
haqq yolunda olduğunu təsdiqlədi. Azərbaycan, Rusiya və Ermənistanın rəhbərlərinin
noyabrın 10-da imzaladığı
sülh sazişinə
əsasən, münaqişə
və sonrakı mərhələsi olan Vətən müharibəsi
zəfərimizlə sona
çatdı. Təcavüzkar Ermınistan bu müharibədə verdiyi
hərtərəfli itkiyə
görə diz çöküb, aman dilədi. Rusiyanı
köməyə çağırdı
və beləliklə,
Qafqazda dinclik və əmin-amanlıq xatirinə Ermənistanın
yalvarışları nəzərə
alındı: müharibə
bitdi.
Müharibəyə son qoyan (baxmayaraq ki, erməni silahlı quldur dəstələri həmin
saziş imzalandıqdan
sonra da Qarabağda bir neçə dəfə təxribat törətməyə
çalışdı və
layiq olduğu cavabı aldı) sənədin bəzi bəndlərinin icrası
ilə bağlı Moskvada Rusiya Prezidenti V.Putinin təşəbbüsü ilə
keçirilən üçtərəfli
görüşdə bəzi
məsələlərə aydınlıq gətirildi.
48 mindən çox erməni Dağlıq Qarabağa qayıdıb
Rusiya Prezidenti Azərbaycan və Ermənistanın rəhbərlərini atəşkəsə
ciddi əməl edilməsi ilə bağlı təşəkkürünü
bildirdikdən sonra yeni mərhələnin, dinc quruculuq və nəqliyyat-kommunikasiyaların
bərpası ilə bağlı olduğunu deyərək diqqəti ona çəkdi ki, 48 mindən çox köçkün
və qaçqın artıq Dağlıq Qarabağa qayıdıb. İnfrastruktur, energetika, yaşayış binaları,
sosial infrastrukturun bərpası üçün
davamlı iş aparılır. Ona görə də bugünkü görüşü
son dərəcə vacib
və faydalı hesab edirəm: “...Çünki razılığa
gələ bildik və bölgədəki vəziyyətin inkişafına
dair birgə bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması,
infrastruktur layihələrinin
inkişafı üzrə
konkret addımları
nəzərdə tuturam.
Bu məqsədlə üç
hökumətin - Azərbaycan,
Ermənistan və Rusiya baş nazirləri müavinlərinin
rəhbərlik edəcəyi
işçi qrupu yaradılacaq. Yaxın zamanda onlar işçi ekspert alt qrupları yaradacaq, regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı
üzrə konkret planlar təqdim edəcəklər”.
Rusiya Prezidenti əmin olduğunu da gizlətmədi ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına və heç şübhəsiz,
bütövlükdə regiona
da fayda verəcək.
Noyabrın 10-da bəyanatı imzalamış hər üç ölkənin liderlərinin Moskvada toplaşması onu göstərir ki, nəticə əldə etmək, sentyabrdan noyabraadək baş vermiş hadisələrə
yekun vurmaq vaxtı çatıb.
Azərbaycan Prezidenti İlham Əliyev onu da vurğuladı ki, bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir: “...Ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”.
Ermənistan nəticə çıxarmasa, böyük problemlərlə üzləşəcək
10 noyabr tarixli birgə bəyanatın uğurla həyata keçirildiyini bildirən dövlət başçısı onu da vurğuladı ki, həmin sənədin bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə aparır və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar isə əminlik yaradır ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə çalışmaq, regiondakı mövcud sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik.
Moskva görüşündə fikrini dəqiq ifadə edə bilməyən Paşinyanın düşdüyü vəziyyət onun Ermənistandakı hakimiyyət böhranını açıq şəkildə təsdiqləyirdi. “Nala-mıxa vuran” Ermənistanın baş naziri sözünün əvvəlində “Dağlıq Qarabağın statusu” məsələsinin həll olunmamasından əndişələnməsini dilə gətirməsi də, təbii ki, onun hakimiyyətinin laxlamasından irəli gəlir. Bu şaşqınlıq onun görüşdəki davranış və hərəkətlərində də özünü açıq-aşkar büruzə verirdi. O, unuda bilməzdi ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan da öncə Dağlıq Qarabağ və onun hər hansı bir statusu “cəhənnəmə getdi!”
İndi Ermənistanın yeganə yolu Azərbaycanın humanist siyasətindən nəticə çıxarmaqdır. Bundan sonra ermənilər təxribatçı addımlar atmamalıdır. Əks təqdirdə, bunun cavabı sərt olacaq, Ermənistan böyük problemlə üzləşəcək.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2021.- 24 yanvar.- S.1;4.