Avropada ədalət mühakiməsinin
səmərəliliyinə azərbaycanlı hakim nəzarət
edir
Bakı
Apellyasiya Məhkəməsinin hakimi Ramin Qurbanovun Avropa
Şurasının mühüm hüquq təsisatı olan
SEPEJ-in prezidenti vəzifəsinə təkrar seçilməsi
həm də ölkəmizdə aparılan məhkəmə-hüquq
islahatlarına beynəlxalq etimadın göstəricisidir
Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ərəfəsində olan müstəqil Azərbaycan yalnız sosial-iqtisadi uğurları ilə deyil, həm də mütərəqqi ruhlu hüquqi-siyasi islahatları, insan və vətəndaş hüquq-azadlıqlarının təminatına yönəlmiş kompleks tədbirlər sistemi ilə hazırda beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində ardıcıl islahatlar həyata keçirən respublikamız, eyni zamanda müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması sahəsində də mühüm nailiyyətlərə imza atıb.
Dövrün aktual çağırışlarına, Azərbaycanın dinamik iqtisadi inkişaf strategiyasının nailiyyətlərinə əsaslanan bu islahatlar respublikamızın məhkəmə-hüquq sistemi ilə bağlı beynəlxalq arenada obyektiv rəyin formalaşmasını təmin edir. Təkcə onu demək kifayətdir ki, son 15 ildə ölkəmizdə hakim vəzifəsinə seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi, habelə bu sahədə mükəmməl mexanizmlərin formalaşdırılması Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (SEPEJ/CEPEJ) tərəfindən yüksək qiymətləndirilməklə, təşkilata üzv dövlətlərə mütərəqqi təcrübə kimi tövsiyə olunub.
Bu gün Avropanın hətta bir sıra inkişaf etmiş ölkələrində belə hakimlər və məhkəmələrin fəaliyyəti ilə bağlı müəyyən problemlərin, nöqsanların müşahidə edildiyi halda, SEPEJ-in Azərbaycanın məhkəmə-hüquq islahatlarının uğurlarını təqdir etməsi, habelə ölkəmizlə qarşılıqlı etimada əsaslanan əməkdaşlığı obyektiv reallığı əks etdirir.
Yüksək etimadın təzahürü
Bu etimadın nəticəsidir ki, Vətən müharibəsində Şanlı Qələbəmizin qeyd edildiyi bir dövrdə 2020-ci il dekabr ayının 8-də Fransanın Strasburq şəhərində 47 Avropa dövlətinin nümayəndələrinin videokonfrans formatında iştirak etdiyi plenar iclasında Azərbaycanın nümayəndəsi, hüquq elmləri doktoru Ramin Qurbanov Avropa Şurasının mühüm hüquq təsisatı olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti vəzifəsinə təkrarən seçilib və bu ilin yanvar ayından səlahiyyətlərinin icrasına başlayıb.
Ramin Qurbanov 2005-ci ildən Avropa Şurasının sözügedən qurumunda ölkəmizi layiqincə təmsil edir. O, SEPEJ-də Azərbaycanın təmsilçisi, milli məruzəçisi olaraq uzun illər qurumun əksər işçi qrup və komitələrinin fəaliyyətində məhsuldar, fəal iştirakı ilə rəğbət qazanıb. Avropa ölkələrinə təşkil olunan monitorinq səfərlərində səmərəli fəaliyyət göstərərək onlardan bir neçəsinə rəhbərlik edib. Avropa Şurasının müraciətləri əsasında xarici dövlətlərdə SEPEJ-in fəaliyyətini, ədliyyə sahəsində Avropa standartlarını, o cümlədən ölkəmizin məhkəmə-hüquq sistemindəki müsbət təcrübəsini təbliğ edib. Avropa Şurasının bir sıra elmi nəşrlərinin hazırlanmasında yaxından iştirak etməklə, onların müəllifi olub.
