Arzular həqiqətə çevrilir

 

 

Erməni təcavüzkarları tərəfindən işğal edilmiş əraziləri azad etmək, bu torpaqlara yenidən həyat vermək - əkmək, becərmək Azərbaycan xalqının uzun illər ən müqəddəs amalına, arzusuna çevrilmişdir. Nəhayət ki, 30 ildən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz bu arzuları həqiqətə çevirdi. Torpaqlarımız azğın düşməndən təmizləndi, el - oba həsrətinə son qoyuldu, tarixi ədalət bərpa edildi.  

 

Bu tarixi qələbə xalqımıza yeni ruh, inam verməklə, həm də illər boyu işğal altında olmuş şəhər və kəndlərimizi daha sürətlə abadlaşdırmağı, torpaqlarımızı yararlaşdırmağı, dövlət rəhbərinin bildirdyi kimi, həmin əraziləri cənnətə çevirməyi tələb edir. Bu amala şərik olmaq, işğaldan azad edilən regionların bərpasına dəstək vermək hər bir azərbaycanlının borcu və vəzifəsidir. Bunu hər bir kəs aydın duyur və qiymətləndirir.

 

Qarabağa kömək məqsədi ilə yaradılan fondların, nəcib çağırışların timsalında bu, aydın ifadəsini tapır və insanlar doğma Qarabağın abadlaşdırılmasına, gözəlləşdirilməsinə imkanları daxilində öz töhfələrini vermək istəyirlər.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Fərman da məhz bu istəkdən qaynaqlanır, işğaldan azad edilmiş ərazilərimizin bərpasını və yenidən qurulmasını, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik olan regiona çevrilməsi üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin gücləndirilməsini, bu sahədə dövlət - özəl münasibətlərinin, tərəfdaşlığının inkişaf etdirilməsini nəzərdə tutur, bilavasitə uzun müddət düşmən əsarəti altında olan regionların abadlaşmasına, çiçəklənməsinə və inkişafına hesablanmışdır.

 

Bu fərman dövlət başçısının “Biz bütün ərazilərimizi bərpa edəcəyik, cənnətə çevirəcəyik, abadlaşdıracağıq. İnsanlar bu yerlərdə normal həyata qayıdacaq, qurub yaradacaqlar” fikirlərini özündə əks etdirməklə Qarabağa olan sonsuz məhəbbətin bir daha ifadəsidir.

 

Azərbaycan xalqı dövlət rəhbərinin torpağa, vətənə olan məhəbbətini, sədaqətini hər bir çıxışında, əməlində duyurhiss edir. 44 günlük müharibə dövründə Prezidentin işğaldan azad olunmuş ərazilərə - Füzuliyə, Qubadlıya, Ağdama, Xocavəndə, Şuşaya səfərlərində vətənə, torpağa sonsuz məhəbbət özünü daha aydın göstərdi. Prezident həmin səfərlər zamanı bir daha xatırlatdı ki, xalqordunun birliyi, əzmi möhtəşəm, unudulmaz, tarixi qələbəmizi təmin etdi, 30 illik torpaq həsrətinə son qoyuldu. Düşmən tapdağı altında inildəyən kəndlərimiz, şəhərlərimiz əsarətdən qurtuldu, şəhidlərimizin ruhu şad oldu. Əlbəttə, Prezidentimizin əzmi, qətiyyəti, xalqımızın birliyi, vətənpərvərliyi, iqtisadiyyatımızın vəziyyəti və inkişafı, beynəlxalq aləmdə dəstəklənməyimiz ümid verir ki, işğaldan azad olunan torpaqlarımızda tez bir zamanda həyat canlanacaq. Uzun illər torpaq həsrəti ilə yaşayan insanlar öz doğma yurd-yuvalarına qayıdacaq və xoşbəxt günlərə qovuşacaqlar.

 

İşğaldan azad olunmuş torpaqlarımız yeraltı-yerüstü sərvətlərlə zəngin olduğundan qeyri-neft sektorunun inkişafında, xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalında mühüm rol oynaya bilər. Çünki bu regionlarda pambıqçılığın, taxılçılığın, heyvandarlığın, üzümçülüyün, arıçılığın, tütünçülüyün inkişafı üçün münbit şərait vardır. Əlbəttə ki, aqrar sahənin inkişafı üçün həmin ərazilərin əkinə hazırlanması xeyli miqdarda vəsait, işçi qüvvəsi, mühüm aqrotexniki tədbirlərin həyata keçirilməsini tələb edəcəkdir ki, Azərbaycan hökuməti artıq Prezidentimizin tapşırıqları əsasında əsaslı işlər görməyə başlamışdır. Nəqliyyat infrastrukturunun qurulması, Şuşa şəhərinə yol çəkilişinin sürətlə davam etdirilməsi, ərazilərin minalardan təmizlənməsi, su, işıq təminatının yaradılması sahəsində tədbirlərin görülməsi tezliklə bütün ərazilərimizdə normal həyatın davam edəcəyinə bir zəmanətdir.

 

Qarabağ Dirçəliş Fondunun da bu sahədə fəaliyyəti, sözsüz ki, səmərəli olacaqdır və elə bilirəm ki, hər bir vətəndaş onun formalaşmasında, imkanlar qazanmasında yaxından iştirak edəcəkdir. Bu, Qarabağın bir daha bütün dünyaya tanıdılması və ən gözəl, inkişaf edən regiona çevrilməsi üçün çox vacibdir.

 

 

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Azərbaycan.-2021.- 28 yanvar.- S.4.