Parlamentin
Mədəniyyət komitəsinin onlayn iclası olub
Yanvarın
26-da Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci
ilin yaz sessiyasında onlayn
formatda ilk iclası keçirilib.
İclası açan komitə sədri Qənirə Paşayeva qarşıdan gələn yaz sessiyasında millət vəkillərinə uğurlar arzulayıb. O, Azərbaycan torpaqlarının 30 ildən sonra düşmən tapdağından azad olunmasına görə Ali Baş Komandan İlham Əliyevə və onun rəhbərliyi altında silahlı qüvvələrimizə təşəkkürünü bildirib, qəhrəman şəhidlərimizin qarşısında ehtiramla baş əydiyini deyib. Qənirə Paşayeva bu zəfər münasibəti ilə həmkarlarını bir daha təbrik edib, qazilərimizə şəfa diləyib.
Sonra Qənirə Paşayeva 2020-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib. Qeyd edilib ki, hesabat dövründə komitənin 2 iclası keçirilib, 3 məsələ müzakirə edilib ki, onlardan ən vacibi “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanuna edilən dəyişikliklərdir. Komitə sədri hesabat dövründə komitədə görülən işlərlə bağlı geniş məlumat verib, millət vəkillərinin ölkə gündəmində baş verən hadisələrə, işğaldan azad olunmuş ərazilərimizdə mədəniyyət abidələrimizin, maddi-mənəvi irsimizin məhv edilməsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal mövqelərini yüksək dəyərləndirib. Bildirib ki, Vətən müharibəsi zamanı dəfələrlə belə faktlarla bağlı millət vəkilləri tərəfindən nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən YUNESKO-ya müraciətlər ünvanlanıb.
Qənirə Paşayeva payız sessiyası dövründə komitənin ünvanına daxil olmuş 1389 məktub, təklif, ərizə və şikayətin 1145-nin araşdırılmaq üçün müvafiq təşkilatlara göndərildiyini, yaradıcı təşkilatlardan və insanlardan alınan 200-ə qədər məktubun komitədə araşdırıldığını, onlardan bir çoxunun artıq öz müsbət həllini tapdığını diqqətə çatdırıb.
Hesabat məqbul hesab edildikdən sonra onlayn iclasda Mədəniyyət komitəsinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib. Qeyd olunub ki, qarşıdakı sessiyada komitədə “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib sənədlər üzərində iş davam etdiriləcək. Qənirə Paşayeva bildirib ki, yaz sessiyasında komitədə görüləsi işlər xüsusilə çoxdur. Belə ki, işğaldan azad edilən Şuşa şəhərinin Prezident İlham Əliyevin təşəbbüsünə əsasən Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi, Şuşada cari ilin may-iyun aylarında “Xarı bülbül” Muğam Festivalının və payız aylarında Molla Pənah Vaqif Poeziya günlərinin keçirilməsinin planlaşdırılması və 2021-ci ilin “Nizami ili” elan edilməsi ilə bağlı mühüm layihələr hazırlanır. Komitə sədri bu layihələrin icrası ilə bağlı Mədəniyyət komitəsinin üzərinə düşən vəzifələrdən söhbət açıb.
Sonra komitənin iş planı təsdiqlənib.
Onlayn toplantıda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Bu sənədin qardaş ölkə ilə ortaq media platformasının yaradılması və mətbuat sahəsində qarşılıqlı əməkdaşlıq baxımından çox əhəmiyyətli olacağı vurğulanıb.
Sonra komitə üzvləri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirə ediblər. Qənirə Paşayeva bildirib ki, təklif edilən dəyişikliklərdə ictimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması, qeydiyyata alınmış folklor nümunələrinə görə şəhadətnamə tərtib edilməsi, bu əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi nəzərdə tutulub.
Komitə üzvləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Əziz Ələkbərli, Cavanşir Feyziyev, Ülviyyə Ağayeva, Fazil Mustafa, Ülviyyə Həmzəyeva, Mixail Zabelin müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildirib, kino və teatr sənətinin, rəssamlığın inkişafı, yaradıcı insanlara diqqətin artırılması ilə bağlı təkliflərini səsləndiriblər.
Hər iki sənəd Milli Məclisin plenar
iclasında müzakirəyə
tövsiyə edilib.
Azərbaycan.-2021.- 27 yanvar.- S.4.