Tanrıdan möhlət
payını ancaq Qarabağı yenidən görmək
üçün istəyirəm
“Mən inanıram ki, bu ağrıları unudan bir günümüz olacaq, yenə yaylaqlarımıza qoyun sürüləri, aran köçü qalxacaq, dağ kəndlərimizin sərin bulaqlarından ovcumuzu doldurub içəcəyik, meşələr qoynunda ürəkdolusu dərindən nəfəs alıb gəzəcəyik. Tariximiz sabaha işıqlı gözlə baxmağı tövsiyə edir”...
Bu inamını, ümidini hələ illər öncə ürəyindən keçirib sözlərə, yazıya köçürmüşdü. Zaman ötdükcə, vaxt uzandıqca, il-ilə calandıqca arzuları gerçəkləşməsə də, nə ümidi üzülür, nə də inamı azalırdı.
Tez-tez Qarabağda keçirdiyi gözəl günləri, unudulmaz xatirələri, maraqlı ədəbi görüşləri xatırlayır, bəzən də duyğularını, içindəki kədəri, xalqın illərlə çəkdiyi iztirabları, ağrı-acıları, faciəli yaşantıları qələmə alırdı. Hər yeni şeir, poema yazdıqca isə özünə yalnız bir arzuyla təskinlik verirdi - ağrıları unudacağımız gün gec-tez gələcək və o, qələbə nəfəsi duyulan əsərlər yazacaq...
Nəhayət, illərlə həsrətində olduğu, ümidlə gözlədiyi o işıqlı sabah sentyabrın 27-də açıldı. Və cəmi 2 gün sonra arzusunda olduğu ilk zəfər qoxulu şeirini yazdı...
Qarabağın əksər bölgələrini gəzmişəm
“Qarabağ söhbətləri”ndə bu dəfə özü Qarabağda dünyaya gəlməsə də, o diyarı elə qarabağlılar qədər sevən, yaradıcılığında əks etdirən, ruhən və qəlbən Qarabağa bağlı olan xalq şairi, “Şərəf” ordenli Nəriman Həsənzadə ilə söhbətləşdik.
- Qarabağ o qədər gözəl, səfalı,
barlı-bərəkətli diyardır ki, heç bir sözlə,
kəlməylə ifadə olunmur. Ora bir dəfə ayaq basdınsa,
heç vaxt unutmursan, daim can atırsan. Torpağın
qəribə enerjisi var sanki, maqnit kimi səni özünə
çəkir. Qarabağda çox
olmuşam, əksər bölgələrini gəzmişəm.
Hələ Sovet dövründə rayonlarda
görüşlər, tədbirlər çox
keçirilirdi. Biz də
Yazıçılar İttifaqının xəttilə o
görüşlərə qatılırdıq.
Yadımdadır, Cəbrayılda rayon qəzetinin redaksiyasına
getmişdik. Qəzetin baş redaktoru İnqilab müəllim
bütün rayonu, Araz qırağını gəzdirdi mənə.
Şair Sərdar Əsəd Cəbrayıldan
idi. O, rəhmətə gedəndə də rayona yas mərasiminə
getdim. Yaşlı anası elə ağlayırdı ki...
Deyirdi, üzü Bakıya yatıram ki, bəlkə oğlum
Bakıdadı, ordan qayıdacaq...
Füzulidə də olmuşam. Xalq
yazıçısı İlyas Əfəndiyev Füzulidən
idi. Mənə qarşı münasibəti
çox yaxşı idi. Oraları sanki
İlyas Əfəndiyevin gözü ilə seyr etmişəm,
onun ayaqları ilə gəzmişəm.
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə
haqqında “Tufanlar qoynunda” poeması yazanda isə Qərvənddə
oldum. Müharibə zamanı onun dəstəsində
vuruşmuş Ənvər adlı döyüşçü
ilə görüşdüm, Mehdi ilə bağlı xatirələrini
dinlədim.
