Sən bu qalaya xoş gəldin...

 

Ulu Öndərin Şuşaya doğmalığı,  Azərbaycan Prezidentinin sevgisi tükənməz olub, dövlət başçısının yanvarın 14-də  qalalar diyarını ailəsi ilə birlikdə ziyarəti də bunu təsdiqlədi

 

 

 

Vətənimizin, o cümlədən Qarabağımızın hər qarış torpağı əzizdir, müqəddəsdir. Ona görə ki, burada xalqımızın mənəviyyatı daşlaşıb, tarixləşib, minilliklərdən soraq verir. Qarabağın zümrüd tacı olan Şuşanın isə xalqımızın mədəniyyət tarixində özgə bir yerirolu var.

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yağı düşməndən azad edilən Şuşamıza ailəsi ilə birlikdə yanvarın 14-də səfər etdi. Ölkə başçısının bu səfəri dünyaya səs saldı! Düşmənin bağrı yarıldı!

 

Dövlət başçısı vaxtilə Ulu Öndər Heydər Əliyevin çox sevdiyi, can yandırdığı abidələr şəhərinə - “Mədəniyyət Paytaxtı” elan etdiyi qədim, ulu Şuşaya qədəm basdı! Qədəmləri mübarək! Şuşa məscidinə ailəsi ilə ayaqqabısız, çəkməsiz daxil olub ziyarət etməyi isə bir başqa qürurverici oldu!

 

Tanrı bu ziyarətlərinə görə Ali Baş Komandanı və ailəsini dünyanın xoşbəxt bəndəsi - bəxtəvərləri saydı!  Əslində  cənab Prezident Məkkə, Mədinəni sanki o gün ziyarət etdi!

 

Hələ 1996-1997-ci illərdə Ulu Öndər Heydər Əliyev Bakı şəhərində məskunlaşmış  kəlbəcərli məcburi köçkünlərlə görüşündə  bildirmişdi ki,  Qarabağ işğaldan azad ediləcək. Bir qarış torpağımız da düşmənə qalmayacaq: “...Ümidvaram ki, indi bizim apardığımız siyasət Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə gətirib çıxaracaqdır və işğal olunmuş torpaqlarımız azad olunacaqdır. Eyni  zamanda ümidvaram ki, respublikamız bu ağır sosial-iqtisadi böhrandan çıxacaq, ölkəmizin böyük sərvətləri, təbii, intellektual sərvətləri xalqımızın rifahına xidmət edəcəkdir, xalqımızın rifah halı günü-gündən yaxşılaşacaqdır.  Mən buna əminəm. Ona görə əminəm ki, apardığımız siyasət bizi, şübhəsiz, bu səviyyəyə gətirib çıxaracaq.  Əminəm ona görə ki, bizim işimiz haqq işidir. Biz Azərbaycan Respublikasının müstəqilliyini qoruyuruq. Azərbaycanda hüqiqi-demokratik dövlət qururuq. Müstəqil Azərbaycanın ərazisinin bərpa olunmasına çalışırq. Bu, ədalətli işdir. Biz buna nail olacağıq... Kəlbəcərin də Ermənistanın  işğalından azad olacağı gün gələcək, biz sizinlə birlikdə Kəlbəcərə qayıdacağıq, orada kəlbəcərlilərin qəhrəmanlığını əbədiləşdirən abidələr yaradılacaq. Lakin ən birinci  abidə özünü qayadan atan həmin gəlinlərin abidəsi olmalıdır. Bu abidə qoyulmalıdır...”

 

Məhz Ümummilli Liderin, indi isə  Ali Baş Komandan İlham Əliyevin zirvələrdə abidələrinin ucaldılması da arzu edildi, qalib sərkərdə kimi!

 

“Qafqazın konservatoriyası” kimi məşhur olan bu qədim qalalar şəhərimiz xəyanətin qurbanı olmuş, Ermənistanın məkrli siyasəti nəticəsində 1992-ci il mayın 8-də daşnaklar və onların imperiya xislətli, şovinist havadarlarının gücü ilə işğala məruz qalmışdı. Şuşamızı tapdaqdan qurtarmaq üçün illərdir ki, mübarizə aparmaqla yanaşı, qələbəmizin həsrəti ilə də yanıb-yaxılırdıq!

 

Budur, o gün gəlib çatdı. Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanı və Fəxri xiyabana gələrək  Ulu Öndər Heydər Əliyevin, eləcə də dövlət müstəqilliyinin bərpası, Qarabağın müdafiəsində canlarını qurban verənlərimizin müqəddəs məzarlarını - son and yerimizi ziyarət edərək, həmin şad xəbəri  xalqımıza və dünyaya bəyan etdi: “Şuşa, sən azadsan!”

 

 

 

Tarixə bir nəzər

 

 

 

1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də olub. Maraqlıdır ki, onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq yaradıb. 1903-cü ildə Tiflisdə nəşr olunmuşVestnik Kavkaza” jurnalının 43-cü səhifəsində qeyd edilmişdi ki, “Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olub, Tiflis, MoskvaMarsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayıblar.

