Azərbaycanı dünyada şərəfləndirən qələbə

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev respublikamızın ərazi bütövlüyünü bərpa etməklə öz tarixi missiyasını uğurla yerinə yetirdi

 

 

 

Füzulinin azad olunması strateji uğur idi

 

 

 

“Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!” Bu müjdəni Prezident İlham Əliyev Azərbaycan xalqına oktyabrın 17-də etdiyi müraciətində verdi.

 

Cəbrayıldan sonra Füzuli şəhərinin də azad edilməsi Azərbaycan xalqı tərəfindən böyük coşqu ilə qarşılandı. Füzulinin azad edilməsi həm də ordumuzun qarşıdakı əməliyyatları baxımından strateji əhəmiyyət kəsb edirdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müraciətində qeyd etdi ki, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verdi.

 

Bir məsələni də xüsusi qeyd etməliyik ki, Ermənistan Füzuli istiqamətində cəbhə xəttini olduqca gücləndirmişdi, bir neçə mərhələli müdafiə mövqeləri yaratmışdı. Lakin qəhrəman Azərbaycan əsgərinin gücü və əzmi qarşısında bu mövqelər tab gətirə bilmədi və elə ilk həmlədə ələ keçirildi. Füzulinin azad edilməsi ilə ordumuz yeni tarix yazdı, öz gücünü, döyüş əzmini bir daha nümayiş etdirdi.

 

Bölgə inzibati ərazi vahidi kimi Füzuli 1827-ci ildə yaradılıb və ilkin adı Qarabulaq olub. Rayon kimi isə sovet hakimiyyəti dövründə 1930-cu ilin avqust ayında təşkil olunub və çar Rusiyasının generalının şərəfinə Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli adlandırılıb.

 

Vaxtilə rayonda onlarca insana Sosialist Əməyi Qəhrəmanı adı verilib. 7 çağırış SSRİ Ali Sovetinin, 9 çağırış Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilmiş Şamama Həsənova 2 dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Füzulidən 300-dən artıq elmlər namizədi və elmlər doktoru yetişib.

 

1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun kəndləri işğal olundu. Həmin ilin dekabrında Azərbaycan Ordusunun başlatdığı əməliyyat nəticəsində yanvar ayında işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. Hazırda rayonun 140 min nəfərdən artıq əhalisinin 50 faizə qədəri rayon ərazisindəki Horadiz şəhərində, 21 kənddə və 17 qəsəbədə yaşayır. Ölkə rəhbəri İlham Əliyevin sərəncamları ilə Füzuli rayonu ərazisində məcburi köçkünlər üçün 11 Qayıdış, 5 Zobucuq, 1 Fin qəsəbələri salınıb. Əhalinin digər qismi Bakı, Sumqayıt, Gəncə, Beyləqan, İmişli, Saatlı, Sabirabad və digər şəhər və rayonlarda məcburi köçkün kimi müvəqqəti məskunlaşıb.

 

Azərbaycan Ordusunun işğaldan azad etdiyi növbəti ünvanlardan biri də Araz çayı üzərindəki qədim Xudafərin körpüsü oldu. Prezident İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılmasını oktyabrın 18-də elan etdi.

 

Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş, XI-XII əsrlərə aid bu körpünün azad edilməsinin xalqımız üçün xüsusilə mühüm əhəmiyyəti var. Çünki bu körpü bizim tariximizin, zəngin dövlətçiliyimizin tərənnümçüsüdür. Bu körpü Azərbaycan xalqının milli kimliyinin təsdiqidir. Körpünün işğaldan oktyabrın 18-də - Azərbaycanın Dövlət Müstəqilliyi Günü azad edilməsinin isə xüsusilə rəmzi mənası var. Körpünün məhz həmin gün azad edilməsi müstəqillik tariximizi daha da şərəfləndirdi.

