Azərbaycanın xarici işlər naziri polşalı həmkarı ilə görüşüb

 

Martın 31-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri qismində ölkəmizə rəsmi səfəri çərçivəsində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər arasında təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.

Nazirlər ikitərəfli gündəlikdə duran əsas məsələləri, beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi, xüsusilə də ATƏT ilə əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycanın Polşa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini və ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində münasibətlərin inkişaf etməkdə olduğunu vurğulayıb. Bu xüsusda, iki dövlət rəhbəri tərəfindən 2017-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə”yə istinad edilib. Nazir bu ilin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edilməsi ilə əlamətdar olduğunu bildiribbu münasibətlə təbriklərini çatdırıb.

Nazir Zbiqnev Rau ikitərəfli siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edibiqtisadi sahədə münasibətlərin daha da inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirib. O, Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə məmnunluqla istinad edib.

Nazir Ceyhun Bayramov polşalı həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan tərəfindən atılan addımlar, bölgədəki son gərginliyin səbəbi və Ermənistan tərəfindən birgə Bəyanatın müddəalarının pozulması, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib.

Tərəflər Azərbaycanın ATƏT ilə əməkdaşlığı, ATƏT-in postmünaqişə mərhələsində normallaşma prosesinə töhfəsi, habelə regional təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdən sonra nazirlər mətbuat nümayəndələri üçün brifinq keçiriblər.

 

Azərbaycan.- 2022.- 1 aprel.- S.2.