“Heydər
Əliyevlə birlikdə Vaqifin məqbərəsinin
açılışına qatıldıq”
Nəriman Həsənzadə Ümummilli Lider Heydər
Əliyevlə birlikdə Qarabağ zonasında keçirilən
müxtəlif tədbirlərdə iştirak edib. İndi o
günləri ömrünün ən unudulmaz xatirələri
kimi yada salır. Danışır ki, bir dəfə
böyük bir heyət Heydər Əliyevlə birlikdə Bərdəyə
səfər ediblər. Orda
pambıqçı Tərlan Musayeva ilə
görüşüblər. Qayıdandan
sonra şair “Tərlan bacı” adlı şeir yazıb.
Şeir “Kommunist” qəzetində çap olunan günün
axşamı bəstəkar Emin Sabitoğlu ona zəng edib
deyir ki, sabah “Tərlan bacı”
mahnısına qulaq asarsan, Heydər Əliyevin
tapşırığı ilə həmin şeirə
mahnı bəstələyirəm. Beləcə,
məhz Heydər Əliyevin tapşırığı ilə
o mahnı yarandı və dillər əzbəri oldu. Sonradan şair yenə Bərdəyə gedib Tərlan
xanım ilə görüşüb, onun sahələrini gəzib.
- Ulu Öndərlə birlikdə
qatıldığım ən möhtəşəm tədbirlərdən
biri də Şuşada baş tutub. 1982-ci il
yanvarın 14-də Şuşada görkəmli şairimiz
Molla Pənah Vaqifin məqbərəsinin təntənəli
açılış mərasimi oldu. Açılışa
Ulu Öndər ailə üzvləri ilə bərabər elm,
mədəniyyət və incəsənət
adamlarının böyük bir qrupunu da aparmışdı.
Onun Vaqifə bu münasibəti bir tərəfdən
milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər
tərəfdən həmin diyarın tarixini, əhalisinin etnik
mənsubiyyətini bir daha göstərməklə
bağlı idi. Bu məqbərə
gözəl memarlıq abidəsidir. Heydər
Əliyev abidənin tikintisini böyük, əlamətdar
hadisə hesab edirdi. Ümummilli Lider Vaqifin
məqbərəsinin açılışında söylədiyi
nitq onun Dağlıq Qarabağa qayğısının
göstəricisi idi. Həmin gün
güclü qar yağırdı. Amma biz
elə bildik çiçək yağır. Çox gözəl tədbir baş tutdu. Açılış bayram əhvali-ruhiyyəsində
keçdi. Heydər Əliyev bir-bir bütün
yazıçılara, şairlərə söz verdi. Özü də şairləşmişdi.
Vaqifin şərəfinə gözəl sözlər dedi. Ümumiyyətlə, Heydər Əliyev şeirpərəst
idi, ədəbiyyatı gözəl bilirdi. Mənə də
söz verdi. Açılış
münasibətilə qələmə aldığım
“Vaqif” adlı yeni şeirimi oxudum.
“Vaqif!
Ey sərvərim, ey tacidarım!” -
Harda xatırladı şairi ürək?!
Hörmət
- süddən gələn bir adətimdi
Vurğundan
Vaqifə salam yetirmək,
Bəlkə də yeganə səadətimdi.
Heykəllər
sadəcə əl işi deyil,
Məhəbbət dediyin - başqa məramdı.
Dünyadan
gedənin gəlişi deyil,
Dünyada
qalana bir ehtiramdır...
39 il sonra yanvarın 14-də Prezidentimiz İlham
Əliyev qalib sərkərdə kimi yenidən Şuşaya səfər
etdi. O görüntülər məni çox kövrəltdi.
Açılış tədbirini bir daha
xatırladım, o günü sanki yenidən yaşadım.
Ürəyimdən bir arzu keçdi - kaş yenidən
Şuşada Vaqifin məqbərəsinin
açılışına gedə bilim...
Xurşidbanu Natəvan və Bülbülün büstlərinin
də açılışı mərasimlərinə Heydər
Əliyevlə birlikdə qatılmışam, nitq söyləmişəm. O büstləri ermənilər
gülləbaran etmişdilər. Ermənilər
dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən
sonra onları əridib satmaq, pul əldə etmək
üçün Ermənistana aparmışdılar. Polad Bülbüloğlu bundan xəbər tutub Ulu
Öndər Heydər Əliyevə müraciət etmişdi.
Görülmüş tədbirlər nəticəsində
bu büstlər ermənilərdən alınmışdı.
