TAP-ın istifadəyə verilməsi
TANAP-ın strateji əhəmiyyətini
artırır
Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) işə salınması ilə “Cənub qaz dəhlizi” tam istismara verildi. Dəhlizin son seqmenti olan TAP Azərbaycan qazını tarixdə ilk dəfə olaraq birbaşa Avropa məkanına çatdırdı.
Bu xəbəri yeni il ərəfəsində - 2020-ci il dekabrın 31-də aldıq. 2021-ci il yanvarın 6-da ötən ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə Prezident İlham Əliyev “Cənub qaz dəhlizi”nin tam işə düşməsinin böyük əhəmiyyət daşıdığını bir daha vurğulayaraq dedi: “Bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur. Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir, ondan sonra digər sektorlarda göstərəcək. Biz Avrasiyanın enerji xəritəsini yenidən tərtib etdik. Biz bir-birinə bağlı olan 3500 kilometr uzunluğunda 3 qaz kəmərini inşa etdik. “Şahdəniz-2” layihəsini istismara verdik və artıq Avropa istehlakçıları Azərbaycan qazını alırlar. Bu həm onlar, həm də bizim üçün faydalıdır.”
Prezident eyni zamanda digər layihələr üzrə də uğurlu işlər aparıldığını qeyd etdi. Əmin olduğunu bildirdi ki, bu layihələrin işlənməsi ölkəmizə həm iqtisadi, həm siyasi sahədə əlavə dividendlər gətirəcək.
Hazırda uğur gətirən əsas layihələrdən biri artıq üçüncü ildir fəaliyyət göstərən Trans-Anadolu Qaz Boru Kəməri - TANAP-dır. Belə ki, bu kəmər indiyədək Türkiyəyə 9,1 milyard kubmetr Azərbaycan təbii qazı nəql edib. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez məlumat verib.
Keçən il TANAP-la Türkiyəyə təqribən 4,9 milyard kubmetr qaz çatdırılıb. Yəni qardaş ölkə ötən il ərzində idxal etdiyi təbii qazın 24 faizini Azərbaycandan alıb. Fəaliyyət göstərdiyi birinci ildə TANAP 2 milyard kubmetr qaz ixrac edib. İkinci il 2020-ci il iyunun 30-da tamam olub və həmin tarixə TANAP-la daşınan Azərbaycan qazının həcmi 5,8 milyard kubmetrə çatıb.
Hazırda kəmərin illik ötürücülük gücü 16 milyard kubmetrdir. 2023-cü ildə xəttin qazötürmə qabiliyyətinin 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə TANAP-la nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Türkiyəyə nəql edən bu boru xətti Türkiyə-Gürcüstan sərhədində genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə birləşib, Türkiyə-Yunanıstan sərhədində isə TAP-la qovuşub. Başqa sözlə, TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ərdahan vilayətinin Posof mahalından başlayaraq qardaş ölkənin 20 vilayətindən keçir. Kəmər Türkiyənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanır.
“Cənub qaz dəhlizi”nin birləşdirici halqası olan TANAP-ın uzunluğu 1850 kilometrdir. Qeyd edək ki, layihə iki fazada işlənib. Yəni kəmərin Gürcüstan-Türkiyə sərhədindən başlayan hissəsi 1350 kilometr məsafə boyu Əskişəhərə qədər uzanır. Qalan hissəsi isə Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək çatır.
TANAP Azərbaycanın və Türkiyənin, bu iki ölkənin prezidentlərinin birgə səyi ilə gerçəkləşdirilmiş layihədir. Azərbaycanla Türkiyə arasında TANAP-la bağlı anlaşma memorandumu 2011-ci il dekabrın 24-də imzalanıb. Bu boru kəməri sisteminə dair saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanaraq sonra hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Bununla da TANAP-ın tikintisi ilə bağlı razılıq əldə edilib.
2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci il iyunun 12-də kəmər istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqlinə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlanıb. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində istifadəyə verilib. Bununla da TANAP və TAP kəmərləri bir-birinə calanıb. TANAP layihəsinə 6,5 milyard dollar vəsait xərclənib.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub qaz dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi BOTAŞ-a, 12 faizi BP şirkətinə məxsusdur.
“Enerjinin İpək yolu” adlandırılan TANAP gələcəkdə təbii qazın təkcə “Şahdəniz”dən deyil, Azərbaycanın digər yataqlarından da Avropa bazarlarına nəql etmək potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.
2019-cu il noyabrın 30-da TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu kəmərin əhəmiyyətini belə vurğulamışdır: “TANAP Azərbaycan, Gürcüstan, Türkiyə marşrutundan Avropaya - TAP xəttinə birləşir və təbii ki, oradan davam edərək Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina marşrutu üzərindəki ölkələr də ondan faydalanır. Təbii ki, bütün bu addımları atarkən bunun bir regional layihə, bir sülh layihəsi olduğunu da xüsusilə vurğulamaq lazımdır. Gürcüstan ərazisindən Anadoluya giriş reallaşarkən Gürcüstanın buradakı səylərini əsla inkar etmək olmaz. Bu, bir həmrəylikdir və bu həmrəyliyin adı da sülhdür. Bu layihə hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun rəmzidir. TANAP bu mərhələyə Türkiyə və Azərbaycanın qarşılıqlı inama söykənən əlaqələri sayəsində gələ bilmişdir. Layihənin uğur qazanmasında istehsalçı, tranzit və istehlakçı ölkələrlə bu layihədə pay sahibi olan şirkətlər arasındakı uzlaşma da həlledici rol oynayıb”.
Azərbaycan qazı artıq Avropaya çatıb. TAP kəməri bu qitəyə daşıdığı mavi yanacağı məhz TANAP-dan qəbul edir. Odur ki, TAP-ın istifadəyə verilməsi ilə TANAP-ın strateji əhəmiyyəti daha da artır.
Flora SADIQLI,
Azərbaycan.-2021.- 28 yanvar.- S.1;5.