 

 

 

İranla dövlət sərhədinə nəzarət tam təmin olundu

 

 

 

Oktyabr ayı boyunca işğaldan azad edilən yaşayış məntəqələrinin sırasına hər gün yeniləri əlavə olunurdu. Ordumuzun qarşısında duruş gətirə bilməyən düşmən artıq son nəfəsini verir və Böyük Qələbəyə sayılı günlər qalırdı. Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılmasından bir gün sonra - oktyabrın 19-da xalqımız Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin azad olunması xəbəri ilə sevindi.

 

Kəndləri işğaldan azad olunan rayonların sırasına oktyabrın 20-dən Zəngilan da əlavə olundu. Beləliklə, Azərbaycan Ordusunun qələbələrinin növbəti ünvanı Zəngilan şəhəri və bu rayonun kəndləri oldu. Bu barədə Prezident İlham Əliyev oktyabrın 20-də Azərbaycan xalqına etdiyi növbəti müraciətində məlumat verdi. Xatırladaq ki, bu, Prezidentin sayca beşinci bəyanatı idi. Şanlı Azərbaycan Ordusunun Zəngilan rayonu ərazisinə də daxil olduğunu deyən dövlət başçısı Havalı, Zərnəli kəndi, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərini və Zəngilan şəhərinin azad edilməsi xəbərini xalqımıza çatdırdı.

 

Bununla yanaşı, Ali Baş Komandan Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli və Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi) və Çinarlı kəndlərinin azad olunduğunu da bəyan etdi. “Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Haradadır bu “yenilməz Ermənistan ordusu?” Görün, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq”, - deyə Prezident İlham Əliyev müraciətində bildirdi.

 

Prezident İlham Əliyev oktyabrın 21-də özünün rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etdiyini bildirdi.

 

Oktyabrın 22-də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili, Zəngilan rayonunun isə Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin və Ağbənd qəsəbəsinin azad olunması xəbəri gəldi. Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu.

 

Oktyabrın 23-də isə Ali Baş Komandan Müzəffər Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərinin, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərinin işğaldan azad olunduğunu bəyan etdi.

 

 

 

Zəngilandan Qubadlıya doğru

 

 

 

Zəngilandan sonra Azərbaycan Ordusunun növbəti hədəfi Qubadlının azad olunması idi və bu rayondan ilk xəbər oktyabrın 23-də gəldi. “Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir”, - deyə Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində yazdı.

 

Zəngilanın azad edilməsindən sonra Ermənistan Qubadlı rayonu ərazisinə əlavə qoşunlar cəlb etmişdi. Lakin Müzəffər Ordumuzun qarşısında onların hamısı aciz qaldı və oktyabrın 25-də Ali Baş Komandan İlham Əliyevin Qubadlı şəhərinin işğalçılardan azad edilməsi xəbərini xalqımıza verdi.

 

Dövlət başçısı Qubadlı şəhərinin və bu rayonun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik etdi, onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzuladı.

 

Oktyabrın 26-da xalqa müraciət edən Prezident İlham Əliyev Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin və Qubadlı şəhərinin azad olunduğunu bəyan etdi.

 

Uğurlu hücum əməliyyatlarını davam etdirən ordumuz oktyabrın sonlarına doğru Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Aladin, Vejnəli, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan, Kavdadıq, Məmər, Mollalı kəndlərini də işğaldan azad etdi.

 

Noyabrın əvvəllərində növbəti uğurlu əməliyyatlar həyata keçirən ordumuz Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Mirək, Kavdar, Yuxarı Məzrə, Yanarhac, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Məşədiismayıllı, Şəfibəyli, Beşdəli, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı, Başarat, Qarakişilər, Qaracallı, Qəzyan, Balasoltanlı, Mərdanlı, Xocalının Qarabulaq, Moşxamat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etdi. Bunlar barədə Prezident İlham Əliyev noyabrın 2-də, 4-də və 7-də “Twitter” hesabından məlumat verdi.