Və 28 il Bakıda İncəsənət
Muzeyində saxlanmışdı.
İlham Əliyev Şuşaya səfərində həmin
büstləri də öz evlərinə qaytardı.
“Ədəbiyyat və incəsənət” qəzetinin
baş redaktoru işləyəndə Vaqif poeziya günlərində
də iştirak etmişəm. Sonradan isə
Şuşaya musiqişünas Firudin Şuşinski ilə
getdim. Orda texnikumda görüşlər
keçirildi, çıxış etdim. Böyük
mehmanxananın açılışına qatıldım.
Şuşanın təbiəti çox gözəldir.
İsa bulağı, Cıdır düzü... Bir
dəfə İsa bulağında oturmuşduq. Bir cavan
oğlan elə gözəl oxuyurdu ki...
Şuşa
işğal olunandan sonra bu şəhərə ithafən
böyük qəm, kədərlə bir neçə
şeir, “Xarıbülbül” poemasını yazdım...
Xankəndidə də bir neçə dəfə
olmuşam. Gəncə Universitetində mənə ədəbiyyatdan
dərs deyən professor Nazim Axundov Xankəndidə işləyirdi.
O məni dəvət etmişdi. Onda artıq
camaatın içində bir vahimə vardı.
Yadımdadı,
kolxoz sədri olan erməni qadın ağdamlılar Xankəndinə
girməsin deyə ağ yaylıq
qaldırmışdı. Mən onun əleyhinə
şeir yazdım. Yevgeni Yevtuşenko isə
buna cavab olaraq onun xeyrinə şeir yazıb tərifləmişdi.
“Sonuncu dəfə
Ağdamda oldum”
Qarabağın əksər bölgəsini gəzən
şair daha çox Ağdamda olduğunu deyir. Çünki
Ağdamdan olan dost-tanışları da çox idi. Bəlkə
elə ona görə də Ağdamı özünə daha
yaxın hiss edir.
-
Ağdam çox gözəl, yüksək mədəni səviyyəsi
olan şəhər idi. Qarabağın
paytaxtı sayılırdı. Ağdamda
ziyalılar da çox idi və fərqlənirdilər. Qarabağdan, xüsusən də Ağdamdan
tanışlarım, dostlarım çoxdur. Yazıçı, publisist Əlfi Qasımovla
üzbəüz qonşu idim. Ağdamda
onun qardaşının qonağı olmuşduq. Ramiz Məmmədzadəgildə də qonaq
olmuşam. Famil Mehdi ilə birlikdə
çoxlu görüşlərə getmişik. Ağdam Dövlət Dram Teatrında bir tamaşaya
da baxmışam. Onda Ağalar
İdrisoğlu teatrın direktoru idi. Ağdamı
düz Malıbəyliyə qədər gəzmişəm.
Elə sonuncu dəfə də Ağdamda olmuşam. Famil Mehdi ilə
getdim. Təzə ev tikdirmişdi, hər
şeyi hazır idi, qalırdı bircə köçmək.
Heyf ki, qismət olmadı. Evi
eləcə qoyub gəldi. Onda artıq
şəhərdə atışma səsləri eşidilirdi.
Qarabağın adamları çox mehriban, qonaqpərvər,
şirindil olurlar. “Qadan alım”, “qurban olum” dillərindən
düşmürdü. Torpaq da sahibinə
bənzəyirdi. Əsl cənnətməkan, dilbər
guşə... Amma ermənilər o gözəllikdə
yerləri viranə qoyublar. Rayonların, kəndlərin
indiki görüntülərinə baxanda ürəyim
sızıldayır. Dəhşətə
gəlirəm ki, insan bunu necə edə bilər axı?
“Uşaq
kimi hönkürüb ağladım...”
Nəriman Həsənzadə
yaradıcılığının bütün dövrlərində
olduğu kimi, XX əsrin sonlarında, ölkəmizin
başı üstünü qara buludlar alarkən də hadisələrə
vaxtında öz münasibətini bildirib, bu yolda haqq səsini
ucaldaraq mübarizə aparıb. Düşmənə
qarşı nifrətini gizlətmədən həyəcan,
narahatlıq doğuran problemlərə üz tutub. Qələminə sarılaraq müstəqil Azərbaycanda
müstəqil yaşamaq istəyən vətən
oğullarından, yeni tariximizin səhifələrini
torpağa qanla yazanlardan, öz taleyini özləri həll edən
igidlərimizdən yazıb. Rus
imperiyasının ikiüzlü siyasətini pisləyib.
