MEDİA
silsilə təbirlərinə
ADA Universiteti ilə başlayıb
Bu ay dövlətimizin başçısının
Fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi
(MEDİA) 2021-ci il üçün
nəzərdə tutduğu
silsilə tədbirlərin
həyata keçirilməsini
ADA Universiteti ilə birgə təşkil edilən “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlarla başlayıb.
ADA-dan AZƏRTAC-a bildirilib ki, universitetin İxtisasartırma Proqramının
mütəxəssisləri tərəfindən aparılan
seminarlarda dövlət
sektorunda fəaliyyət
göstərən qurumların
mətbuat xidmətləri
rəhbərləri, ictimaiyyətlə
əlaqələr və
mətbuatla iş üzrə məsul əməkdaşları iştirak
edirlər. Seminarlarda məqsəd dövlət
və ictimai sektor qurumlarının
media subyektləri ilə
əməkdaşlığının genişləndirilməsi və
qarşılıqlı kommunikasiya
əlaqələrinin təkmilləşdirilməsi,
eləcə də müasir media mühitində
ictimaiyyəti məlumatlandırma
mexanizmlərinin daha səmərəli qurulmasıdır.
Seminarda ADA Universitetinin media sahəsi
üzrə yerli və xarici tədqiqatçıları ilə
yanaşı, biznes sektorunun mütəxəssisləri
və ölkənin
multimedia platformasının aparıcı üzvləri
ilə panel müzakirələr
təşkil edilib. Azərbaycan Respublikası
Prezidentinin köməkçisi
– Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Xarici siyasət şöbəsinin müdiri
Hikmət Hacıyev
seminar iştirakçıları qarşısında ustad dərsi ilə çıxış edib.
İnteraktiv müzakirələr zamanı mətbuat xidməti rəhbərləri
“İctimai əlaqələr
şöbəsinin təşkilatdakı
məqsədi və rolu”, “Kommunikasiya planı və gündəlik media təmasları:
proaktiv və reaktiv strategiyalar”, “Böhran vəziyyətlərində
kommunikasiyanın qurulması”
kimi mövzularda fikir mübadiləsinə
qoşularaq, müasir
media mühitindəki çağırışlara
yeni həll yolları axtarıblar.
Seminar digər mühazirəçilərin
çıxışları ilə sabah
da davam etdiriləcək.
Xatırladaq ki, Medianın İnkişafı Agentliyi
Azərbaycan Respublikası
Prezidenti tərəfindən
medianın inkişafının
dəstəklənməsi, bu sahədə təsisat quruculuğu işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının
və innovasiyaların
tətbiqinin stimullaşdırılması
məqsədilə yaradılıb.
Azərbaycan.-2021.- 26 yanvar.- S.3.