İslahatların intellektual tutumu dərinləşir

 

 

Prezident İlham Əliyevin “Dövlət sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” bu il yanvarın 22-də imzaladığı Fərman ölkədə aparılan iqtisadi islahatların intellektual idarə edilməsi istiqamətində müasir dünya təcrübəsinə söykənən, postmüharibə və  postpandemiya  reallıqlarını nəzərə alan vacib sənəddir.

 

Məqsəd Azərbaycanda aparılan iqtisadi islahatların daha inamla davam etdirilməsi, ölkədəki sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni və nəzarət mexanizmlərini mükəmməlliyə doğru cilalamaq, görülən işlərin  səmərəliyini artırmaq, idarəetmə modellərində daha faydalı koordinasiyaya nail olmaqdır.

 

İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılmasında isə başlıca məqsəd müasir dünya iqtisadiyyatının sürətlə dəyişən çağırışlarına zamanında reaksiya verməkdir.

 

Yeni agentlik  ölkədə sənaye parklarının, sənayə məhəllələrinin və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin edəcək, bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxs statusunu daşıyacaq.

 

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 7 üzvdən ibarət Müşahidə Şurası yaradılmışdır.  Şuranın dörd üzvü İqtisadiyyat Nazirliyi, üç üzvü isə hər qurumdan bir nəfər olmaqla  Kənd Təsərrüfatı Nazirliyi,  “Azərişıq” və “Azərsu” ASC-lərdəndir. Müşahidə Şurasının sədri və idarə heyətinin üzvləri iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

İqtisadçılar Prezident İlham Əliyevin fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılmasını ölkə iqtisadiyyatının daha uğurlu inkişafı üçün atılan zəruri addım kimi dəyərləndirirlər.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ayaz Müseyibov dövlət başçısının bu qərarının iqtisadi zonaların idarəedilməsi sahəsində müasir dünya təcrübəsi ilə vəhdət təşkil edən addım olduğunu  bildirir: “İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin yaranması ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliyi təmin etmək üçün xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, sözügedən agentlik parkların, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı yeni tənzimləyici və idarəetmə mexanizmlərinin formalaşdırılmasına səbəb olacaq.

 

Onu da qeyd edək ki, fərmanda bu iqtisadi subyektlərin fəaliyyətinin qiymətləndirilməsi və onların səmərəliliyinin artırılması barədə təkliflərin hazırlanması da nəzərdə tutulmuşdur. Sənaye parkları, sənaye məhəllələri və aqroparkların işinin səmərəli, yeni tənzimləyici və idarəetmə sistemləri çərçivəsində təşkili, həmçinin ölkəyə sərmayə axınını gücləndirəcək, ixracın genişlənməsinə və yeni yerlərinin yaradılması prosesinə təkan verəcək.

 

Ayaz Müseyibovun şərhində  o da qeyd olunur ki,  4-cü sənaye inqilabının texnologiyalarının ölkəyə transfer edilməsi baxımından da yeni islahat tədbiri mühüm əhəmiyyət kəsb edir. Xüsusi ilə də bio, fiziki və rəqəmsal texnologiyalarının tətbiqində yeni agentlik və formalaşmış qanunvericilik bazası mühüm rol oynayacaq.

 

İİTKM-in təqdim etdiyi şərhdə o da qeyd olunur ki, iqtisadi artımın əsas drayverlərindən biri kimi müvafiq sahənin inkişafı həmişə diqqət mərkəzindədir. Aidiyyəti istiqamətlərdə qanunvericilik, inzibatiinvestisiya məsələləri üzrə dəstək siyasəti realizasiya edilmişdir. Örnək olaraq, müvafiq qanunvericiliyə əsasən, parkların ərazisində 10 il ərzində korporativ vergi üzrə 50 faiz güzəşt, idxal olunan avadanlıqlara, texnoloji vasitələrə görə ƏDV-dən, idxal olunmuş avadanlıqlara, texnoloji vasitələrə görə gömrük rüsumu, həmçinin torpaq və mülkiyyət vergisindən azad olunma nəzərdə tutulmuşdur.

 

Müvafiq dəstək siyasətinin nəticəsidir ki, indiyədək sənaye parklarına 3,5 milyard ABŞ dolları investisiya yatırılmış, 3,3 milyard manatlıq satış həyata keçirilmiş və 25 faiz məhsul ixrac olunmuşdur.

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2021.- 28 yanvar.- S.1;6.