İşğal olunmuş ərazilərdə inanc yerləri yenidən tikilir

 

Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə əbədiləşən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü paytaxt Bakıdan tutmuş respublikamızın bölgələrində, ən ucqar kənd və qəsəbələrində, hətta dünyanın bir çox ölkəsində kədər hissi ilə qeyd olunur. Unudulması mümkün olmayan soyqırımı faciələri tarixi faktlar və rəsmi sənədlər əsasında yaddaşlarda təzələnir.

Tarixdən məlum olduğu kimi, XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə kütləvi məskunlaşdırılan ermənilərin “böyük Ermənistan” xülyası azərbaycanlılara və bu ərazilərdə tarixən yaşayan digər xalqlara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə iki yüz ildən artıq müddət ərzində dönə-dönə təkrarlandı. Erməni millətçilərinin xalqımıza qarşı iki əsrdən artıq davam edən ardıcıl təcavüz, etnik təmizləmə siyasəti, terrorvandalizm əməlləri səbəbindən azərbaycanlılar tarixən yaşadıqları indiki Ermənistan, daha sonra isə Qarabağ ərazisindəki doğma yurdlarından didərgin salındılar.

Tərəqqipərvər bəşəriyyəti narahat edən bu kimi qeyri-insani hərəkətlərə, hadisələrə son qoyulması üçün Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 Mart soyqırımı ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıblar. Müraciətdə ermənilər tərəfindən yüz illərlə azərbaycanlılara qarşı davam etdirilən soyqırımı siyasəti, habelə Birinci Qarabağİkinci Qarabağ savaşlarında törətdikləri vandalizm hərəkətləri genişliyi ilə öz əksini tapıb.

Müraciətdə də qeyd olunduğu kimi, ötən əsrin 80-ci illərinin ikinci yarısında SSRİ-nin rəhbər dairələrinə erməni lobbisinin təzyiqi və təhriki ilə erməni millətçilərinin xalqımıza qarşı təcavüz və etnik təmizləmə siyasətinin yeni dalğası başlandı. Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından istifadə edən erməni şovinistləri 300 minə yaxın azərbaycanlının Ermənistandan amansızlıqla qovulmasını həyata keçirdilər. 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində ərazilərimizin 20 faizi - Qarabağın dağlıq hissəsi və onun ətrafındakı yeddi rayon genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində işğala məruz qaldı, bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salındı. 1992-ci ildə erməni ekstremistlərinin Xocalıda, Ağdabanda, Daşaltıda həyata keçirdikləri soyqırımı aktları isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi oldu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı quldurlarının Xocalı şəhərinə qəfil silahlı basqın edərək dinc, silahsız əhaliyə qarşı amansız kütləvi qırğın törətməsi, qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, 150 nəfərin itkin düşməsi, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qoyulması, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin meyitləri üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilməsi, mahiyyəti etibarilə Xocalı faciəsini Holokost, Gernika, Xatın, Srebrenitsa, Ruanda soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə bir sıraya qoyur. Bütövlükdə milyonlarla azərbaycanlı ermənilər tərəfindən törədilmiş soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin fəlakət və dəhşətlərini öz taleyində yaşayıb.

Uzun illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın öz müxtəlifliyi ilə fərqlənən mədəni və mənəvi irsinə qarşı terror da reallaşdırılıb. Ermənilər qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini, mədəniyyət abidələrimizi, ziyarətgah və qəbiristanlıqlarımızı, xristian və yəhudi məbədlərini məhv etdilər. Ermənilər Qarabağda tarixən mövcud olmuş qədim alban, müsəlman, pravoslav dini və mədəni irsini yoxa çıxarmaq yönündə məqsədyönlü apararaq mədəni-mənəvi irs nümunələrimizi ya məhv edib sıradan çıxarmış, ya da tarixini, mənşəyini saxtalaşdıraraq özününküləşdirib - erməniləşdirib, qriqoryanlaşdırıblar.

Xatırladaq ki, işğal dövründə vandalizmə məruz qalan mədəni-dini obyektlər sırasında islam dini abidələri - məscidlər, türbələr və digər inanc yerləri mütləq əksəriyyət təşkil edir. Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

İnsanları məmnun edən, qürurverici duyğular yaradan odur ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Milli Ordumuzun şücaəti sayəsində Azərbaycan tarixi ədaləti, eləcə də dünya birliyi tərəfindən tanınan öz ərazi bütövlüyünü bərpa etdi. Həmin il noyabrın 10-da zəfər qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra Azərbaycan Prezidentinin fərman və sərəncamlarına əsasən işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq işlərinə başlanıldı. İndi yeni infrastruktur yaradılır, dağıdılmış tarixi abidələr və inanc yerlərimiz bərpa olunur. Onlardan biri də Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscid binasıdır. Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məscidin təməlqoyma mərasimində iştirak ediblər.

Ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İkimərtəbəli məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr olacaq. Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılır. Layihəyə əsasən məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.

Azərbaycandakı dini icma rəhbərlərinin 31 Mart soyqırımı ilə əlaqədar dünya ictimaiyyətinə ünvanladıqları müraciətdə deyildiyi kimi, Cənubi Qafqaz bölgəsində bütün xalqlar, dinindən və dilindən asılı olmayaraq bütün insanlar arasında qarşılıqlı anlaşmanın bərqərar edilməsinin tərəfdarıyıq. Müharibə, ərazi iddiaları, nifrət, dinietnik ayrı-seçkilik, revanşizm kimi meyillərə son qoyulmalı, dövlətlər arasında sabitlik hökm sürməli, davamlı iqtisadi inkişaf yolunda səylər göstərilməlidir. Regionumuzda olan bütün dini icmalar, ələlxüsus erməni apostol kilsəsi bu istiqamətdə fəal çalışmalı, sülhüdialoqu təşviq etməli, sülhpərvər və humanist ideyaları təbliğ etməlidir.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2022.-1 aprel.- S.5.