Bu sahədəki uğurlu fəaliyyəti, bacarıqlı təşkilatçılığı, daim ədalətli və prinsipial mövqe nümayiş etdirməsi sayəsində azərbaycanlı hüquqşünas gizli səsvermə əsasında öncə SEPEJ-in büro üzvü, sonra vitse-prezidenti seçilib və 2018-ci ildə isə ona bu mühüm hüquq təsisatına prezidentlik vəzifəsi Avropanın 47 üzv-dövləti tərəfindən etibar edilib.
Xüsusilə qeyd edilməlidir ki, məhz dövlət başçısının səmərəli kadr siyasətinin nəticəsi olaraq həm Avropa Şurası, həm də Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan nümayəndəsi Avropa Şurası kimi nüfuzlu beynəlxalq regional təşkilatın ədliyyə və məhkəmə sahəsində mühüm hüquq təsisatına - Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasına təkrarən rəhbər seçilib.
Ölkəmizin Avropa hüquq məkanında layiqli təmsilçisi
Avropa Şurasının “Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə” İşçi Qrupunun altı ekspert üzvündən biri olmuş Ramin Qurbanov İsveçrə, Estoniya, Kipr, Slovakiya və Gürcüstanın məhkəmə sistemlərinin qiymətləndirilməsində iştirak edib. O, həmçinin Litva, Latviya, Moldova, Çexiya və Şimali Makedoniyaya göndərilən monitorinq qruplarına rəhbərlik edib. Azərbaycanın mütərəqqi məhkəmə-hüquq islahatları və onun səmərəli fəaliyyəti nəticəsində 2014-cü ildə SEPEJ-in 47 üzv dövlətinin ədliyyə, məhkəmə, prokurorluq və vəkillik üzrə 100-dən çox yüksək vəzifəli nümayəndəsinin iştirakı ilə ilk dəfə Strasburqdan kənarda - məhz Bakıda plenar iclası keçirilib. İclasda Avropa ölkələrinin məhkəmə sistemlərinin qiymətləndirilməsinə dair 2014-cü il tarixli irihəcmli Avropa hesabatı təsdiq olunub. SEPEJ-ə üzv 47 dövlətin iştirakı ilə baş tutmuş plenar iclasda Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsinə dair Avropa Hesabatının qəbulu mühüm hadisə kimi tarixiləşib. Sonrakı mərhələdə bu hesabata məhz “Bakı hesabatı” kimi istinad edilib.
Azərbaycanlı hüquqşünas-alim Avropa Şurası tarixində ilk dəfə olaraq “Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası: elmi və təcrübi əhəmiyyəti” adlı 22 nömrəli elmi nəşrin Fransa və İsveçrə alimləri ilə (professorlar Jan-Pol Jan, Fransua Peşer, Jak Büllerlə) birgə hazırlanmasına və Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının nümunə kimi göstərilməsi ilə ingilis və fransız dillərində 47 Avropa ölkəsinin razılığı əsasında nəşrinə nail olub.
Ramin Qurbanovun prezident seçilməsi ilə SEPEJ-ə əsasən Qərbi Avropa ölkələrinin (əvvəllər Almaniya, İtaliya, İngiltərə, Avstriya) nümayəndələrinin rəhbərlik etməsi ənənəsinə də son qoyulub. Ümumiyyətlə isə, SEPEJ-in rəhbər orqanlarına - prezident, vitse-prezident və iki sadə üzvlüyə seçkilər çox gərgin rəqabət şəraitində keçir. Xüsusilə sədrliyə namizəd şəxslərin Avropa dəyərlərinə sadiqliyi, yüksək mənəvi keyfiyyətləri, nüfuzu, əmək fəaliyyəti, eləcə də qurumun fəaliyyətinə verdiyi sanballı töhfələr və digər amillər ciddiliklə nəzərə alınır. Azərbaycanın nümayəndəsi Ramin Qurbanovun Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının işinə verdiyi layiqli töhfələrinə görə təşəkkür elan olunmuş ilk hakim olması bu baxımdan hər bir azərbaycanlı üçün qürurverici fakt kimi vurğulanmalıdır.
