Müstəqil
siyasət, yüksələn nüfuz
İlham
Əliyevin xarici diplomatiyası Azərbaycanın geosiyasi və
geoiqtisadi çəkisini daim yüksəldir
Avrasiya geosiyasi arealında öz
sözü və mövqeyi olan ölkə kimi beynəlxalq
nüfuzunu, siyasi çəkisini daim artıran Azərbaycan bu
gün bölgənin ən fəal aktoru statusuna sahiblənib.
Tarixi reallıqlar sübut edir ki,
ötən il müstəqilliyinin bərpasının 30
illiyini qeyd edən Azərbaycan qısa müddətdə
qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş
olan dövlətə çevrilib. Bunu şərtləndirən
yeganə amil isə Prezident İlham Əliyevin
yürütdüyü tam müstəqil siyasətdir.
Ümumiyyətlə, demokratik tərəqqi
yolunu seçən Azərbaycan qonşu olan və olmayan digər
dövlətlərlə müxtəlif sahələrdə həm
ikitərəfli, həm də çoxtərəfli əsasda
bərabər və qarşılıqlı əlaqələrin
genişləndirilməsinə xüsusi önəm verib.
Prezident İlham Əliyev tərəfindən
milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət
kursunun məqsədyönlü şəkildə davam etdirilməsi
beynəlxalq əlaqələrin düzgün qurulmasına
imkan yaradıb.
İkinci Qarabağ müharibəsindən
sonra isə Cənubi Qafqazda yaranan yeni reallıqlar Azərbaycanın
həm də beynəlxalq siyasi, iqtisadi-ticari münasibətlərinin
daha da şaxələnməsi üçün real zəmin
formalaşdırıb.
Ölkəyə rəhbərlik
etdiyi 19 ildə İlham Əliyev elə bir dövlət
yaradıb ki, özünün də söylədiyi kimi, Azərbaycan
tarixində heç zaman indiki kimi qüdrətli, güvənli,
istiqrarlı olmayıb. Bunu təkcə biz yox, beynəlxalq
reytinq təşkilatları da açıqladıqları
hesabatlarda qeyd edirlər.
Həmin sənədlərdə
qeyd edilir ki, İlham Əliyevin prezidentliyi dövrünə təsadüf
edən son 10 ildə Azərbaycan zamanı qabaqlayan inkişaf
tempi ilə dünyanı heyrətləndirə bilib. Bu
qısa zaman ərzində Azərbaycanı nəinki Cənubi
Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında
öz sözü və mövqeyi olan, səmərəli
iqtisadi təşəbbüslərin müəllifi kimi
tanınan dövlətə çevirən İlham
Əliyevin yürütdüyü siyasət Prezidentin
xalqın, dövlətin gələcək inkişafı ilə
bağlı aydın baxışlara malik olduğunu göstərir.
İlham Əliyev prezidentlik fəaliyyətinin
qürurverici hesabatını söyləyərkən bir məqamı
çox doğru vurğulayır ki, Azərbaycanın
inkişaf yolu başqa ölkələr üçün
işıq yoludur. Ölkəmizin daha da qüdrətlənməsi,
beynəlxalq nüfuzunun artması, dünyanın yeni
çağırışlarına cavab verən mütərəqqi
islahatların həyata keçirilməsi yolunda qətiyyətli
addımlar atan İlham Əliyevin yürütdüyü
uğurlu siyasət beynəlxalq aləmdə dəstək və
rəğbət qazanır. Elə təkcə dünyanı
cənginə alan qlobal pandemiya ilə mübarizə istiqamətində
Azərbaycan Prezidentinin gördüyü tədbirlərə
və irəli sürdüyü təkliflərə nəzər
yetirsək bunu aydın şəkildə görərik. Qlobal
pandemiya ilə mübarizə prosesində dünya dövlətlərinə
çağırış edən İlham Əliyev
bütün çıxışlarında, nitqlərində
hər zaman vurğuladı ki, pandemiyadan çıxış
yolu yalnız qlobal həmrəylikdən, dünya dövlətlərinin
ümumi səylərini birləşdirməsindən
asılıdır. Yəni pandemiyaya qarşı mübarizədə
ölkələrin birgə fəaliyyəti, çoxtərəfli
əməkdaşlıq göstərməsi təklifini də
məhz İlham Əliyev irəli sürdü. Prezidentin BMT
Baş Assambleyasının xüsusi sessiyasının
çağırılması təşəbbüsü
dünyanın bir çox ölkəsi tərəfindən dəstəkləndi.
Bununla da İlham Əliyev beynəlxalq əməkdaşlığın
inkişafına mühüm töhfə verməklə Azərbaycanın
dünya birliyində nüfuzu, dövlətlərarası
münasibətlərdə çəkisi daha da artırdı.
Bu gün isə qalib dövlət
kimi Azərbaycanın qarşısında çox
böyük imkanlar açılıb. İstər iqtisadi, istərsə
də siyasi proseslər ölkəmizin xeyrinə işləyir.
Məhz İlham Əliyevin təşəbbüsü ilə
bölgədə yeni əməkdaşlıq platformaları
yaradılır, qlobal nəqliyyat-tranzit layihələri
reallaşdırılır. Bu da əlbəttə ki, ilk
növbədə bölgədə təhlükəsizliyin təmin
olunmasını və region dövlətləri
üçün iqtisadi dividendlərin əldə edilməsini
şərtləndirəcək.
Hazırda Azərbaycan bir sıra
ölkələrin enerji təchizatçısıdır.
Asiya və Avropa qitələri arasında körpü rolu
oynayan Azərbaycan açıq dənizə
çıxışı olmayan ölkə kimi bir sıra
regional nəqliyyat layihələrinin təşəbbüskarı
və icraçısıdır. Ölkəmiz Şərq-Qərb
və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin
fəal iştirakçısı olaraq hazırda digər
mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb
layihələri üzərində iş aparır. Bununla da Azərbaycan
etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq
əməkdaşlığa dəyərli töhfə verir.
Azərbaycanın hazırkı
xarici siyasətində hər hansı istiqamətdə
inteqrasiya nəzərdə tutulmayıb. Azərbaycanın
xarici siyasəti bir istiqamətdə deyil, bütün istiqamətlərdə
qarşılıqlı faydalı əməkdaşlığa
yönəlib. 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına
üzv olmaqla öz müstəqil xarici siyasi kursunu bəyan
edib. Azərbaycanın müstəqil xarici siyasəti ilk
növbədə onun bütün ölkələrlə bərabərhüquqlu
münasibətlər qurmasına söykənir. Azərbaycan
heç bir hərbi-siyasi blokda iştirak etmir və
böyüklüyündən-kiçikliyindən
asılı olmayaraq, bütün ölkələrlə bərabər
hüquqlarla, qarşılıqlı faydalı əməkdaşlıq
edir. Heç bir dövlət Azərbaycanla təzyiq dilində
danışa bilməz. Xarici tərəfdaşlarla əməkdaşlıq
yalnız qarşılıqlı olduğu halda
mümkündür.
Azərbaycan postmüharibə və
postböhran dövrünə böyük uğurlar
qazanmağa imkan verən mükəmməl xarici siyasət
kursuna malik Cənubi Qafqaz lideri kimi qədəm qoyub.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2022.-1 aprel.- S.1; 5.