 

 

 

Qarabağın tacı azad edildi

 

 

 

Sentyabrın 27-dən başlanan hərbi əməliyyatlardan sonra hər gün cəbhədən Azərbaycan əsgərinin qələbə dolu müjdələri gəldi. Bu qələbələrlə Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinin ən şərəfli səhifələrinin müəllifinə çevrildi. Hər gün işğaldan azad edilmiş yaşayış məskənlərimizin sıralarına yeni adlar yazıldı.

 

Prezident İlham Əliyev müsahibələrindən birində bildirmişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə hərbi əməliyyatların gedişində bütün Azərbaycan xalqı Şuşanın azad olunacağı günü gözləyirdi. Hər gün irəli gedən, düşməni əzən Azərbaycan əsgəri müzəffər yürüşü ilə o günü reallaşdırdı və noyabr ayının 8-də Qarabağın tacı Şuşanı azad etdi.

 

Həmin gün and yerimiz olan Şəhidlər xiyabanından xalqa müraciət edən Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqımızı təbrik etdi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm”.

 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edərək Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə onu təbrik etdi. Dövlət başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırdı.

 

 Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilandan sonra qədim Azərbaycan şəhəri, milli qürurumuzun ünvanı Şuşanın azad edilməsi bütün Azərbaycan xalqının dərin sevincinə səbəb oldu. Şuşanın işğaldan azad edilməsi müasir Azərbaycan tarixinə ən möhtəşəm hadisə kimi həkk olundu. Bu qələbənin fatehi isə Ali Baş Komandan İlham Əliyevdir. İlham Əliyevin gücləndirdiyi ordusu, qəhrəman əsgərlərimiz bu qələbəni, bu sevinci xalqımıza yaşatdılar.

 

 

 

Ermənistan məğlubiyyətini bəyan etdi

 

 

 

Prezident İlham Əliyev noyabrın 9-da daha 72 kəndin, 1 qəsəbənin və 8 strateji yüksəkliyin azad olunduğunu bəyan etdi. Bundan sonra Azərbaycanın qarşısında məğlubiyyətini anlayan işğalçı Ermənistanın rəhbərliyi Prezident İlham Əliyevin şərtlərinə uyğun kapitulyasiya aktını imzalamağa məcbur edildi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya, təslim olmağa məcbur oldu. Bununla da ölkəmizin ərazi bütövlüyü təmin edildi. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı bəyanat işğalçı ölkənin məğlubiyyətinin təsdiqi oldu.

 

Bəyanatda yer alan müddəalar və qarşıya qoyulan vəzifələr Ermənistanın respublikamızın ərazi bütövlüyü ilə bağlı razılaşmaları yerinə yetirməsinə məcbur edilməsindən ibarətdir. 30 ilə yaxın idi torpaqlarımızı işğal altında saxlayan, sülh danışıqlarının birinci bəndini belə yerinə yetirməkdən boyun qaçıran Ermənistanı Azərbaycan güc yolu torpaqlarımızdan çıxmağa məcbur etdi. Azərbaycan Ordusu işğalçını torpaqlarımızdan qovaraq, dəmir yumruqla məhv edərək çıxartdı. Ali Baş Komandan İlham Əliyev bütün dünyaya, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinə sübut etdi ki, danışıqları anlamayan Ermənistanı müharibə yolu ilə başa salmaq mümkündür.

 

“Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur” - deyə Prezident İlham Əliyev noyabrın 10-da xalqa müraciətində bildirdi.

 

Noyabrın 10-da Ermənistan baş nazirinin imzaladığı kapitulyasiya aktından sonra ölkənin hakimiyyət orqanları müharibədəki məğlubiyyəti rəsmən etiraf etdilər. Beləliklə Azərbaycan torpaqlarının bir hissəsini döyüş yolu ilə azad etdi. Kapitulyasiya aktına əsasən isə Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxarması ilə bağlı öhdəlik götürdü. Ordumuzun sürətli yürüşünün nəticəsi olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyi Prezident İlham Əliyevin şərtlərini yerinə yetirməyə məcbur oldu.