Mütərəqqi islahatların məntiqi nəticəsi
Ramin Qurbanov verdiyi müsahibəsində bu əlamətdar hadisəni respublikamızın böyük uğuru kimi dəyərləndirdi. SEPEJ-in rəhbəri son 15 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, insan amilini önə çəkən mütərəqqi məhkəmə-hüquq islahatlarının Avropa məkanında müsbət qarşılandığını və ölkəmizin nüfuzunun yüksəlməsinə əsaslı təkan verdiyini qeyd etdi: “Bu mühüm nailiyyət Ümummilli Lider Heydər Əliyevin siyasətini bütün sahələrdə yeni dövrün tələblərinə uyğun davam etdirən Prezident cənab İlham Əliyevin 2004-cü ildən etibarən məhkəmə-hüquq sisteminə yeni baxış və yanaşması, ardıcıl və sistemli islahatlar strategiyası həyata keçirməsi ilə şərtlənir. Dünya bu uğurlu fəaliyyət modelini görür, qəbul edir və qiymətləndirir.
Eyni zamanda ölkəmizin mədəni irsinin dünyaya tanıtdırılması məqsədilə genişmiqyaslı tədbirlərin davamlı olaraq uğurla icra edilməsi xüsusilə vurğulanmalıdır. Avropa cəmiyyətində azərbaycanlılar barədə düzgün rəyin formalaşması istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Ölkəmizin həyatında yüksək fəallıq göstərən Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqət bütün dünyada, o cümlədən Avropa ölkələrində də yüksək qiymətləndirilir və bu öz növbəsində Avropa cəmiyyətində Azərbaycanın qədim tarixi və mədəniyyəti haqqında haqlı və dolğun təəssürat yaratmışdır”.
Ölkəmizin haqq işi Avropada dəstəkləndi
Fransa, Niderland, Belçika, Lixteyşteyn kimi Avropa ölkələrinin qanunverici orqanlarının 44 günlük Vətən müharibəsindəki layiqli zəfərdən sonra Azərbaycana qarşı qəbul etdikləri qərəzli və əsassız qətnamələr fonunda azərbaycanlı hakimin 2020-ci ilin dekabr ayında yenidən SEPEJ-in prezidenti seçilməsi xüsusilə diqqətçəkici məqamdır.
Azərbaycan təmsilçisinin yüksək bilik və bacarıqları, Avropa Şurasındakı nüfuzu rəhbər tutularaq ona 2020-ci il dekabr ayının 8-də 47 üzv dövlətin nümayəndələri tərəfindən etimad göstərilməsini şərtləndirib. Azərbaycan nümayəndəsinin növbəti iki il müddətində 47 Avropa dövlətində, o cümlədən Ermənistanda aparılan məhkəmə-hüquq islahatlarına nəzarət funksiyasına rəhbərlik etməsi qürurverici olmaqla yanaşı, beynəlxalq arenada növbəti uğurumuzdur.
Hüquq ictimaiyyətində ədalətli hakimlərdən biri kimi tanınan və ən çox bəraət hökmləri verən Ramin Qurbanov bu uğuru ölkəmizin Avropa Şurasındakı yüksək nüfuzu ilə yanaşı, həm də Vətən müharibəsindəki haqlı mövqeyi ilə izah edir: “Azərbaycanın 27 il kağız üzərində qalmış BMT qətnamələrinin hərbi-siyasi yolla icra etməsi və beynəlxalq hüquq normalarının bərpasına nail olması əksər Avropa ölkələri tərəfindən ədalətin bərpası kimi qiymətləndirilir. Təmsil etdiyim qurum çərçivəsində son zamanlar keçirdiyim müxtəlif görüşlər və söhbətlər zamanı ölkəmizə qarşı obyektiv və dürüst münasibətin şahidi oldum və bundan böyük qürur hissi keçirdim.
