“Azərbaycan-Türkiyə
münasibətlərinin gələcək 10 ili”
adlı vebinar keçirilib
Hikmət Hacıyev:
Qarşıdakı onillik və
yüzilliklərdə də Azərbaycan-Türkiyə əməkdaşlığı
davam edəcək və münasibətlərimiz
daha da möhkəmlənəcək
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın zəfər qazanmış bir ölkə olaraq, işğaldan azad edilmiş ərazilərinin bərpasına və müvafiq regional layihələrin icrasına başladığını bildirib. Fərid Şəfiyev bu zəfərin əldə olunmasında Türkiyənin müstəsna rolunu qeyd edərək deyib ki, Türkiyə ilə Azərbaycan 30 il ərzində davamlı olaraq hərbi təlimlər keçirib və qələbə təkcə pilotsuz uçuş aparatları hesabına qazanılmayıb: “Türkiyə-Azərbaycan birliyi heç bir ölkəyə qarşı yönəlmir, öz müstəqilliyimizin təminatına xidmət edir”. BMTM-in İdarə Heyətinin sədri onu da əlavə edib ki, iki ölkə həm də elmi sahədə birgə potensialı gücləndirməlidir. O, həmçinin İslam dünyası çərçivəsində iş birliyinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Türkiyə-Azərbaycan əlaqələrinin təməlində xalqlarımızın qardaşlıq münasibətləri, ortaq mədəniyyətimiz dayanır. Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin əbədi olacağını söyləyən Hikmət Hacıyev deyib: “Əminəm ki, qarşıdan gələn onillik və yüzilliklərdə də əməkdaşlığımız davam edəcək və münasibətlərimiz daha da möhkəmlənəcək. Azərbaycan Prezidenti İlham Əliyevin də hər zaman qeyd etdiyi kimi, dünyada bir-birinə tarixi köklərlə, mədəni irsi ilə bağlı olan bir çox başqa dövlətlər də var, lakin onların arasındakı əlaqələr Azərbaycan-Türkiyə münasibətləri qədər nümunəvi deyil. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən həyata keçirilən siyasət qardaş ölkələrimiz arasındakı münasibətləri nümunəvi səviyyəyə çatdırıb”.
Prezidentin köməkçisi qeyd edib ki, qarşımızda dayanan əsas vəzifə xalqlarımızın iradəsindən irəli gələn bu əməkdaşlığın bütün sahələrdə inkişafını təmin etməkdən ibarətdir. 2018-ci ildə Bakının azad olunmasının 100 illiyi münasibətilə hər iki ölkənin prezidentlərinin iştirakı ilə keçirilən hərbi paradın çox böyük rəmzi mənası var idi. Belə ki, 100 il əvvəl Qafqaz İslam Ordusunun sıralarında türk əsgər və zabitləri qardaş Azərbaycana köməyə gəldilər və ölkəmizdə erməni daşnakları tərəfindən törədilən qırğınlara son qoyuldu, Bakı azad edildi. 100 il sonra keçirilən hərbi parad da qardaş ölkələrimizin müdafiə və təhlükəsizlik baxımından da sıx əməkdaşlığının təcəssümü idi.
Hikmət Hacıyev ötən ilin iyul ayında Tovuz döyüşləri və xalqımızın Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstəkdən bəhs edərək deyib: “Xüsusilə xalqımızın Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi çox önəmli amillərdən idi. Həmçinin qardaş Türkiyə vətəndaşlarının xalqımıza verdiyi dəstək bizi daha da qürurlandırırdı”.
Prezidentin köməkçisi qeyd edib ki, bu gün beynəlxalq münasibətlərdə hər hansı sistemli yanaşma mövcud deyil, beynəlxalq hüququn aliliyi qorunmur. Azərbaycan öz şəxsi təcrübəsində də bunu görüb. Beynəlxalq sülhə və təhlükəsizliyə cavabdeh qurumların fəaliyyətləri səmərə vermir. Azərbaycan işğala son qoymaqla regionda yeni reallıqlar, əməkdaşlıq imkanları yaratdı. Bu xüsusda Azərbaycan və Türkiyənin üzərinə də yeni vəzifələr düşür.
Azərbaycan-Türkiyə əməkdaşlığının regionun və Avropanın enerji mənzərəsinin dəyişdirilməsindəki rolundan bəhs edən Hikmət Hacıyev deyib: “Hesab edirəm ki, Türkiyə regionumuzda davamlı sülhün əldə olunmasında da önəmli rola malikdir. Bu xüsusda Prezident İlham Əliyevin təşəbbüskarı olduğu 3+3 formatını qeyd etmək istərdim. Bu, dövlətlər arasındakı əməkdaşlığı, inteqrasiyanı nəzərdə tutan ideyadır. Əgər Ermənistan Azərbaycana və qardaş Türkiyəyə qarşı ərazi iddialarından əl çəkərsə, onlar da bu prosesin tərkib hissəsi ola bilər”.
Vebinarda çıxış edən SETA-nın baş koordinatoru, Türkiyə Respublikası Prezident Administrasiyası, Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Burhanəddin Duran təmsil etdiyi qurum tərəfindən Qarabağa aid kitabın hazırlanması üzərində iş getdiyini bildirib. O, iki ölkə arasında tarixi və mədəni əlaqələrin gücündən danışaraq bu münasibətlərin Azərbaycanın əldə etdiyi zəfərlə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Burhanəddin Duran qeyd edib ki, “qarayaxma” kampaniyasına baxmayaraq, Türkiyə Vətən müharibəsi zamanı daim Azərbaycanın arxasında olduğunu göstərib.
Sonra çıxış edən SETA-nın xarici siyasət direktoru, Ankara Sosial Elmlər Universitetinin müəllimi Muhiddin Ataman Türkiyənin təkcə müharibə zamanı deyil, ondan əvvəl və postkonflikt dövründə də Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb. O, bu dəstəyin bütün müsəlman ölkələri tərəfindən ifadə edilməsinin vacibliyini qeyd edib.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı çıxışında iki ölkənin həyata keçirdiyi regional layihələrdən danışıb və bildirib ki, Trans-Xəzər əməkdaşlığı Azərbaycan-Türkiyə əlaqələrini daha da gücləndirəcək potensiala malikdir.
SETA Təhlükəsizlik Koordinatorluğunun təmsilçisi, Uludağ Universitetinin müəllimi Fərhad Pirinççi qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi yalnız Qafqaz və ya Qarabağla bağlı olmamalıdır. Bu əlaqələr bütün geosiyasi reallıqlar nəzərə alınaraq daha geniş sahəni əhatə etməlidir.
BMTM-in şöbə müdiri Cavid Vəliyev regional üçtərəfli platformaların vacibliyindən danışaraq deyib ki, Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən layihələr bütün tərəflərin maraqlarına uyğundur və altı ölkənin əməkdaşlığı şəklində davam edə bilər.
Yaxın Şərq Texniki Universitetinin (OTDÜ) müəllimi Oqtay Tanrısevər Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə əhalinin qayıdışı məsələsinə toxunaraq bildirib ki, bu bölgədə həyatın qayıtması üçün Türkiyənin inşaat sektorunun təcrübəsindən də istifadə etmək mümkündür. Altı ölkənin regional əməkdaşlıq platformasının real olmasını göstərmək üçün çevik işlər görülməlidir.
Vebinar sual-cavab
sessiyası ilə davam edib.
Azərbaycan.-2021.-
28 yanvar.- S.3.