Səməd Seyidov: Ermənilərin AŞPA-da Azərbaycanla bağlı əsassız iddiaları tamamilə iflasa uğradı

 

 

Ermənilər AŞPA-nın qış sessiyasına yeni təxribatlarla gəlmişdilər. Hətta sessiyanın gündəliyi ilə bağlı təxribatlara cəhd etmişdilər. Onlar Azərbaycanla bağlı birbaşa məsələ qaldırmışdılar, ancaq bu cəhdləri tamamilə iflasa uğradı. Əvvəlcə AŞPA-nın Bürosunda, sonra isə Parlament Assambleyasında onların irəli sürdükləri məsələ heç müzakirəyə belə təqdim edilmədi.

 

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində deyib.

 

Səməd Seyidov bildirib ki, Ermənistan nümayəndə heyətinin üzvləri hələ də təxribatlardan əl çəkmirlər.

 

Bizim nümayəndə heyətimiz qürurludur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk sessiyadır ki, iştirak edirik. Qalib ölkənin nümayəndə heyəti kimi sessiyada qürurla iştirak edirik. Bu hissi bizə yaşadanlara təşəkkür edirik”, - deyə o qeyd edib.

 

Səməd Seyidov qeyd edib ki, nümayəndə heyətimiz dünya ictimaiyyətinə, AŞPA parlamentarilərinə həqiqətləri çatdırır, konkret olaraq faktları göstərir. Ona görə də erməni tərəfi başa düşməlidir ki, təkcə Azərbaycanla bağlı deyil, ümumiyyətlə beynəlxalq səviyyədə yürütdükləri siyasət iflasa uğrayır. Onlar bu barədə nə qədər tez düşünsələr, bir o qədər də tez sabitlikböhrandan çıxmaq haqqında düşünməyə vaxtları olacaq. Əks təqdirdə, gərginlik, mövcud vəziyyət Ermənistanı daha dərin böhrana salacaq.

 

Ermənilər başa düşmürlər ki, Azərbaycan öz torpaqlarında müharibə aparıb. AŞPA-nın Bürosu, eləcə də Parlament Assambleyası yaxşı bilir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Bir qarış belə başqa torpaqlara, Ermənistan ərazisinə müdaxilə etməyib. Ermənistan nümayəndə heyətinin Azərbaycanla bağlı səsləndirdiyi böhtanlar hamıya məlumdur. Hər kəs bilir ki, Azərbaycan BMT-nin sənədlərini, elə Avropa Şurasının özünün 1416 saylı qətnaməsini yerinə yetirib, beynəlxalq qanunu regiona gətirib. Beynəlxalq qanuna qarşı çıxan bir ölkə var ki, o da Ermənistandır. Buradakı parlamentarilər beynəlxalq qanunu hansı tərəfə çəksələr də, ona qarşı çıxa bilməzlər. Ona görə də erməni nümayəndələrin cəhdlərini rədd etmək normaldır. Həmçinin Ermənistanın destruktiv siyasəti artıq hamıya bəllidir. Bizim torpaqlarımız işğal altında olanda da bizi ittiham edirdilər. İndi uduzanda, torpaqlarımızdan qaçanda da bizi ittiham edirlər. Artıq yetər. Bizi yox, özlərini ittiham etməlidirlər. İşğal siyasətləri onları bu böhrana salıb. Təbiidir ki, AŞPA deputatları bunu yaxşı başa düşür və dərk edirlər.

 

Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, ermənilərin müharibə əsirləri ilə bağlı irəli sürdükləri əsassız iddialar tamamilə iflasa uğradı. Bu iddialara heç baxılmadı, çünki belə məsələlərlə bağlı qurumun xüsusi məruzəçisi var. O məruzəçi belə məsələlərə ətraflı şəkildə baxmaq imkanına malikdir. Ancaq unudulmamalıdır ki, ötən il noyabrın 10-da hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ermənistan isə bu razılaşmadan bir ay sonra - dekabrın 15-də əsir kimi qələbə verdiyi hərbi diversantları Azərbaycanın nəzarətində olan ərazilərə göndərib. Ermənistan hərbi əməliyyatların dayandırılmasından sonra yenidən əsgərləri Azərbaycan ərazilərinə göndərir. Bu faktı gizlətmək mümkün deyil. Ermənilərin bu diversantları müharibə əsirləri kimi təqdim etmək cəhdləri alınmayacaq, çünki onlar cinayətkarlardır. Azərbaycan beynəlxalq konvensiyalardan irəli gələn addımları atır və atacaq.

 

 

Azərbaycan.-2021.- 26 yanvar.- S.3.