Bir sıra Avropa ölkələrinin parlamentlərinin qəbul etdiyi son qərəzli qətnamələr, əslində, bu ölkələrin rəhbərliyində təmsil olunan yüksək vəzifəli şəxslərin mövqeyi kimi qəbul olunmamalıdır. SEPEJ sədrliyinə təkrar namizədliyimin həmin ölkələrin nümayəndələri tərəfindən qərəzsiz və ədalətli şəkildə dəstəklənməsi və qiymətləndirilməsi də bunun əyani nümayişi idi”.
Ramin Qurbanov hesab edir ki, dövlət başçısının rəhbərliyi ilə son 17 ildə hücum xətti üzərində yürüdülən çevik və məharətli xarici siyasət və diplomatiya, habelə səmərəli təbliğat strategiyası 44 günlük Vətən müharibəsində Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsini təmin edib. O bildirir ki, uzun illər ərzində Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, müzəffər Ordumuzun hərbi-texniki təchizatının, şəxsi heyətin peşəkarlıq səviyyəsinin, döyüş hazırlığının yüksəldilməsi Ermənistan üzərində layiqli qələbəni təmin edib: “2003-cü ildən etibarən ölkə rəhbəri olaraq cənab İlham Əliyevin yürütdüyü mahir xarici siyasət müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında Ermənistanın işğalçı dövlət kimi tanınması və onun əleyhinə xeyli sayda ifşaedici sənədin qəbulu ilə nəticələnib. Prezident İlham Əliyevin fəal və peşəkar diplomatik addımları, xarici ölkələrə çoxsaylı səfərləri, görüşləri, çıxışları nəticəsində nəinki Avropa ölkələrində, ümumən dünyada Ermənistanın işğalçı siyasətinin mahiyyəti barədə dolğun təsəvvür mövcuddur”.
Heç bir beynəlxalq təşkilat əleyhimizə bəyanat vermədi
Ramin Qurbanov vurğulayır ki, ölkə rəhbərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin milli maraqlara və beynəlxalq hüquq normalarına uyğun həlli istiqamətində diplomatik, siyasi və hərbi fəaliyyəti 2020-ci ildə tarixi Zəfərin əldə olunmasına etibarlı zəmin formalaşdırıb: “2020-ci il bu baxımdan bir sıra mühüm hadisələrlə zəngin olub. Fevral ayının 15-də Münhen Təhlükəsizlik Konfransında təşkil edilmiş debatda Azərbaycan Prezidenti İlham Əliyevin baş nazir N.Paşinyanı ciddi fakt və arqumentlərlə susdurmasını, iyun ayının 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatlı sammitində Ermənistanın danışıqları pozmasını xüsusi qeyd etməsi, sentyabr ayının 21-də BMT-nin videokonfrans formatlı 75-ci sessiyasında kəskin və qətiyyətli çıxışı, nəhayət, iyulun əvvəlində Tovuz təxribatına cavab kimi düşmənə layiqli hərbi zərbələr endirmək barədə göstəriş verməsi xüsusi qeyd edilməlidir. Bu və digər uğurlu siyasi gedişlərin nəticəsi olaraq, Azərbaycanın sentyabrın 27-dən etibarən başladığı əks-həmlə əməliyyatlarına aparıcı region ölkələrinin neytral və obyektiv münasibəti təmin olundu. Eyni zamanda xarici ölkələr Azərbaycanın ərazi bötüvlüyünü dəstəklədiklərini açıq ifadə etdilər, nə 44 günlük Vətən müharibəsi günlərində, nə də sonrakı mərhələdə hansısa beynəlxalq təşkilat Azərbaycan əleyhinə qərəzli bəyanat və ya ittihamla çıxış etmədi. Yanvarın 11-də isə Rusiya Federasiyası Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri N.Paşinyan arasında baş tutan növbəti görüş, habelə imzalanmış növbəti üçtərəfli Bəyanat ölkəmizin müharibədəki tarixi zəfərinin əyani təsdiqi və diplomatik nailiyyəti oldu”.
