Ermənistan həlli çətin olan problemlərlə baş-başa qalıb
Ermənistanda iki aydan çoxdur
davam edən siyasi böhran gündən-günə daha
da kəskinləşir. Bu həm də sosial-iqtisadi müstəvidə
vəziyyətin pisləşməsinə
səbəb olub. Müharibədəki məğlubiyyət və pandemiya fonunda əhalinin maddi rifahının pisləşməsi, iqtisadiyyatın
tənəzzülü Ermənistana
sonu görünməyən
ağır günlər
vəd edir. Proseslərin gedişatı
göstərir ki, bu dövlətin üzləşdiyi problemlərdən
xilas ola
bilməsi mümkünsüzdür.
10 noyabr kapitulyasiyasından sonra müxalifət partiyaları baş nazir Nikol Paşinyanı
hakimiyyətdən uzaqlaşdırmaq
üçün birləşsə
də, hələ ki heç bir
nəticəyə nail ola bilməyiblər. Erməni politoloqlarının fikrincə,
bu ondan xəbər verir ki, hələlik Ermənistanda baş naziri istefaya məcbur edə biləcək qüvvə
mövcud deyil.
Paşinyan hakimiyyətdən getmək
fikrində olmasa da, etiraz aksiyalarından
sonra 2021-ci ildə növbədənkənar parlament
seçkilərinin keçirilməsini
müxalifətə təklif
edib. Müxalifət isə
seçkilərin ancaq
Paşinyanın istefasından
sonra mümkün ola biləcəyini
deyir. Yerevandakı Qafqaz İnstitutunun
rəhbəri, politoloq
Aleksandr İsgəndəryan
mətbuata açıqlamasında
deyir ki, növbədənkənar seçkilər
məsələsində müxalifət
daxilində kəskin fikir ayrılıqları mövcuddur və bu da təəccüblü
deyil. Çünki
ölkədə siyasi
böhran müxalifət
partiyaları arasındakı
münasibətlərə də
təsir edir...
A.İsgəndəryan bildirib ki, müxalif siyasi partiyaları birləşdirən yalnız Paşinyanın hakimiyyətinin davam etməsidir: “Onlar vahid proqram ətrafında yox, Paşinyana qarşı birləşiblər. Ona görə də müxalifət koalisiyasının daxilində Ermənistan üçün tipik olan rəqabət meydana çıxır. Serj Sarkisyan Nikol Paşinyana parlaq Konstitusiya və “Seçkilər haqda qanun” qoyub gedib, bu konstitusiya və qanun hakim qüvvənin maraqlarına xidmət edir. Əgər hansısa qüvvə hansısa formada hakimiyyətə gəlirsə və parlamentdə çoxluğa malik olarsa, o zaman hüquqi yollarla onu hakimiyyətdən kənarlaşdırmaq mümkün deyil”.
A.İsgəndəryanın fikrincə, müxalifət başa düşür ki, növbədənkənar seçkilərdə qalib gəlməsi sual altındadır. Hətta seçkiləri udsalar belə, müxalifət partiyaları birləşə bilməyəcəklər. Ona görə də küçə etirazlarını belə təşkil edə bilməyən zəif müxalifət hakimiyyətə növbədənkənar seçkilərin qeyri-mümkünlüyü barədə mesajlar verir. Belə bir vəziyyətdə Paşinyan müxalifətin imtinasını bəhanə edərək seçkilərə getmək istəmir, ya da seçkinin elə indi keçirilməsini və təxminən 40 faiz səs toplayaraq hakimiyyətini gücləndirmək istəyir. Politoloq onu da bildirir ki, Paşinyanı dəstəkləyənlər əhalinin siyasi çaxnaşmalardan yorulmuş hissəsidir. Ermənistan əhalisi ikinci inqilab istəmir. Paşinyanın qatı əleydarlarıının sayı isə onu devirmək üçün yetərsizdir.
Bu arada qarşıdakı dövr ərzində Ermənistanda iqtisadi vəziyyətin daha da pisləşməsi gözlənilir ki, bunun da digər problemlərə səbəb olacağı, o cümlədən iqtisadi cinayətlərin miqyasının artacağına gətirib çıxaracağı istisna edilmir. Ermənistanda, ilk növbədə, mülkiyyətlə bağlı cinayətlərin sayının daha da artacağı gözlənilir və belə cinayətlərə maddi vəziyyəti ağır olan xeyli sayda insanın cəlb olunma ehtimalının kifayət qədər böyük olacağı artıq erməni sosioloqları tərəfindən səsləndirilir.
“İravnuk” qəzeti yazır ki, Ermənistan ən çox korrupsiyalaşmış ölkələr sırasında qalmaqda davam edir. Beynəlxalq təşkilatların hesabatında bildirilir ki, bu ölkədə korrupsiya halları ötən iki ildə də azalmayıb, əksinə, artıb. Korrupsiya ilə bağlı mübarizə tədbirləri heç vaxt kağız üzərindən əməli işə keçməyib.
Qeyd olunur ki, vergi ödəyiciləri arasında keçirilən rəy sorğusu da bunu təsdiqləyir. Sahibkarlıqla məşğul olmaq istəyənlər küllü miqdarda rüşvət ödədiklərini deyirlər. Onların Paşinyan hökumətinə inamı yoxdur. Ölkədə toplanan verginin korrupsiyaya qurşanmış rəsmilər və məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı çoxsaylı fakt var. Rəyi soruşulanlar vergi qanunlarının vergi ödəyicisi olan iş adamlarına eyni dərəcədə tətbiq olunmadığını qeyd edirlər.
Göründüyü kimi, Ermənistanda problemlərin miqyası kifayət qədər genişdir və cəmiyyət həyatının bütün sferalarını əhatə edir. Bu vəziyyəti düzgün dəyərləndirən ekspertlər bildirirlər ki, buna səbəb yalnız və yalnız Ermənistanın işğalçılıq siyasətinin qurbanı olması, ölkənin uzun müddət hərbi xunta tərəfindən idarə edilməsidir. Beləliklə, Ermənistan işğalçı siyasətin miras qoyduğu problemlərlə baş-başa qalıb və bundan qurtulması çox müşkül məsələdir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2021.- 24 yanvar.- S.1;3.