Suqovuşan və Talışdakı Alban məbədlərində Mart soyqırımı qurbanlarının xatirəsi yad olunub

 

Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan qəsəbəsində və Talış kəndindəki Alban məbədlərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dini mərasim keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Alban-Udi xristian dini icmasının üzvlərinin və media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri təşkil edilib. İcma üzvləri Alban məbədlərini ziyarət edib, dini ayinlər həyata keçirib, soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxuyublar.

Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakari jurnalistlərə müsahibəsində deyib: “Biz bu gün 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Talış kəndində və Suqovuşan qəsəbəsində olan məbədləri ziyarət etdik, şamlar yandırdıq, dualar oxuduq. Şəhidlərin ruhu şad olsun. Bizi yaradan Allaha dua etdik ki, Azərbaycan torpağında müharibə olmasın. Bu gün biz şadıq ki, bu bölgələrə gələ bilirik, qədim Alban kilsə və monastırlarını ziyarət edə bilirik. Buna görə, şanlı Ordumuza və Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.

Rafik Danakari bildirib ki, ermənilər tərəfindən məbədlərdə saxtalaşdırmalar aparılsa da, Alban elementlərinin əksəriyyəti hələ də qalır. “Alban məbədində ermənilər tərəfindən edilən saxtalaşdırmaların şahidi olduq. Ancaq ermənilər istəklərinə nail ola bilməyiblər”, – deyə Alban-Udi xristian dini icmasının sədr müavini vurğulayıb.

 

Azərbaycan.- 2022.- 1 aprel.- S.3.