SEPEJ prezidenti onu da diqqətə çəkir ki, insan hüquqlarının və demokratik azadlıqların təminatı sahəsində ciddi problemləri olan Ermənistanın məhkəmə-hüquq sistemi də acınacaqlı vəziyyətdədir: “Maraqlı bir fakt da qeyd edilməlidir ki, Avropa Şurasının 47 üzv dövlətində ədalət mühakiməsinin həyata keçirilməsi, məhkəmə müstəqilliyinin pozulması və aidiyyəti məsələlərə dair şikayətlər bu komissiyaya ünvanlanır. Məsələn, 2020-ci ilin yanvar ayında Ermənistan Respublikasının müxtəlif qeyri-hökumət təşkilatları hazırkı baş nazirin məhkəmə sisteminə müdaxiləsi, “Mənim addımım” fraksiyasının əksər nümayəndələrinin Konstitusiyaya düzəliş edilməsi ilə bağlı müraciət etmələri, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyana qarşı cinayət işinin qaldırılması, onun hakim toxunulmazlığı hüququnun pozulması, yeddi hakimin məhkəmədən uzaqlaşdırılması cəhdi ilə bağlı bizə şikayət ediblər”.
İnsan amili ön plandadır
Ramin Qurbanov xüsusi vurğulayır ki, son 15 ildə ölkədə məhkəmə-hüquq islahatlarının uğurla reallaşmasında xüsusi rol oynayan Məhkəmə-Hüquq Şurasının həyata keçirdiyi islahatlar ardıcıl və sistemli xarakteri ilə istər ölkə daxilində, istərsə də xaricində diqqəti cəlb edib. Bəzi Avropa ölkələrindən fərqli olaraq bu gün Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyini təmin edən müasir qanunvericilik bazası formalaşıb, məhkəmə orqanlarında hakim korpusunun sağlamlaşdırılması və yeniləşdirilməsi, seçim prosesinin şəffaf və ədalətli meyarlar əsasında həyata keçirilməsi vacib istiqamətlərdən biri kimi müəyyənləşdirilib”.
SEPEJ rəhbəri onu da bildirir ki, Azərbaycanda 2004-cü ildən geniş vüsət almış islahatların əsas hədəfi məhkəmə-hüquq sistemini ölkənin dinamik inkişaf tempinə uyğun olaraq müasirləşdirmək, məhkəmə orqanlarının özünüidarə imkanlarını genişləndirmək və ədalət mühakiməsinin səmərəliliyini artırmaqdır. Bu istiqamətdə mühüm addımlardan biri hələ 2004-cü ildə Məhkəmə-Hüquq Şurası haqqında qanunun qəbulu və həmin qanun əsasında Məhkəmə-Hüquq Şurasının yaradılması olub: “Demokratik cəmiyyətlərdə mühüm yer tutan bu təsisatın yaradılmasında əsas məqsəd məhkəmə sisteminin müstəqilliyini, məhkəmələrin özünüidarə funksiyalarını gücləndirməkdir.
2005-ci ildən fəaliyyət göstərən Məhkəmə-Hüquq Şurası ötən 15 ildə müstəqil məhkəmə sisteminin təmin edilməsi, məhkəmələrin işinin və vakant hakim vəzifələrinə namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və digər məsələlərin reallaşdırılmasını uğurla təmin edib”.
