Şuşa qəza məktəbi
Azərbaycanın maarifçilik tarixində Şuşanın ədəbi, mədəni və təhsil mühitinin böyük rolu olmuşdur. Ötən yüzilliklərdən üzübəri bu şəhər ictimai fikir tariximizin inkişafına mühüm töhfələr vermiş, Azərbaycana və dünyaya görkəmli şəxsiyyətlər bəxş etmişdir.
XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 40-dan çox müəllim və minlərlə digər peşə sahibi olmuşdur. Bu böyük ziyalı təbəqəsi Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi və mədəniyyəti, təhsil mühitini inkişaf etdirməkdə çox böyük əmək sərf etmişdir. Şuşa milli ruhumuzun etibarlı sığınacağına çevrilmişdir.
Şuşa qəza məktəbi Zaqafqaziya məktəblərinin 1829-cu il 2 avqust tarixli nizanaməsinə əsasən, 1830-cu il dekabrın 30-da fəaliyyətə başlamışdı. Məktəb dövlət idarələri üçün qulluqçular, ilk növbədə isə, Azərbaycan və rus dillərinə tərcüməçilər hazırlamaq məqsədilə açılmışdı. Burada təhsil alanların böyük əksəriyyəti bəy və tacir balaları idi. Məktəb Şuşada olan Bazel alman missionerlərinin Yevageli cəmiyyəti tərəfindən pulsuz olaraq bir il müddətinə verilmiş binada yerləşirdi. İki sinif otağından əlavə, burada iki müəllimin yaşaması üçün də yaxşı şərait yaradılmışdı. Məktəbin illik xərci əsginas ilə 3800 manat idi və xəzinədən ödənilirdi. Yeni bina tikmək üçün yerli əhali gümüş pulla 5235 manat 16 qəpik pul toplamışdı.
Şuşa qəza məktəbinin birinci sinfinə əvvəlcə 19 şagird qəbul olunmuşdu. Lakin ildən-ilə şagirdlərin sayı artaraq 1833-cü ildə 27, 1834-cü ildə 44 nəfərə çatmış və ikinci sinif də açılmışdı. Rusiyadan Zaqafqaziya Məktəblər Direktorluğunun sərəncamına göndərilmiş titulyar müşavir Nikolay Mixaylovski məktəbin ilk müəllimi və ştat üzrə nəzarətçisi təyin edilmişdi. Tədris planına şəriət, qiraət, hüsnxətt, hesab, rus və Azərbaycan dilləri daxil idi. Bu fənlərlə yanaşı, kənd təsərrüfatı kursu keçilir və bağçılıq öyrədilməsi də nəzərdə tutulurdu. Açılış münasibətilə məktəbə ilk oxu üçün bəzi kitablar ianə edilmiş, bundan əlavə, Zaqafqaziya Məktəblər Direktoru Tiflis gimnaziyasından pulsuz olaraq bir sıra dərslik və tədris vəsaiti göndərmişdi. Məzunları Azərbaycan maarifinin, mədəniyyətinin inkişafında mühüm və böyük rol oynamış Şuşa qəza məktəbi 1874-cü ilə qədər öz fəaliyyətini davam etdirmiş, yerini Şuşa şəhər məktəbinə vermişdir. Şuşa qəza məktəbində kitabxana yaradılmışdı. 1845-ci ilin məlumatına görə, məktəbin kitabxanasında 301 adda ədəbiyyat və digər tədris vəsaiti var idi.
Məktəbi bitirənlərdən bir çoxları - Firudin
bəy Köçərli, Səfərəli bəy Vəlibəyov,
Həsənəli xan Qaradaği
və başqaları sonralar Zaqafqaziya (Qori) Müəllimlər
Seminariyasına daxil olmuşdular.
Azərbaycan.-2021.- 27 yanvar.- S.8.