 

Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınmışdı. Şəhər nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi. Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən və dünyanın heç bir yerində bitməyən “Xarı bülbülgülü dillər əzbərinə, mahnı mətnlərinə çevrilib. Bu təbiət gözəli, bülbüləoxşar gül həm də müalicəvi əhəmiyyətə malikdir.

 

XIX əsrin ikinci yarısında şəhər əhalisinin sayı tanınmış alim və sənətkarlar da daxil olmaqla, 25 min nəfərə çatıb. XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. olub. Bu böyük ziyalı təbəqəsi Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, elmi və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynayıblar.

 

Şuşa qalası tarixən Azərbaycanın Qarabağ xanlığının paytaxtı olub. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla Rusiyanın Qafqaz qoşunlarının baş komandanı, general Sisianov arasında Kürəkçay müqaviləsi (“Andlı öhdəlik”) imzalanıb. Bununla da Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olub. Dərhal Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün ermənilərin buraya köçürülməsinə başlanıb. Yalnız bu fakt onu göstərir ki, ermənilərin Qarabağa dair ərazi iddiaları əsassızdır. Çünki əgər ermənilər Qarabağ xanlığında yaşayıb vəzifə sahibi olsaydılar, general Sisianovla müqavilə Qarabağ xanı ilə imzalanmazdı.

 

 

 

Ulu Öndərin Şuşaya səfəri...

 

 

 

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin 1967-ci ildə ilk dəfə Şuşaya səfəri ərəfəsində Xankəndidə azərbaycanlılarla ermənilər arasında münaqişə zəminində qan tökülmüşdü. Dağlıq Qarabağda olan bəzi millətçilər üç azərbaycanlını vəhşicəsinə öldürmüşdülər. Həmin məsələni dərindən araşdırmaq üçün Ulu Öndər Heydər Əliyev 15 gün Dağlıq Qarabağda olmuş, eləcə də Şuşaya getmişdi.

 

Şuşada olarkən 1905-1907-ci, 1918-1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görən Ümummilli Lider qalalar şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlib. Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyü barədə fikir və mülahizələrini Azərbaycan rəhbərlərinə söyləyib.

 

Taledən və qismətdən qalalar şəhərini Ulu Öndər özü yenidən və əsaslı bərpası üçün qərarlar qəbul etdi. 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra Ulu Öndər Şuşanı abadlaşdırmaq, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda tarixi abidələri qoruyub saxlamaqböyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər gördü. Siyasi elmlər doktoru, professor Elçin Əhmədov yazır ki, 1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alındı. Həmin dövrdə Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri Dağlıq Qarabağda milli ruhun oyadılması oldu: “Ümummilli Lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl, Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Ulu Öndər bu məsələyə çox həssaslıqla yanaşırdı. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşa şəhərinin tarixi keçmişini yaxşı bilən Heydər Əliyev şəhərə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Eyni zamanda Ümummilli Lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı və Azərbaycanın milli maraqlarını hər zaman uca tuturdu”.

 

Ümummilli Lider eyni zamanda Şuşada aparılan tikinti-quruculuq işləri ilə yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.VaqifinXurşidbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdu. Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə Ümummilli Lider tövsiyə edərək demişdi: “...Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”.

 

Heydər Əliyevin böyük səyləri nəticəsində 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar verdi.

 

Həmin illərdə Heydər Əliyevin bu bölgəyə göstərdiyi diqqət və qayğı daha da artmış və geniş quruculuq işləri vüsət almışdı. Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında Ümummilli Lider Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Onun M.P.Vaqifə bu münasibəti bir tərəfdən, milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən, diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Əslində məqbərə eyni zamanda gözəl memarlıq abidəsi idi. Heydər Əliyev abidənin tikintisini böyük, əlamətdar hadisə hesab edirdi. Ona görə də açılışa gedərkən yanında elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Bu addımı ilə Ümummilli Lider ziyalıları Dağlıq Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, vilayətə tez-tez səfərə gəlmələrini tövsiyə edirdi.

 

Bəli, Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Şuşada yaşamış digər elm və mədəniyyət xadimlərinin də xatirəsi əbədiləşdirildi: 1982-ci il avqustun 2-də bu qala-şəhərdə Xurşidbanu Natəvana abidə qoyuldu. Nəticədə məhz Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin siması əsaslı şəkildə dəyişildi, yeni yerləri açıldı, yerli əhalinin milli ruhu daha da yüksəldi.

 

Ulu Öndər Heydər Əliyev 1996-cı il mayın 6-da Prezident Sarayında Şuşa və Laçın rayonlarının ictimaiyyəti ilə görüşdə ümumiyyətlə Qarabağın Azərbaycan üçün müstəsna əhəmiyyəti olduğunu bildirərək demişdir: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublarQarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2021.- 27 yanvar.- S.8.