Ramin Qurbanov qeyd edir ki, “SEPEJ Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsinə dair iki ildən bir hazırladığı irihəcmli hesabatlarında müxtəlif meyarlar üzrə Avropa ölkələrinin məhkəmə və ədliyyə sistemlərinin fəaliyyətini qiymətləndirir, Avropada mövcud olan vəziyyəti və tendensiyaları təhlil edir. Bu göstəricilərdən biri də Avropa ölkələrində məhkəmələrin ümumi iş yükü, əhalinin sayına nisbətdə hakimlərin, prokurorların, vəkillərin sayının müəyyənləşdirilməsidir. Ötən ilin oktyabr ayında dərc olunmuş hesabata görə Avropa ölkələrində yüz min əhaliyə düşən hakimlərin orta sayı 21, prokurorların orta sayı 12, vəkillərin orta sayı 164 olmuşdur. Ümumiyyətlə, hakimlərin iş yükünün səmərəli tənzimlənməsi ədalət mühakiməsinin həyata keçirilməsinin keyfiyyətinə və vətəndaşların məhkəmə sisteminə inamına birbaşa təsir edən amillərdən biridir.
Dövlət başçısının 19 yanvar 2006-cı il tarixdə imzaladığı Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdırilməsi ilə bağlı fərmanında Məhkəmə-Hüquq Şurasına tövsiyələrdən biri də məhz məhkəmələrdə hakimlərin sayının artırılması ilə bağlı idi: “Bu məqsədlə Azərbaycanda artıq avropalıların da etiraf etdiyi kimi, ən mütərəqqi seçim qaydaları tətbiq edilib. “Məhkəmə-Hüquq Şurası haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən təsis olunmuş Hakimlərin Seçki Komitəsi də bu istiqamətdə səmərəli fəaliyyəti ilə seçilib. Komitə hakimliyə iddialılar üçün 2005-ci ildən çoxmərhələli prosedurlarla test üsulu ilə, habelə yazılı və şifahi imtahanlar təşkil edib, sonrakı mərhələdə onlar müvafiq tədris kurslarına cəlb olunub”.
Ölkə rəhbərinin müvafiq fərmanları ilə hakim ştatlarının sayı son 15 ildə 3 dəfəyədək artırılaraq 800-ə çatdırılıb. Hakimlərin işinin asanlaşdırılması, habelə vətəndaşlara göstərilən xidmətlərin yaxşılaşdırılması məqsədilə məhkəmə aparatı işçilərinin sayının 75 faizdən çox artırılması, hər bir hakimə ayrıca köməkçi ştatının ayrılması da səmərəli nəticələr verib. Ümumiyyətlə, hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə, ən müasir beynəlxalq tələblər səviyyəsində seçimi nəticəsində son illərdə 4000-dən çox namizəd arasından 400-dən çox yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunub. Bunun nəticəsidir ki, ölkə üzrə hakim korpusunun 60 faizini, Bakı şəhəri üzrə 80 faizini, apellyasiya instansiyaları məhkəmələrində isə yarıya qədərini məhz bu cür şəffaf seçimlərdən müvəffəqiyyətlə keçərək təyin olunmuş yeni nəsil hakimlər təşkil edirlər.
Yeni dövrün diktə etdiyi islahatlar
Son illər hakimlərin müstəqilliyinin artırılması məqsədilə onların təyinat müddətinin artırılması istiqamətində də mühüm addımlar atılıb. Əvvəllər hakimlər birinci instansiya məhkəmələrinə 5 il, yuxarı instansiya məhkəmələrinə 10 il müddətinə təyin edilirdilər. Məhkəmə-Hüquq Şurası tərəfindən aparılan məhkəmə islahatları nəticəsində artıq hakimlərin ən yüksək həddədək - müddətsiz təyinatı, yəni pensiya yaşınadək müəyyən olunub, habelə seçim prosedurları təkmilləşdirilib.
