Ölməzliyin şərəfini yaşadan şəhid

 

Gizir Elvinin son kəlmələri: “Suqovuşan da azaddır, komandir! “Qarabağ doğma candır - Azərbaycandır

 

 

 

...Elvin düşmən tapdağında qalan torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igidlərimizdən biridir. El-oba arasında deyirlər ki, elə bax belə oğullar el üçün doğulur, vətənpərvərlikləri ilə nümunəyə çevrilirlər.

 

Elvin İsgəndərov kimi qəhrəman oğullarımızın cəsur, qorxmaz, canını Vətənə qurban, sinəsini sipər edən igidlərimizin sayəsində 44 günlük Vətən müharibəsindən qalib çıxdıq. Bununla da dünyaya hərbi-diplomatik siyasətimizi, “Dəmir yumruq” gücümüzü nümayiş etdirdik. Ordumuzun qarşısında duruş gətirə bilməyən erməni quldur silahlıları haqqında yaradılan mifi isə hərbi texnikaları ilə birlikdə darmadağın etdik.

 

Müharibə od-alov, ölüm-itim, qazi olmaq deməkdir. Vətən uğrunda gedən savaşda qazi şəhid olmağın şərəfini bizə yaşatdı Elvin kimi oğullarımız. Onlar gözlərini qırpmadan mərd-mərdanə ölümün üstünə getdilər...

 

Elvin İsgəndərov 1989-cu il noyabrın 6-da Yevlax rayonunun Tanrıqullar kəndində dünyaya göz açmışdı. Vətənini canından çox sevdiyini ölümsüzlüyü ilə təsdiq etdi. Elvin şəhid olacağını əvvəlcədən hiss etmişdi. O, düşmənə göz açmağa imkan verməyən qəhrəmanlarımızdan olduğu üçün bilirdi ki, yağılar onu hədəf seçəcəklər. Ona görə imkanı çatan qədər düşməndən qisasını almağa çalışırdı. Məhz bu amalla döyüşdüyü üçün indi o, ən yüksək zirvədədir.

 

“...Ötən ilin sentyabr ayı idi. Elvinin qız balası Nuray bu ayda doğulmuşdu. O gün Elvin sanki balasını ilk dəfə görürmüş kimi, ondan ayrıla bilmir, bağrına basır, doyunca, həm “acgözlüklə” öpürdü. Onu hissləri heç vaxt aldatmamışdı. Bu dəfə onun ürəyinə nəsə dammışdı...”

 

Ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsinə o da qatılır bunu ailəsindən gizli saxlayırdı. Talış, Suqovuşan istiqamətində gedən döyüşlərdə nəinki iştirak edir, hətta düşmənə ağır zərbə endirənlərdən biri kimi ad qazanır. Ömür-gün yoldaşı Rəfiqə xanım İsgəndərova bizimlə söhbətində fikirlərini cəmləşdirməyə çalışır: “...Mənə söz vermişdi ki, bir həftədən sonra gəlib məni aparacaq. Bakıda xəstəxanadaydım. O, dünyaya yenicə gələn, hələ üzünü görmədiyi oğluna ad qoymağı düşünürdü. Elə sevinirdi ki, dünyaya oğlu gəlib. Mənə zəng vurdu. Uşağa ad qoymaq lazım olduğunu dedim. Ürək-dirək verdi mənə. Mən dedim ki, darıxma, özünü qoru. Gələrəm evə, sən qayıdarsan, inşallah, oğlumuzun adını birlikdə qoyarıq. Bir qəti şəkildə dedi ki, yox, qızımız Nurayın adına yaraşdırıb Nuran qoyarsan. Onu da dedi ki, heç kimə heç demə, ancaq uşağın adını onun qulağına pıçılda. Ona görə adını Nuran qoydum, Elvinin öz istəyi arzusu ilə... Oğlu dünyaya gəldiyi 15 gün olardı ki, o, şəhid oldu. Balasının üzünü belə görə bilmədi...”

