Ağdamlılar Böyük
Qayıdışa hazırdırlar
- Əmi, gedirik ey, biz də gedirik...
- Hara gedirsiz?
- Kəndimizə...
- Çoxmu sevinirsən?
- Lap çox, lap çox...
- Birinci dəfədi gedirsən?
- Bəli, əmi, görməmişəm axı
kəndimizi. Evimizdəki alboma baxanda
atamın, anamın şəkillərində görmüşəm.
Babam deyir ki, ora elə
qəşəngdi, elə
gözəldi ki...
- İnşallah,
tezliklə gedib görərsiz.
- Hə, bacım da, mən də
çox istəyirik. Amma deyirlər ki, ermənilər oraları dağıdıblar. Eybi
yox, atam deyir ki, bizə
yeni ev
tikəcəklər, təzə
məktəbimiz olacaqdır.
- Bəli, hər şeyiniz olacaq, özü də əvvəlkindən də
yaxşı...
- Əmi, gəlin evimizə gedək, atam da, bacım
da çox sevinir, onları da çəkin...
Gözləri elə gülür ki, sanki heç
vaxt belə sevinc hissi yaşamayıb
bu qızcığaz. Elə adı
da Sevincdir, 8 yaşı var. Ağdamın
Salahlı-Kəngərli kəndindəndirlər,
Bərdədə məcburi
köçkünlər üçün
salınmış qəsəbədə
müvəqqəti məskunlaşıblar.
Xahişini nəzərə
alıb evlərinə
yollanırıq...
Əslində balaca Sevincin keçirdiyi hissləri bu gün bütün
ağdamlılar yaşayır. Ağdamı, dədə-baba yurdunu heç vaxt görməyən Sevinc kimi minlərlə uşaq var. Amma indi təkcə uşaqlar deyil, elə böyüklər də sevinc içindədirlər.
"Ali Baş Komandanımıza nə qədər alqış eləsək,
yenə də azdır"
Hümbətovlar ailəsinin qonağıyıq. Ailənin başçısı
Əmir Hümbətov
1967-ci ildə Salahlı-Kəngərli
kəndində anadan olub. Atası, anası Ağdam
nisgili, yurd həsrəti çəkə-çəkə
haqq dünyasına qovuşublar. Bu xoş günü yaşamaq onlara qismət olmadı, amma övladlarına, nəvələrinə nəsib
olub. Ruhları sevinir indi...
Bir oğul,
iki qız atası olan Əmir Hümbətov deyir ki, Sevinc
müharibə başa
çatandan bugünə
kimi onu sorğu-suala tutur. Qızı
bütün əşyalarını
toplayıb Ağdama qayıdacaqları günü
gözləyir: "Hər
gün soruşur ki, ata, bəs
nə zaman gedirik? Axı Qarabağı almışıq,
niyə burda qalırıq, kəndimizə
gedək də... Deyirəm ki, biz az da döz, yaxın zamanlarda gedəcəyik.
Allah Prezident İlham
Əliyevə ömür
versin. Bizə bu günləri
görməyi nəsib
etdi. Nisgil dolu günlərimizə
son qoydu. Ağdamı, yurdumuzu qaytaran Ali Baş Komandanımıza nə qədər alqış etsək, yenə də azdır. Həm İlham Əliyev,
həm də xanımı Mehriban Əliyeva hər zaman bizim ən
böyük himayədarımız
olublar. Allah onları var etsin.
Müharibə başlayanda bütün dünya Azərbaycanın
qüdrətini gördü. Azərbaycan Ordusu
illərdən bəri
işğalda olan torpaqlarımızı azad
etdi. Bu gün
təkcə məcburi
köçkünlər yox,
bütün xalqımız
sevinc içindədir.
Şəhidlərimizin qisası alınıb.
Prezident İlham Əliyevə və qüdrətli ordumuza böyük minnətdarlıq hissi ilə tezliklə elimizə, obamıza qayıdacağıq”.