Bu islahatların Avropa Şurasına üzv ölkələr tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıran Ramin Qurbanov Ədliyyə Nazirliyi “Elektron məhkəmə” informasiya sisteminin formalaşdırılması və tətbiqi üzrə İşçi Qrupunun rəhbəri kimi bildirir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 13 fevral tarixli “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncamı vətəndaş məmnunluğuna səbəb olan müasir, sivil və şəffaf xidmətlərin məhkəmə orqanlarının fəaliyyətində geniş tətbiqinə imkan yaradıb: “Məhkəmələri əhatə edən bu müasir sistem vətəndaşların məhkəmələrlə münasibətlərinin daha çevik və işlək mexanizmlər əsasında qurulmasına, işlərə baxılmasında qanunvericiliyin tələblərinə tam riayət olunmasına imkan yaradıb, operativliyi və şəffaflığı maksimum səviyyədə təmin edib, vətəndaşların məhkəmələrə əlçatımlığını xeyli asanlaşdırıb. Bu sistemin formalaşması zamanı bir çox ölkələrin müsbət təcrübələri öyrənilib, ölkəmizin hüquq sisteminin milli ənənələri nəzərə alınıb və bu sistemin beynəlxalq səviyyədə tanınması təmin olunub.
“Elektron məhkəmə” informasiya sisteminin tərkib hissəsi olan “Məhkəmənin nəbzi: İdarəetmədə inqilab” adlı bölməsi 2017-ci ildə məhkəmə sisteminin tarixində ilk dəfə olaraq Avropa Şurasının ekspertləri tərəfindən məhkəmə fəaliyyətində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi sistem kimi qiymətləndirilərək “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsində mükafata layiq görülüb.
Bununla yanaşı, ötən illər ərzində məhkəmə sisteminin mülki sahədə iş yükünün böyük hissəsini təşkil edən əmr icraatı qaydasında baxılan işlərin süni intellekt vasitəsilə həlli məqsədilə “İpək yolu” layihəsi uğurla həyata keçirildi və məhkəmə sisteminin tarixində ilk dəfə olaraq bu növdən olan mülki işlər tamamilə hakimlərin üzərindən götürüldü və onların əvəzinə məhkəmə işlərinə sistem tərəfindən baxılaraq elektron qaydada məhkəmə qərarlarının verilməsi təmin olundu. Məhkəmə proseslərinin rəqəmsallaşdırılması sahəsində Azərbaycanın gördüyü bu mütərəqqi işlər müxtəlif beynəlxalq təşkilatların və bir çox ölkələrin diqqətini cəlb etdi. Qürurverici haldır ki, 2018-ci ildə Azərbaycanın bu təcrübəsi Dünya Bankının “Dövlət sektorunun səmərəliliyinin artırılması” adlı beynəlxalq hesabatında dünya üzrə müsbət 14 layihədən biri kimi qəbul olundu”.
Eyni zamanda qeyd olunmalıdır ki, Birləşmiş Millətlər Təşkilatının Dünya Bankı Qrupunun vacib nəşrlərindən hesab edilən “Doing Business” (“Biznesin asanlaşdırılması”) Hesabatında ölkəmizin son nailiyyətlərinin əldə olunmasında “Elektron məhkəmə” informasiya sisteminin formalaşdırılması və uğurlu tətbiqinin də böyük rolu olmuşdur. “Doing Business” Hesabatının “Müqavilələrin icrası” indikatoru üzrə Azərbaycanın milli məruzəçisi olan Ramin Qurbanov bildirib ki, “ölkəmizin dünyanın mühüm inkişaf institutu olan Dünya Bankı ilə sıx əməkdaşlığının 29 illik tarixi vardır və bu təşkilat Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlara daim dəstək verir.
Azərbaycanda iqtisadiyyat, mədəniyyət, incəsənət, təhsil, hüquq sahələrində ardıcıl aparılan və məqsədyönlü xarakter daşıyan islahatlar beynəlxalq ictimaiyyətin və nüfuzlu beynəlxalq təşkilatların diqqətindən yayınmır. Ölkəmizdə, xüsusilə sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar paketi öz mütərəqqi nəticələrini verir və bu nəticələr beynəlxalq qurumların reytinqlərində də öz əksini tapır. Qürurverici haldır ki, ölkə rəhbərliyinin apardığı mütərəqqi islahatlar nəticəsində dünyada biznes durumunun dəyərləndirilməsində ən çox istinad edilən beynəlxalq mənbə sayılan “Doing Business” hesabatındakı reytinqi 3 göstərici üzrə yenilənib, qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 28-ə yüksəlib və bu irəliləmə nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən “dünyanın ən islahatçı ölkələrindən biri” kimi qiymətləndirilib.
