Qida təhlükəsizliyi
ilə bağlı yeni qanun layihəsi hazırlanıb
Martın 31-də Milli Məclisin
Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli iştirak edib.
Əvvəlcə 31 Mart - Azərbaycanlıların
Soyqırımı Günü münasibətilə
soyqırım qurbanlarının və
torpaqlarımızın azadlığı uğrunda şəhid
olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Komitənin sədri Tahir Rzayev məlumat
verib ki, iclasın gündəliyinə “Qida təhlükəsizliyi
haqqında” qanun layihəsi (ikinci oxunuş) daxil edilib. Qanun
layihəsinin birinci oxunuşda geniş müzakirələrdən
keçdiyini bildirən komitə sədri sənədin
müasir çağırışlar kontekstində qida təhlükəsizliyinin
təmini və insanların sağlamlığının qorunması
ilə bağlı aktuallığına toxunub.
Tahir Rzayev 9 fəsil 40 maddədən
ibarət layihənin “tarladan süfrəyədək” prinsipi əsasında
qida zəncirinin bütün mərhələlərində
qida təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını
müəyyən etdiyini söyləyib. Bu sahədə
dövlətin vəzifələrinə toxunan komitə sədri
sənədin nəzarət sisteminin təkmilləşdirilməsi,
istehlakçıların hüquqlarının daha dolğun təmin
olunması cəhətdən əhəmiyyətini
vurğulayıb, layihədə qida təhlükəsizliyi sahəsində
qeydiyyat, sertifikatlaşdırma kimi məsələlərin dəqiq
və sadə mexanizmlərinin əks olunmasına diqqət
çəkib. Komitə sədri deputatların birinci
oxunuşda qaldırdıqları məsələlərdən
danışıb, qida təhlükəsizliyi sahəsində
neqativ hallara toxunub, belə halların aradan
qaldırılması üçün maarifləndirmənin və
nəzarətin daha da təkmilləşdirilməsinin əhəmiyyətini
vurğulayıb.
Sonra Milli Məclis Sədrinin
birinci müavini, Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin
ikinci oxunuşu ilə bağlı fikirlərini bildirib. Birinci
vitse-spiker layihənin Milli Məclisdə pozitiv fikir mübadiləsi
şəraitində birinci oxunuşdan keçməsini plenar
iclasdan əvvəl yüksəksəviyyəli və geniş
müzakirələrin təşkili ilə əlaqələndirib.
Qanun layihəsinin qanunvericiliyin tələblərinə
uyğun hazırlandığını qeyd edən Əli
Hüseynli sənədin preambula, anlayışlar və
keçid müddəaları ilə bağlı indiyədək
mövcud olan qanunvericilik texnikası baxımından təkliflərini
açıqlayıb.
Müzakirələrdə komitə
üzvləri Novruzəli Aslanov, Azər Badamov, Emin Hacıyev,
Müşfiq Cəfərov, Aydın Hüseynov
çıxış edərək qanun layihəsinin qida təhlükəsizliyinin
təmin edilməsindəki əhəmiyyətini
vurğulayıblar, sənədin həm də yerli məhsulların
dünya bazarlarına ixracı üçün imkanlar
yaratdığını qeyd ediblər. Deputatlar qanun layihəsinin
müddəaları ilə bağlı qeydlərini bildiriblər,
idxal olunan qida məhsullarının etiketlərinin və məlumatlarının
doğruluğuna nəzarətin həyata keçirilməsi,
qida zəncirinin bütün mərhələlərində
standartlara əməl olunması, məhsullara keyfiyyət
kateqoriyalarının verilməsi kimi məsələlərlə
bağlı fikirlərini səsləndiriblər.
İclasda iştirak edən Qida Təhlükəsizliyi
Agentliyinin sədri Qoşqar Təhməzli və agentliyin
aparat rəhbəri Elxan Mikayılov deputatların
qaldırdıqları məsələlərə
aydınlıq gətiriblər.
Müzakirələrin sonunda qanun
layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasında
müzakirəyə tövsiyə olunub.
Ülkər
XASPOLADOVA
Azərbaycan.- 2022.- 1 aprel.- S.3.