Həyat yoldaşı Şərafət
xanım da sevinc hisslərini bölüşərək deyir
ki, neçə gündür kəndlərini
yuxularında görür. Fikri-xəyalı
Salahlı-Kəngərlidədi: “Biz də uşaq kimi sevinirik vallah. Adam inana
bilmir ki, yurdumuza qayıdırıq.
Amma bir gün qayıdacağımıza
da şübhəm yox idi. Çünki İlham Əliyevə
inanırdıq. Prezidentimiz deyirdi
ki, Qarabağ düşmən tapdağında
qalmayacaq, biz tarixi torpaqlarımızı geri
alacağıq. Əgər sülh
yolu ilə alınmasa, Azərbaycan güc yolunu seçəcək. Belə də
oldu. Ermənilər 4 ilə işğal
etmişdilər Qarabağı.
Amma İlham Əliyev 44 günə geri qaytardı o torpaqlarımızı.
Allah Prezidentimizin yardımçısı olsun.
Həsrətimizə, nisgilimizə son qoydu. Ən böyük arzumuzu
gerçəkləşdirdi”.
Hümbətovlar ailəsi böyük sevinc hissi yaşayır. Ağdama nə
zaman qayıdacaqları
günü səbərsizliklə
gözləyirlər. Ən çox darıxan isə Salahlı-Kəngərlini
yalnız şəkillərdə
görən Sevincdir.
Təbii
ki, onun bütün xəyalları
gerçəkləşəcək.
Biz isə Hümbətovlar
ailəsi ilə növbəti dəfə Salahlı-Kəngərlidə görüşmək
diləyi ilə sağollaşıb ayrılırıq.
“Həsrətə, intizara
son qoyulur, ata-baba yurdumuza qayıdırıq”
Həyətə düşüb şəhərciyi
gəzirik. Hər kəsin simasında
xoş təbəssüm
var. Qarşımıza çıxan
Elşən Eyvazovla ayaqüstü söhbətləşirik.
O, Ağdamın Seyidli
kəndindəndir. 1993-cü
ildə doğma kəndlərini tərk edəndən sonra müxtəlif rayonlarda müvəqqəti olaraq məskunlaşıb. 2015-ci
ildə bu qəsəbəyə köçüblər.
3 övlad atasıdır.
Deyir ki, artıq doğma kəndə dönmək ovqatındadırlar: “Həsrətə,
intizara son qoyulur, ata-baba yurdumuza qayıdırıq. Şükürlər ki, bu günü
görmək, bu sevinci yaşamaq, bu ovqatı ürəyimizdə daşımaq
bizə nəsib oldu. Yurd yerlərimizin nisgilini
çəkə-çəkə gəlib bu xoş
günə çatdıq.
Nə yaxşı ki, bizim torpaq həsrətimiz
vüsala qovuşdu.
Var olsun Ali Baş Komandanımız və müzəffər Ordumuz! Allah İlham Əliyevi
Azərbaycan xalqının
başının üstündən
əskik etməsin.
Biz ağdamlılar hər zaman Prezidentimizdən böyük
dəstək görmüşük.
Müharibədən əvvəl qaçqın
və məcburi köçkünlərə hər
cür qayğı gəstərirdi. İndi də
inanırıq ki, torpaqlarımızı necə
geri qaytardısa, eləcə də ermənilərin xarabalığa
çevirdiyi yurd yerlərimizi yenidən quracaq və cənnət guşəmiz
olan Qarabağ daha da gözəlləşəcək.
Ağdam
əvvəllər də
düşmənə göz
dağı idi. Əminəm
ki, İlham Əliyev rayonumuzu, kəndlərimizi yenidən
qurub yenə də ermənilərə
göz dağı edəcək”.