Məlumat üçün bildirilir ki, müqavilələrin icrası indikatoru üzrə “Doing Business” hesabatında “Hüquqi proseslərin keyfiyyəti indeksi” vasitəsilə hər bir ölkənin öz məhkəmə sistemində aşağıdakı dörd sahə üzrə yaxşı təcrübələrin tətbiq edilib-edilmədiyi müəyyən edilir: məhkəmə strukturu və prosesləri, məhkəmə işinin idarə edilməsi, avtomatlaşdırılmış (rəqəmsal) məhkəmə sistemi və mübahisələrin alternativ qaydada həlli. Müvafiq sub-indikator üzrə aparılmış diaqnostik yoxlamalar nəticəsində Azərbaycanın göstəricisi 6,5 baldan 10,5 bala kimi artmışdır. Bununla da, ölkədə “Elektron məhkəmə” informasiya sisteminin tərkib hissələri olan kommersiya mübahisələri üzrə elektron icraatın tətbiqi, elektron qaydada iddiaların verilmə imkanın yaradılması, elektron kiçik iddialar sisteminin istifadəyə verilməsi, məhkəmə proseslərinin elektron təyini, hakimlər və vəkillər üçün elektron menecment sisteminin tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi kimi bir sıra mühüm islahatların aparılması Dünya Bankı tərəfindən təsdiq olundu. Bu sahədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən görülmüş genişmiqyaslı işlər və mütəmadi hazırlanmış iqtisadi islahatların icmalları xüsusi qeyd olunmalıdır”.
Müsahibimiz xüsusi vurğulayır ki, Azərbaycanın məhkəmə-hüquq sistemi yeni çağırışlara və cəmiyyətin inkişaf dinamikasına adekvat olaraq müasirləşdirilir, qanunverici və institusional islahatlar səmərəli nəticələr verir: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı isə məhkəmə-hüquq sistemində, sözün əsl mənasında, inqilabi islahatların əsasını qoyub, onların xəritəsini müəyyən edib. Fərmanda hakimlərin sayının 200 nəfər artırılması, məhkəmələrin fəaliyyətində yeni texnologiyaların tətbiqi - məhkəmə qərarlarının icrasının elektronlaşdırılması, elektron məhkəmə sisteminin tətbiqinin davam etdirilməsi, özəl icra sisteminin yaradılması, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması, məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması, hakimlərin sosial müdafiəsinin və fərdi müstəqilliyinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması və digər konseptual mühüm məsələlər əksini tapıb.
Qısa müddətdə fərmanda yer almış tövsiyə və tapşırıqların böyük əksəriyyətinin uğurla reallaşdırılması, şübhəsiz, beynəlxalq arenada da yüksək qiymət alır”.
Avropa qitəsində insan hüquqlarını müdafiə edən aparıcı regional təşkilat olan Avropa Şurası çərçivəsində Ramin Qurbanovun qazandığı uğur ölkəmiz üçün təbliğati-siyasi baxımından da əhəmiyyətlidir. Bu fakt bir daha göstərir ki, Avropa ölkələrində ölkəmizin məhkəmə hüquq-sistemində həyata keçirilən mütərəqqi islahatlarla bağlı yetərincə dolğun və obyektiv təəssürat formalaşıb.
Sevindirici haldır ki, TAP, TANAP kimi strateji əhəmiyyətli layihələrlə Avropanın dayanıqlı enerji təhlükəsizliyinə layiqli töhfələr verən Azərbaycan, eyni zamanda bu geosiyasi məkanda məhkəmə-hüquq islahatlarının mütərəqqi xarakteri ilə diqqət mərkəzindədir.
Xəyalə
MURADLI,
Azərbaycan.-2021.- 28 yanvar.- S.6.