Xalqımızın arasında milli ədavət
hissi yaratmaq istəyənlərin xislətini qələmə
alıb. Vətənin əzablı
günləri, qəmli, kədərli anları ilə
yanaşı, real gerçəklikləri də tarixin
yaddaşına köçürüb.
Rus ordusu Bakıda Qanlı 20 Yanvar hadisəsini törətdiyi
zaman Nəriman Həsənzadə Fransada yaradıcılıq
ezamiyyətində idi. Şair bu xəbəri eşidəndə böyük
sarsıntı keçirsə də, məkrli erməni siyasətinin,
onun havadarlarının iç üzünü açmaq, həqiqətləri
dünya ictimaiyyətinə çatdırmaq üçün
Parisdəki müxtəlif mətbuat səhifələrində
yazılarla çıxış edir. Parisin “Qalimar” nəşriyyatının
baş redaktoru məşhur yazıçı Roje Qrinye və
“Humanite limanş”ın müxbiri ilə söhbətlərində
və müsahibələrində Azərbaycan xalqının
öz torpağında qətl edilməsini, didərgin
salınmasını deyir, qorxmadan, çəkinmədən
Azərbaycanın SSRİ-dən ayrılması məsələsini
ortaya qoyur. Fransız jurnalisti Ryer Blanşe ondan
Bakıdakı hadisələr barədə aldığı
müsahibəni jurnallarının növbəti nömrəsində
çap etdirdikdən sonra həqiqətlər erməniləri
də çox qəzəbləndirir.
- Görkəmli
rus şairi Aleksey Markovla televiziya verilişlərinə bərabər
baxırdıq. Bakıda tankları göstərirdilər,
bir anlıq bizə elə gəldi ki, Azərbaycanın ərazisinə
yad, işğalçı qoşunlar doldular. Tankların lülələri dinc əhalinin
üstünə tuşlandı, avtomatlardan alov
saçılırdı, sonra ölənlərin qeyri-dəqiq
sayını dedilər. Aşağı
düşüb tərcüməçidən göstərilənləri
soruşdum, gəlib uşaq kimi hönkürüb
ağladım. Markov bərk dilxor
olmuşdu, mənə təsəlli verirdi. Amma dinc durmadım. Bacardığım
qədər həqiqətləri car çəkməyə
çalışdım. Yazılar
yazdım, müsahibələr verdim. Təbii
ki, ermənilər də bundan hiddətləndi. Qaldığım mehmanxanada pasportumu
oğurladılar. Paris baş polis idarəsinə
müraciət etdik, pasportsuz uçmağıma icazə
verdilər. Ramiz Abutalıbovun köməyilə
Moskvaya gəldim. Onda bildim ki, Heydər
Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində
bəyanatla çıxış edib. Getdim
nümayəndəliyə, gördüm binanın pəncərələrini
sındırıb, dağıdıblar. Ordan
Bakıya qayıtdım. Gördüm aeroportdan Fəxri
xiyabana qədər bütün yollara, küçələrə qərənfillər
düzülüb. Şeir də yazdım ki, o vaxtdan qərənfil
yaslara getdi...
“Qanlı
kitab” şeirini o əsgərə ithaf etdim
N.Həsənzadə 1992-ci ildə bir əsgərə
ithaf etdiyi “Qanlı kitab” şeirinin yaranma tarixçəsindən
söz açır. Həmin il Tehranda səfərdə
olarkən hərbi hospitalda müalicə alan Azərbaycan
döyüşçülərinə baş çəkir.
Hospitaldakı yaralı hərbçi Elxan Mirzəyev
danışır ki, həlak olan döyüşçü
yoldaşının qoltuq cibindən şairin qana
bulaşmış “Fikir eləmə”adlı kitabı
çıxıb, başqa sənədi də olmayıb.