Ağdam cənnətə, gülüstana çevriləcək
Qəsəbədə Zeynalovlar ailəsinin də qonağı olduq. Əslən Ağdamın Ətyeməzli kəndindəndirlər. Ailənin başçısı Zaur Zeynalov 1993-cü ildə kəndləri işğal edilərkən 11 yaşında olub. Bu gün isə 2 övlad atasıdır. Anası Pəri xanım təqaüdçüdür. Atası Rizvan kişi 2009-cu ildə vəfat edib. Zaur deyir ki, elə ən çox yurd həsrəti çəkən də atası idi: “Bu gün Ağdam azadlıqdadı. Atam illərlə bu günü gözlədi. Dözə bilməsə də, indi ruhu şaddır. Anamın sevincindən gözünün yaşı qurumur. Hər gün İlham Əliyevə alqış, dua edir. Deyir ki, İlham Əliyev arzumuzu, diləyimizi gerçəkləşdirdi, üzümüzü güldürdü. Qarabağ dərdimizə əlac edən İlham Əliyev baş tacımızdı, Allah Prezidentimizə uzun ömür versin.
Həqiqətən də bu gün hər kəs Ali Baş Komandanımızla qürur duyur. Düşmənə necə sarsıdıcı zərbə vurdusa, çətin ki, onlar illərlə özünə gələ bilsin. Dünya da gördü ki, İlham Əliyev bütün verdiyi vədləri necə yerinə yetirirsə, Qarabağı da eləcə qaytardı. Müzəffər Ali Baş Komandan kimi Ermənistanı diz çökdürdü. Əminəm ki, İlham Əliyev Ağdamı, Qarabağı cənnətə çevirərək Azərbaycanın necə qüdrətli dövlət olduğunu bir daha dünyaya göstərəcək”.
Zeynalovlar ailəsində böyüyən Nərgiz və Nuray da çox sevinclidirlər. Onlar dədə-baba yurdlarını görməyiblər. Amma atalarının 11 yaşında olarkən tərk etdiyi Ətyeməzli kəndinə getmək üçün darıxırlar. Nərgiz hər gün pianoda müxtəlif mahnılar ifa edərək qələbənin sevincini bölüşür: “Çox sevinirəm. Atamın-anamın doğulub böyüdüyü kəndə gedəcəyik. Deyirlər kəndimizin havası, suyu elə qəşəngdi ki, gedən qayıtmaq istəmir. Onu gözləyirik ki, desinlər hazırlaşın gedirik. Uça-uça gedəcəyik. Bacımla hər gün pianoda müxtəlif mahnılar ifa edirik. Öncə musiqilərimizi torpaqlarımız uğrunda canlarını fəda edən, bizim doğma kəndimizə qayıtmağımız üçün sinəsini düşmən gülləsinə sipər edən müqəddəs şəhidlərimizin ruhuna ithaf edirik, sonra böyük qələbəmizi göstərən mahnılar ifa edib sevinirik. Tezliklə kəndimizə dönüb orada daha gözəl mahnılar ifa edəcəyik”.
Nərgizlə Nurayın bu diləkləri, əlbəttə ki, reallaşacaq. Bərdədə qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yaşayan 4272 ağdamlı ailəsində böyüyən uşaqların hamısı doğma Qarabağın havasını udub, suyunu içib, dağlarını qarış-qarış gəzib xoşbəxt günlərini yaşayacaqlar. O yerlərin havasını udmaq, suyunu içmək ən böyük bəxtəvərlikdir.
“Ruhlar şəhəri” adlandırılan Ağdam çox keçməz ki, gülüstana çevrilər. Qalib Ali Baş Komandan kimi Ağdama səfər edərkən İlham Əliyev o xarabalıqların üzərində dayanıb məğrurcasına bəyan etdi ki, tezliklə bütün Qarabağda abadlıq, quruculuq işləri, inkişaf başlayacaq. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək və qısa müddətdə zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Qarabağda həyat yenidən normal məcraya düşəcək. Bu qayıdış, bu dönüş isə tarixin səhifələrinə böyük hərflərlə yazılacaq.
Rəşad
BAXŞƏLİYEV,
Lazım
QULİYEV,
Azərbaycan.-2021.- 27 yanvar.- S.1;9.