 

44 günlük müharibə Azərbaycan üçün şərəf və milli ləyaqət məsələsi idi. İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəmanlıqla döyüşən ordumuz və öz rəhbəri ətrafında sıx birləşən, həmrəylik nümayiş etdirən xalqımız bu müharibədən şərəflə və ləyaqətlə çıxdı.

 

 

 

Ağdam, Kəlbəcər və Laçının azad olunması hərbi qələbənin nəticəsi idi

 

 

 

Üçtərəfli Bəyanatın bütün bəndləri Azərbaycanın milli və dövlət maraqlarına uyğun idi. Sənədin bəndləri həm də işğal altında qalan digər rayonların azad olunmasını nəzərdə tuturdu. Beləliklə, Ermənistanın kapitulyasiyasına uyğun olaraq noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycan Ordusunun nəzarətinə keçdi. Hərbi qələbə ilə Ermənistanı məğlub edən Azərbaycan bir güllə belə atmadan hər üç rayonu azad etdi. Artıq bu rayonların hər birində Azərbaycan bayrağı dalğalanır və onların azad edilməsi ordumuzun döyüş meydanlarındakı şanlı qələbələrinin nəticəsidir.

 

Bununla da torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində işğaldan azad olunan rayonlarımızın sırasına Ağdam, Kəlbəcər və Laçın rayonları da əlavə olundu. Bu rayonların azad olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyii ilə Vətən müharibəsində xalqımızın qazandığı şanlı qələbənin nəticəsidir.

 

Qarabağda ikinci erməni dövləti yaratmaq xülyasına düşən Ermənistan ilk olaraq Şuşanı, Laçını və Kəlbəcəri işğal etmişdi. Qarabağ deyəndə əvvəlcə göz önünə Şuşa gəlir. Şuşasız Qarabağı təsəvvür etmək mümkün deyil. Kəlbəcər və Laçın isə Ermənistanla Qarabağ arasında coğrafi bağlılıq baxımından ermənilər üçün strateji əhəmiyyət daşıyırdı. Şuşa həm də kifayət qədər mühüm strateji məkanda yerləşir. Şəhərin təbii relyefi onu düşmən hücumundan olduqca güclü və möhkəm bir şəkildə mühafizə edir. Ona görə 1992-ci ildə şəhərin ermənilər tərəfindən işğal edilməsi Birinci Qarabağ müharibəsinin ən ağrılı hadisəsi olmuşdu. Lakin Şuşanın işğalı Ermənistanın hərbi imkanlarının nəticəsi deyildi. Ermənistan heç vaxt Azərbaycandan güclü olmayıb. Şuşanın işğalı o dövrdə Azərbaycanda gedən siyasi çəkişmələrin, hakimiyyət uğrunda mübarizənin nəticəsi idi. Prezident İlham Əliyev Şuşada hərbçilərlə görüşü zamanı bu barədə danışaraq AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində bu şəhərin işğal olunduğunu bildirdi: “Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. 1992-ci ilin mayında ovaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü”.

 

Şuşanın, daha sonra Laçının işğal olunması hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün siyasi hoqqalarının nəticəsi idi ki, bu da vətənə xəyanətdən başqa bir şey deyildi. O cümlədən Kəlbəcərin işğal olunması AXC hakimiyyətinin yarıtmaz siyasətinin nəticəsi idi. Bununla da düşmən Ermənistandan Qarabağa gedən yollara nəzarəti ələ keçirdi və Azərbaycanın digər rayonlarının işğalı üçün münbit şərait formalaşdı.

 

Ağdama gəldikdə isə, Qarabağda erməni separatizmi başlayanda bu rayon Qarabağın qeyri-rəsmi mərkəzinə çevrilmişdi. Ermənilər Ağdamın adı belə çəkiləndə qorxularından tir-tir əsirdilər. Çünki ağdamlılar Ermənistanın işğal siyasətinin qarşısında keçilməz sipər idilər. Təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində Ağdamda yaradılmış özünümüdafiə batalyonları rayonun və Qarabağın müdafiəsi istiqamətində çox böyük işlər görmüş, qəhrəmanlıq göstərmişdilər. Onlar Ermənistanın işğalçılığının qarşısını almaq üçün qəhrəmancasına döyüşdülər. Lakin AXC hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində 1993-cü ilin ortalarına doğru yaranmış vəziyyət Ağdamın işğal olunmasına səbəb oldu.

