Məmmədbəyli türbəsi

 

 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji abidə, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji abidə, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri dağıdılıb. Həmçinin bu ərazilərdə 40 mindən çox əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisəsi düşmən tərəfindən yerlə-yeksan edilib.

 

Professor İbrahim Zeynalovun “Zəngilan rayonu tarixi abidələr yurdudur - Məmmədbəyli türbəsi” adlı araşdırmalarında qeyd edilir ki, Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir: “...Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarca türbə var. Bunlardan biriordumuz tərəfindən düşmən işğalından azad edilən Məmmədbəyli kən

dindəki səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsidir. 1304-1305-ci illərdə inşa edilmiş türbə memarlıq-konstruktiv formasına görə digərlərindən seçilir. Türbə səkkizbucaqlı şəkildə inşa edilib və yuxarısı piramidalı günbəzlə tamamlanır. Divarları isə yonulmuş daşla çox səliqəli formada üzlənib. Bu müqəddəs ocaq kəndin ən hündür yerində, yaşıllıqlar arasında yerləşir. Məmmədbəyli türbəsi haqqında ilkin məlumatı XX əsrin 40-cı illərində rus tarixçisi İvan Şeblıkin (1884-1947) verib...”

 

Abidə memarlıq quruluşu cəhətdən Füzuli rayonunda inşa edilən digər türbələrdən fərqlənir. O, Azərbaycanın bürcvari  abidələrinə bənzəyir.  Bu tarixi yadigarın  illər öncə çəkilən şəkillərindən görünən odur ki, abidənin karnizi qara rəngli daşdan işlənib, tikintisində isə çay daşlarından istifadə edilib. Türbənin divarı yükdaşıyıcı kütləyə və üzlüyə bölünür. Üzlük eyni zamanda divarın əsas hissəsini təşkil edir.

 

Türbənin günbəzi iki qatdan ibarətdir. Daxili günbəz sferik, xarici günbəz isə piramidal formadadır. Deyilənə görə, bu abidədən Həkəri çayının digər sahilində Şərifan kəndinə yeraltı tunel var imiş. 1975-ci ildə ilk dəfə yeraltı sahə təmizlənərkən türbənin sərdabəsi üzə çıxıb. Sərdabənin döşəməsi yaxşı cilalanmış daşlarla hörülüb. Orta əsrlərdə belə türbələr feodal əyanlarının və varlı şəxslərin qəbri üstündə ucaldılarmış.

 

Türbənin maraqlı və orijinal kitabəsi də diqqəti cəlb edir. Adi sıradan çıxıb sətirdən yuxarıda qaldırılmış kəlmələr pozulub getmiş, lakin izi qalmış müəmmalı sözlər çətinliklə oxunur. Kitabə qapı yerindən yuxarı qövsvari çatılmış bütöv daş üzərində həkk olunub. Ölçüsü 1,45 x 0,90 metrdir. Nəsx xətti ilə yazılmış altı sətirlik ərəbdilli kitabə oyma üsulunda işlənilib. İlk dörd sətirdə müqəddəs Qurani-Kərimdən ayələr verilir. İki sətirdə türbənin Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikildiyi göstərilib. Müəlliflərin verdiyi məlumata görə, binanın memarı və bənnası Əli Məcdəddindir.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2021.- 24 yanvar.- S.7.