Əsgər kitabın üzərində “Fikir eləmə”dən
sonra vergül qoyub “vətən” sözünü əlavə
edib, “Fikir eləmə, Vətən” yazıbmış. Bunu eşidən Nəriman Həsənzadə o qədər
mütəəssir olur ki, Tehrandan qayıdandan sonra “Qanlı
kitab” şeirini yazır. Şeir boyu
şairin fəryadını və təəssüfünü
duymamaq mümkün deyil. Görmədiyi,
tanımadığı əsgərin ölümünə
ürəyi qan ağlayan şair ağır hisslərə
qapılır. Haradasa onun ölümündə
özünü də günahkar sayır:
Mən
bilsəydim -
dəmirdən üz çəkdirərdim o kitaba,
misdən,
tuncdan tökdürərdim misraları,
ya
poladdan kəsdirərdim vərəqləri,
təki
namərd bir güllədən
saxlayaydı o əsgəri.
Əgər kitabın vərəqlərini poladdan
hazırlatsaydı, əsgərin sinəsində gəzdirdiyi
“dəmir kitab” onun köksünü düşmən gülləsindən
qoruyardı. Digər tərəfdən, şair həmin əsgəri
şəxsən tanımasa da, kitabının onunla eyni səngərdə
“döyüşməsini” özünün əsgərlə
birlikdə döyüşməsi kimi mənalandırır.
ikilikdə bir səngəri
qorudu bu
məmləkətin
bir
şairi,
bir əsgəri.
Bundan başqa şairi düşündürən o idi
ki, görəsən hansı şeiri, misrası əsgəri
bu qədər cəlb edib. Müharibənin
odu-alovu içərisində hansı şeiri sinəsinə
sıxıb ondan güc alıb.
Hansı
sözüm,
Hansı
şeirim
istəyindən xəbər verib? -
Döyüşlərdə
qoluna güc,
ürəyinə təpər verib?!
Göz
yaşı ilə yazılan poema
Şairin Qarabağ mövzulu poetik əsərləri
içərisində sosial ziddiyyətləri qabarıq və
dolğun şəkildə əks etdirən poemalardan biri də
“Qarabağdan gələn var” əsəridir.
Nəriman Həsənzadə bu
poemasını 1997-ci ildə göz yaşları ilə qələmə
alıb. Əsərdə
xalqımızın üzləşdiyi problemlər, sosial
ziddiyyətlər və ədalətsizliklər
Qarabağın Tuğ kəndindən olan Məmməd müəllim
və Səyyarə xanımın şəxsində,
onların acınacaqlı taleyində ümumiləşir.
Əsərin əvvəlində şair yazır:
“Qarabağın Tuğ kəndində
40 ilə
qədər dərs hissə müdiri işləyən Məmməd
müəllim və həmin müddətdə məktəb
direktoru vəzifəsində çalışan həyat
yoldaşı Səyyarə xanım hazırda
3 nömrəli xəstəxanada (biri
qapıçı-bağban, o biri xidmətçi) işləyir. Hər ikisi ali
təhsillidir. Qaçqındılar”.
Müharibə şəraitinin dəhşətli bəlaları,
xalqın atəşkəsdən sonrakı durumu poemada real
cizgilərlə rəsm edilir. Qaçqın-köçkün
soydaşlarımızın çəkdiyi əzablar,
ağrı-acılar şairin qələmindən ustalıqla
sətirlərə süzülüb. Poemada
şair Məmməd müəllimin simasında öz
qaçqın soydaşlarını səbirli olmağa,
ümidlərini itirməməyə səsləyir. Vətəndən vətənə qovulan
günahsız insanları öz vətənlərində,
doğma Bakıda sınmamağa çağırır.
Biz
Qarabağın, Qarabağ da bizim həsrətimizdən
solub-saraldı
- Hesab
edirəm ki, Birinci Qarabağ müharibəsində ədəbiyyatımız,
xüsusən də şeirimiz xeyli iş gördü. Amma o əsərlərdə qəm var idi. İkinci Qarabağ savaşı haqqında
yazılacaq bütün ədəbi nümunələrdə
isə qələbə əhvalı olacaq. Əsl xoşbəxtlik budur. Sevinirəm
ki, bu xoşbəxtlikdən mənə də pay
düşüb. Sentyabrın 27-də
müharibənin başladığını eşidəndə
hansı hisslər keçirdiyimi sözlə ifadə edə
bilmirəm. İllər öncə
bütün yaşadıqlarımız bir daha
gözümün önünə gəldi. Erməni cəlladlarının
başımıza açdıqları bəlalar,
yaşadığımız faciələr...
