Saatlı məscidi

 

 

Azərbaycanın tarix və mədəniyyət incisi sayılan Şuşa şəhəri 2020-ci il noyabrın 8-də müzəffər Azərbaycan Ordusu tərəfindən erməni əsirliyindən qurtulub. Artıq qədim və gözəl şəhərimizin intizarına son qoyulub. Azad Şuşa tezliklə öz doğma sakinlərini qarşılayacaq.

 

Şuşa işğaldan əvvəl qədim abidələrlə zəngin bir məkan idi. Şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid,

 

6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları vardı. Həmçinin 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri mövcud idi. Tədqiqatçıların yazdıqlarına görə, bu abidələrin çoxu XIX əsrdə yaşamış memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib, həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilib. 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilib. Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digər abidələr bu zəngin məkanın tarixi-memarlıq qoruğuna daxildir.

 

Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərinin memarlıq abidələrindən biri də Saatlı məhəlləsində yerləşən tarixi məsciddir. Bu məcidin də memarı Kərbəlayi Səfixan Qarabağidir. Belə ki, Saatlı məscidi Qarabağda bir neçə monumental dinimülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda cümə məscidi və Bərdə İmamzadə türbəsinin müəllifi olan Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa edilib. Bu barədə məlumat məscidin əsas fasadında yerləşdirilmiş inşaat kitabəsində verilib. Abidə memarın son əsərlərindən biri hesab edilir.

 

Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

 

Məscidin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub. Şuşanın düz fasadlı məcidlərindən olan Saatlı məscidi əsas fasadında assimetrik girişə malikdir. Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır. Belə ki, şəhərdəki bu tip digər məscidlərin damında müəzzin üçün kiçik köşk yerləşdirilsə də, Saatlı məscidi üçün rəngarəng kərpiclərdən istifadə olunaraq zəngin naxışlarla bəzədilmiş minarə inşa edilib.

 

Aşağı və Yuxarı Gövhər ağa məscidlərindən fərqli olaraq Saatlı məscidinin minarəsi məscid binası ilə birləşik deyil və minarəyə giriş məscidin daxilindən yox, həyətindən həyata keçirilir. Saatlı məscidinin Divanxana meydanından effektiv görünən, ifadəli rəngarəng vertikalı ilə özünəməxsus kompozisiya silueti yaradan minarəsi yerləşdiyi küçənin memarlıq ansamblında tamamlayıcı rol oynayır. Minarənin üstü çadır formalı gümbəzlə tamamlanır.

 

Məscidin interyerlərinin işlənməsində qabartmayapma bəzəklərdən bol istifadə olunub. Məsciddə restavrasiya işləri 1980-ci illərdə aparılıb.

 

Təəssüf ki, 1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunduqdan sonra bu məscid də xarabalığa çevrilib, onun zəngin interyeri tamamilə, minarəsi isə qismən dağıdılıb.

 

 

 

Z.FƏRƏCOVA,

Azərbaycan.-2021.- 24 yanvar.- S.7.