 

Bu gün Ağdam azaddır. İlham Əliyev Ağdamı azad etməklə əfsanəvi komandirlər - Milli Qəhrəmanlar Allahverdi Bağırovun, Şirin Mirzəyevin və digər komandirlərin, rayonun 6000 minə yaxın şəhidinin ruhunu şad etdi.

 

Ağdam deyəndə gözümüzün önünə milli mədəniyyətimiz, musiqimiz gəlir. Ağdam Şuşa ilə yanaşı, Azərbaycan musiqisinin beşiklərindən biridir. Bəli, İlham Əliyev Ağdamı azad etməklə, həm də bu zəngin diyarın mədəniyyətini, musiqisini xilas etdi. Bizim böyük sənətkarlarımız, Azərbaycanın ilk Xalq artisti, tarzən Qurban Pirimovun, mərhum Xalq artistləri Sara Qədimovanın, Qədir Rüstəmovun ruhları bu gün rahatdır. Çünki biz Qarabağa, Ağdama qayıtdıq.

 

Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə həm də bütün dünya erməni vəhşiliyinin şahidi oldu. Kənd və şəhərlərimizin dağıdılması hər birimizi göynətdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib, təbiətimizə qəsd edilib. Ağdam, Cəbrayıl, Füzuli şəhərlərindən əsər-əlamət qalmayıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dağıdılmış yurd yerlərimizin qiymətləndirilməsi aparılacaq. Bu işə beynəlxalq qurumlar və xarici ekspertlər də cəlb ediləcək. 30 il ərzində bizə vurulmuş ziyan hesablanacaq və bundan sonra beynəlxalq məhkəmələrdə Ermənistana qarşı təzminat davası açılacaq. O cümlədən son günlərdə də Ağdamı və Kəlbəcəri yandıran düşmən bunların da cavabını mütləq verəcək.

 

Artıq azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri başlayıb. Tək işğalçı yox, həm də barbar olan Ermənistanın yerləyeksan etdiyi, haqlı olaran “Qafqazın Xirosiması” adlandırılan Ağdam da tezliklə yenidən qurulacaq, əvvəlki şöhrətini bərpa edəcək. O cümlədən İlham Əliyevin müəllifi olduğu Böyük Qayıdış proqramı Laçına və Kəlbəcərə yeni nəfəs verəcək. Gözəl təbiəti, zəngin sərvətləri olan bu rayonların daşı, torpağı bir xəzinədir. Bir vaxtlar bütün ittifaq miqyasında məşhur olan Kəlbəcərin İstisuyu bundan sonra müstəqil Azərbaycanı dünyada tanıdacaq. Laçın, Şuşa, Qubadlı öz gözəllikləri ilə Azərbaycanın turizm mərkəzlərinə çevriləcəklər, iqtisadi potensialları ilə ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfə verəcəklər.

 

Artıq bu il dövlət büdcəsindən işğal altında olan ərazilərin yenidən qurulması üçün 2,2 milyard manat vəsait ayrılıb. Hesab edirəm ki, bu vəsaitlə, o cümlədən Prezidentin sərəncamı ilə yaradılan Qarabağ Dirçəliş Fondunun iştirakı ilə bu il işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində böyük işlər görüləcək. Artıq işlər başlayıb. Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı təməli qoyulan aeroport, Füzuli-Şuşa yolunun tikintisinə atılan ilk addımlardır və görünən odur ki, İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ tezliklə cənnətə çevriləcək.

 

 

 

(Ardı var)

 

 

Ziyad SƏMƏDZADƏ,

AMEA-nın həqiqi üzvü,

Milli Məclisin deputatı

Azərbaycan.-2021.- 28 yanvar.- S.5.