Sovet dövründə erməni yazıçılarla
birlikdə ittifaqda işləyirdik. Mehriban idik, bir-
birimizin evinə gedib gəlirdik. Sən demə,
ikiüzlüymüşlər. Üzdə
özünü elə göstərir guya səni çox istəyir,
amma içində nifrət edir. Çünki
körpəlikdən onlara təlqin edirlər ki, türk sənin
düşmənindir. Qarabağ 30 il
bu kin-küdurətli işğalçıların əlində
qaldı. Biz Qarabağın, Qarabağ da bizim həsrətimizdən
solub-saraldı. Bu illər ərzində
Qarabağda yaşayan ermənilərin arasında bir
istedadlı insan, gözəl səsi olan bir ifaçı
üzə çıxmadı. Nə
torpaq, nə də təbiət onları qəbul etmədi.
Bildi ki, bunlar onun əsl sahibi deyil. Bizim üçünsə Qarabağın təkcə
suyunu içmək kifayətdir. Necə
ki, Qarabağ işğal altında qalanda da oranın
istedadlıları üzə çıxırdı, bundan
sonra daha da çoxalacaq. Qarabağ hər
sahədə yeni istedadların vətəni olacaq.
Haqq
savaşımız davam edən
44 gün ərzində Nəriman Həsənzadə bir
neçə şeir və poema qələmə alaraq bu
unudulmaz tarixə öz töhfəsini verib. Şanlı
savaşımızı öz yaradıcılığında
əbədiləşdirmək istəyir. Müharibə
başlayandan iki gün sonra - sentyabrın
29-da “Ey vətən” adlı ilk şeiri çap olunur.
Qoca tarix,
daha susma,
millət
qalxıb ayağa,
And içibdi uluların yaşadığı
torpağa.
Mən
yazıram bu günləri,
sinəmdəki
varağa,
Daha
“qaçqın”, daha “köçkün”
olmayacaq,
ey Vətən!
Növbəti günlər cəbhə bölgəsindən
şairə teleqram vururlar. Heydər Quliyev
adlı əsgər isə səngərdən zəng vurub
deyir ki, sizin adınızı 6 raketin üstünə
yazmışıq, artıq üçünü düşmən
tərəfə atmışıq. Bu
söhbət nəticəsində Nəriman Həsənzadənin
“Mənim igid əsgərlərim” şeiri yaranır.
Dünən
Ali Baş Komandan,
“Qarabağ
və nida!”, - dedi
düşmənə əlvida dedi.
Xəbər
verin, son raketi
atan kimi,
Xankəndinə, ya Şuşaya
çatan kimi.
Mən də
burda bir əsgərəm,
Esxil
dünən, mən də bu gün
səfərbərəm.
N.Həsənzadə 44 günlük savaşımız
müddətində bir neçə şeirlə
yanaşı “Qarabağnaməm İlhamdır” adlı poema da
qələmə alır. Hazırda bu poema Gənc
Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət
Televiziyası tərəfindən tamaşaya hazırlanır.
- Otuz
ildir yaradıcılığımın bu dövrünü səbirsizliklə
gözləyirdim. Zəfər müjdəli
şeirlər yazacağım günlərin həsrətindəydim.
Çox şükür, Tanrı bu sonsuz
sevinci, bu böyük xoşbəxtliyi yaşamağı,
görməyi mənə qismət etdi. Gücüm
çatdığı qədər
yaradıcılığımda tariximizin bu şanlı səhifələrini
əks etdirəcəm.
Bircə
arzum odur ki, heç olmasa, Ağdamı yenə görə
bilim...
Qarabağı,
Şuşanı, Cəbrayılı, Füzulini yenidən gəzmək
keçir könlümdən...
Kaş
Şuşada Vaqifin məqbərəsinin yeni
açılışında yeni şeirimi oxuya bilim...
Bu
arzularımın gerçəkləşməsi
üçün də Tanrıdan bir az
möhlət payı diləyirəm...
Xəyalə MURADLI,
Azərbaycan.-2021.- 27 yanvar.- S.7.