 

Əmisi oğlu Mahir Hünbətov deyir ki, 2009-cu ilin yanvarında həqiqi hərbi xidmətə gedib: “2010-cu ilin yayında hərbi xidmətdən qayıdıb. Lakin, o, əslində, orta məktəb illərindən hərbçi olmaq istəyində olub. Onun bu arzusu 2015-ci ildə həyata keçib: “N” saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətə başlayıb - “maxe” kimi. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olan Elvin bundan sonra kiçik gizir rütbəsini alıb. Ötən il 44 günlük Vətən müharibəsinin başladığı ilk gün - 27 sentyabr tarixi onun da ömrünə sonuncu nöqtəni qoyub...”

 

Təsadüfə baxın ki, Elvinin ad günü onun 40 mərasimi ilə eyni tarixə - 6 noyabra düşdü... 31 yaşının sevinclərini yaşada bilmədi doğmalarına. O gün iki körpəsi - Nurayını, üzünü yalnız mobil telefonda gördüyü Nuranını, onların anası Rəfiqə xanımı, Aidə anasını, atası Mətləbi, bacısı Aytəkini, qardaşı Hüseyni, canından da çox istədiyi əmisi oğlu Mahiri... gözüyaşlı qoydu, gəlmədi.

 

Şəhidin atası Mətləb İsgəndərov deyir ki, Talış yüksəklikləri uğrunda gedən döyüşlər zamanı ermənilərin atdığı güllələr onu hər iki çiynindən yaralamışdı. Ata qəlbidir, şəhid oğlunun müəyyən xarakterlərini də unutmamağa çalışır: “Elvində hərbiyə maraq çox güclü idi: “O, hərbi geyimini çox sevirdi. İcazə verməzdi ki, onun özündən başqa geyiminə kimsə əl vursun. Elvin Vətənini canından əziz bilən oğullardan olub. Deyirdi ki, hər doğulan övlad Vətənə gərəkli olmaz, ata! Vətənə niyə ana deyirik?! Çünki o, xalqımızın ana qucağıdır - dağı da bizim üçün əzizdir, aranı da, dərəsi də, təpəsi də, qışı da, yazı da. Vətən uğrunda şəhid olmaq şərəfdir, bunu bizdən öncəkilər sübut ediblər. Kaş mənim də adım o sırada çəkiləydi. Hər kəsə bu müqəddəs zirvə nəsib olmur. Xalqım, siz fəxr edəydiniz ki, mən də Vətən oğlu olmaq üçün doğulmuşam...”

 

Atası Elvinin mərdliyindən danışmaqdan doymur: “Elə ona görə də yolundan dönməzliyinə əmin idik. Vallah, bilirdim ki, şəhid olacaq, ona görə ki, qorxu bilməyən, canından keçməyə hazır olan, vətənpərvər, irəlidə gedən, düşməninin qənimi idi”.

 

Anası da Vətənə qurban verdiyi oğlunun erkən yaşlarından sanki qəfildən böyüməsini hiss etdiyini dilə gətirir: “Deyirdik ki, bala, ermənilər amansızdır, sənə bir şey olarsa neyniyərik? Gülürdü, başını bulayırdı. Deyirdi ki, Vətənin belə dar günlərində mənim kimi oğul yanınızda, dizinizin dibindəmi oturmalıdır?! Bilirsiz ki, mən hərb üçün doğulmuşam. Bu hərbi geyimimi şəhidliyimdən sonra soyunacam, arxayın olun. Bu geyim məni qoruyur, həm adımı, şərəfimi, həm də sizi. Bircə öz canını qorumadı, Vətənini, xalqını canından artıq sevən balam şəhid olacağını sanki bilirdi. Onun hissləri çox güclü idi. Bir şey haqqında nə deyirdisə, dilinə nə gəlirdisə, başı çəkirdi, qabağına çıxırdı...”

 

Taqım komandirinin müavini, qrup komandiri Elvin İsgəndərov şəhidlik zirvəsinə ucalaraq könüllərdə özünə əbədi yer tutdu. O, ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edildi. Məkanı cənnət, ruhu şad şəhidim, igidliyin dillər əzbəridir. Bu gün sənin doğmalarından çox döyüş dostlarının, vətənpərvərliyinlə qürur hissi yaşatdığın xalqının dilinin əzbərisən...

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2021.- 26 yanvar.- S.6.