Sənaye parklarının, sənaye
məhəllələrinin və aqroparkların idarə edilməsinin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasında
aparılan iqtisadi islahatların davam etdirilməsi, ölkədəki
mövcud sənaye parkları, sənaye məhəllələri və
aqroparklar sahəsində
idarəetməni, habelə
nəzarət mexanizmlərini
daha da təkmilləşdirmək,
bu sahədə həyata keçirilən
tədbirlərin səmərəliliyini
artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin
tabeliyindəki “Sumqayıt
Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin
əsasında Azərbaycan
Respublikası İqtisadiyyat
Nazirliyinin tabeliyində
publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi
yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. İqtisadi Zonaların İnkişafı Agentliyi
(bundan sonra - Agentlik) sənaye parklarının (Balaxanı
Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin
(Naxçıvan Muxtar
Respublikasında yaradılan
sənaye məhəllələri
istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili,
onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər
hazırlayan, həyata
keçirilməsini təmin
edən, o cümlədən
bu istiqamətdə göstərilən dövlət
dəstəyi tədbirlərində
iştirak edən publik hüquqi şəxsdir;
2.2. Agentliyin fəaliyyətinə ümumi
rəhbərliyi və
nəzarəti həyata
keçirmək üçün
7 (yeddi) üzvdən ibarət Müşahidə
Şurası yaradılır;
2.3. Agentliyin fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən ibarət İdarə Heyəti həyata keçirir;
2.4. Müşahidə
Şurasının 4 (dörd)
üzvünü Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi, 3 (üç)
üzvünü isə
aşağıdakı dövlət
qurumları (hər qurumdan bir nəfər
olmaqla) təyin edirlər:
2.4.1. Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi;
2.4.2. “Azərişıq” Açıq
Səhmdar Cəmiyyəti;
2.4.3. Azərbaycan Meliorasiya
və Su Təsərrüfatı
Açıq Səhmdar
Cəmiyyəti.
2.5. Müşahidə
Şurasının sədri
və İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının
iqtisadiyyat naziri tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilir.
3. Agentlikdə
təsisçinin səlahiyyətlərinin
həyata keçirilməsi
aşağıdakılara həvalə
edilsin:
3.1. Azərbaycan
Respublikasının Prezidentinə:
3.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən
edilməsi, onlara dəyişiklik edilməsi;
3.1.2. Agentliyin ləğvi və yenidən təşkili.
3.2. Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyinə:
3.2.1. bu Fərmanın
3.1-ci bəndində qeyd
edilənlər istisna
olmaqla, “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan
Respublikası Qanununun
8.2-ci maddəsində publik
hüquqi şəxsin
təsisçisinin səlahiyyətlərinə
aid edilmiş digər
məsələlərin həlli.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
4.1. iki
ay müddətində:
4.1.1. Agentliyin nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
4.1.2. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
4.2. Agentlik dövlət
qeydiyyatına alındığı
gündən bir ay müddətində:
4.2.1. Agentliyin maddi-texniki təminatı məsələlərinin
həlli üçün
tədbirlər görsün;
4.2.2. “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli
Cəmiyyətinin balansındakı
əmlakın Agentliyin
balansına verilməsini
təmin etsin;
4.3. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
5. Aidiyyəti dövlət qurumları bu Fərmanın 2.4-cü bəndinə
uyğun olaraq Agentliyin Müşahidə
Şurası üzvlərinin
təyin olunmasını
bir ay müddətində
təmin etsinlər.
6. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək:
6.1. “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini davam etdirsin;
6.2. sənaye parklarının və sənaye məhəllələrinin fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı məsələlərin tənzimlənməsi bu Fərman qüvvəyə mindiyi günədək mövcud normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilsin.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
7.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
7.2. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin qiymətləndirilməsini altı ay müddətində həyata keçirsin və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 yanvar
2021-ci il
Azərbaycan.-2021.- 24 yanvar.- S.2.