Ölkəmiz postmüharibə
və postpandemiya dövrünü
də uğurla başa
vuracaq
Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr edilən videoformatda keçirilən müşavirədə müzakirə edilən məsələlərdən biri də koronavirus pandemiyası şəraitində ölkə iqtisadiyyatının real vəziyyəti və perspektivləri ilə bağlı olmuşdur.
Dövlət başçısı koronavirusun bütün dünya üçün çox böyük sınaq olduğunu və ölkəmizdə bu imtahandan minimum itki ilə çıxmaq üçün vaxtında lazımi tədbirlər görüldüyünü qeyd etmişdir: “Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlər səfərbər olundu.
Koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əməkhaqlarının 3-5 misli həcmində maaş alırlar. Çox böyük sosial paket təqdim edildi. Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi. Bu gün biz peyvəndi gözləyirik. Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək”.
Postkonflikt və postkorona dövrünə qədəm qoyan Azərbaycan iqtisadiyyatı Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək artım trayektoriyasına keçmək imkanlarına malik olduğunu sübut edir. 2020-ci il bütün ölkələr üçün iqtisadi baxımdan ağır dövr olmasına baxmayaraq, Azərbaycan üçün elə də kritik olmadı. İqtisadiyyatımız 4 faizdən bir qədər çox azalsa da, bədbinlyə əsas vermir. Ən azı ona görə ki, ötən il qeyri-neft sənayemiz 11 faizdən çox artmışdır. Bu isə qeyri-neft sektorunun inkişafının davam etməsi deməkdir. Bu sektorda yüksək paya malik kənd təsərrüfatında da artım olmuşdur - 2 faiz. Azad edilmiş torpaqlarda payızlıq əkinin aparılması isə bu sahədə daha yüksək artıma nail olmağa imkan verəcək.
Eyni zamanda Dövlət Neft Fondunun vəsaitləri az da olsa - təqribən 0,5 faiz artmışdır. Prezident İlham Əliyev bunu uğurlu amil kimi qeyd etmişdir: “Baxmayaraq ki, biz koronavirusla mübarizəyə milyardlarla manat yönəltmişik, müharibə aparmışıq və digər xərclər olubdur. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. Yəni bütün bunlar böyük maliyyə yüküdür. Amma dövlətin dayanıqlılığı, ölkəmizin uğurlu siyasəti nəticəsində biz buna nail ola bilmişik”.
Ötən ilin sonunda “Cənub qaz dəhlizi”nin tam istismara verilməsi Azərbaycan qazını tarixdə ilk dəfə olaraq Avropa məkanına nəql etməyə imkan vermişdir. Dövlət başçısı bildirir ki, bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə onlar və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoymuşdur: “Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir, ondan sonra digər sektorlarda göstərəcək. Biz Avrasiyanın enerji xəritəsini yenidən tərtib etdik. Biz bir-birinə bağlı olan 3500 kilometr uzunluğunda 3 qaz kəmərini inşa etdik”.
Belə layihələrin işlənilməsi Azərbaycana həm iqtisadi, həm siyasi müstəvidə əlavə dividendlər gətirəcək. Yaxın günlərdə enerji sahəsində gözləniən hadisələr ölkə iqtisadiyyatının daha dayanıqlı olmasına zəmin yaradacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının sözlərinə görə, korona böhranının fərqli tərəfi bu oldu ki, dünya tarixindəki əvvəlki iqtisadi böhranlara nisbətən tez aradan qaldırılır. İqtisadiyyat 2021-2022-ci illərdə bərpa olunacaq, baxmayaraq ki, yüksək artım trayektoriyasına keçid hələ proqnozlaşdırılmır.
Azərbaycana gəldikdə isə İİTKM-in icraçı direktoru belə deyir: “Nobel laureatı Deni Rodrikin dediyi “aralıq institutlar”la bu dövrdə dövlət və millət quruculuq prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparır. Xüsusən də, ərazi bütövlüyünün bərpası, korona ilə mübarizədə son mərhələ - vaksinasiyaya ilk keçən ölkələrdən biri olmaq, aşağı neft qiymətləri şəraitində makroiqtisadi və ictimai-siyasi sabitliyi təmin etmək və yeni regional geosiyasi və geoiqtisadi arxitekturanın müəyyənləşdirilməsini İlham Əliyevin idarəetməsinin aktivinə yazmaq olar. Prezident İlham Əliyev hər bir çağırışı imkana çevirməyi bacaran liderdir. Qərb demokratiyasında yaşanan təlatümlər Qaret Consun “10 faiz az demokratiya” kitabında daha aydın izah olunur, əslində, ən yaxşı nəticə optimal hökumətin qurulmasıdır. Prezident İlham Əliyev Azərbaycanda optimal idarəetməni qurduğundan biz dünya üçün “Böyük Depressiya”dan sonra ən böyük böhran ili - 2020-ci ili imkana çevirməyi bacardıq. Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu fəaliyyəti ilə xüsusən də Azərbaycandakı bazar modelinə sosial rəng qatması ictimai müqavilə və harmoniya üçün vacibdir”.
Vusal Qasımlı apardığı təhlildə maraqlı bir müqayisə aparır: yapon fəlsəfəsində “kintsugi” - “qızıl bərpa” anlayışına görə sınmış məişət əşyası elə zövqlə bərpa edilir ki, sınığın izləri qalsa da, əşyanın sonu yox, ona verilən ikinci həyatın daha zəngin və daha uğurlu davamı göstərilir.
İlham Əliyevin də islahatçı lider kimi ən böyük üstünlüyü ondan ibarətdir ki, xalq-iqtidar birliyini ən mükəmməl səviyyəyə qaldıra bilmiş, 30 illik üzücü münaqişəni 44 günlük müharibədə qələbə ilə başa vurmuş, koronavirus pandemiyasından doğan böhrandan çəkinmədən islahatçı lider kimi iqtisadiyyatımızı tərəqqiyə kökləmiş, müharibə zonasını tikinti meydançasına çevirmişdir.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2021.- 26 yanvar.- S.1;5.