İcbari tibbi sığorta hələ də
əlçatan deyil
Yeni sistemin tətbiqinə
başlanılmasından bir il ötsə də, əhali hələ də
bu imkandan tam yararlana bilmir
Səhiyyə sisteminin inkişafı, insanların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən səhiyyə islahatlarından biri də Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsidir.
İllərdir müzakirə edilən yeniliyin tətbiqi COVID-19 pandemiyasi səbəbindən bir az geciksə də, 2021-ci ilin 1 aprel tarixindən üçüncü mərhələdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun əhalisinin icbari tibbi sığortadan istifadə etməyə başlaması ilə prosesə tam start verildi. Yəni bununla da Azərbaycan ərazisində icbari tibbi sığortanın tam tətbiqinə başlanıldı.
Amma bir il keçməsinə baxmayaraq, bu sahədə hələ də boşluqlar müşahidə olunmaqdadır. Vətəndaşlar icbari tibbi sığorta çərçivəsində xidmətlərdən lazımınca yararlana bilmədiklərini qeyd edirlər. Bəzi klinikalarda iş nisbətən normal təşkil olunsa da, əksəriyyətində insanlar problemlərlə üzləşirlər. Bəzi xəstəxanalar icbari tibbi sığorta ilə xidmətdən yayınır, “Xidmətlər Zərfi”ndən məlumatı olmayanlara isə bu xidmətin icbari tibbi sığorta çərçivəsində qarşılanmadığını deyirlər.
Ölkə üzrə icbari tibbi sığortanın tam
tətbiqinin bir ili
İcbari tibbi sığortanın Bakı şəhərində yeni tətbiq olunduğu vaxtlarda ərazi üzrə poliklinikalara üz tutanların şikayətləri daha çox idi. Tibb işçiləri poliklinikaların icbari tibbi sığortaya hələ keçmədiklərini, bununla bağlı göstəriş gəlmədiyini deyərək vətəndaşları bir növ “yola verirdilər”. Təbii ki, artıq ötən il aprelin 1-dən respublika üzrə icbari tibbi sığortanın tətbiq edildiyi dönə-dönə təkrarlanırdı.
Ümumiyyətlə, icbari tibbi sığortanın tətbiqi başlandığı dövrdən bu sahədə ən vacib amillərdən biri ailə həkimi institutunun yaradılması idi, çünki hər bir vətəndaşın yolu ilk olaraq ailə həkimindən keçir. Vətəndaşlar icbari tibbi sığortalı olmaq üçün əvvəl yaşadıqları ərazi üzrə poliklinikaya yaxınlaşaraq qeydiyyatdan keçməli və hər kəs özünə ailə həkimi seçməlidir. Bundan sonra isə səhhətilə bağlı yaranan problem, tibbi sığortadan istifadə etmək üçün ilk olaraq ailə həkiminə müraciət olunmalıdır. Dövlət xəstəxanasında həmin tibbi xidmət mümkün olmadıqda isə vətəndaş göndəriş əsasında özəl klinikalara göndərilir. Özəl tibb müəssisələri isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı klinikalardan biri olmalıdır. Hazırda İTSDA-nın müqavilə bağladığı belə klinikaların sayı 43-dür.
İcbari tibbi sığortadan narazı tərəflər
Bəzən vətəndaşlar hər hansı təcili əməliyyat zamanı göndəriş əsasında özəl tibb müəssisələrinə müraciət etdikdə, əməliyyat üçün müəyyən cərrah seçdikdə belə, həmin həkimlər icbari tibbi sığorta çərçivəsində işləmədiklərini qeyd edirlər. Bunun əsas səbəbini icbari tibbi sığorta çərçivəsində onlara ödənilən məvacibin azlığı, əməliyyat üçün ayrılan məbləğin yetərli olmaması ilə əlaqələndirirlər. Bu da vətəndaşın seçib, sağlamlığını əmanət edə biləcəyi həkimdən tibbi xidmət üçün istifadə edə bilməməsinə gətirib çıxarır.
Deməli, vətəndaşlarla yanaşı, tibb işçiləri də icbari tibbi sığortanın tətbiqindən o qədər məmnun deyillər. Tibb işçilərindən əməkhaqlarının gecikdirilməsi, onlara ödəniləcək aylıq həvəsləndirici əlavələrin düzgün hesablanmaması və ya azlığından daim şikayətlər eşidirik.
Ümumiyyətlə, əksər vətəndaşlar icbari tibbi sığortaya üz tutmamasının səbəbini prosesin uzun çəkməsi, bir neçə həkimdən keçəcəyi halda ödəyəcəyi vəsaitin özəl tibb müəssisəsində xərcləyəcəyi məbləğə gəlib çatacağı və tanımadığı həkimə etimad etməmələri ilə əsaslandırırlar. Bu da vətəndaşın icbari tibbi sığortaya inamsızlığını artırır.
Bakı sakini Aytən Quliyeva ilə söhbətimizdə bəlli oldu ki, o da icbari tibbi sığorta vasitəsilə illərlə müalicəsi üçün külli miqdarda vəsait xərclədiyi özəl klinikalarda artıq ödəniş etməyəcəyini düşünüb və qeydiyyatda olduğu rayon mərkəzi xəstəxanasına yaxınlaşıb.
Xəstəxanadan vətəndaşın qalxanabənzər vəzi xəstəliyinin (zob xəstəliyi) müalicəsi üçün Bakıda yerləşən Respublika Endokrinoloji Mərkəzə göndəriş verilib. Vətəndaş bu mərkəzə gəlib, hər yerdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı stendləri görsə də, bundan yararlana bilməyib. Mərkəzə yaxınlaşıb həkim qəbuluna girmək istəyən vətəndaşdan qeydiyyat zamanı ilk olaraq 1 manat pul tələb ediblər.
Aytən Quliyeva hesab edib ki, qalan müayinələr pulsuz olacaq: “Həkimin qəbuluna düşəndən sonra nə üçün müraciət etdiyimi soruşdu. Mən ona vəziyyəti izah etdim. Həkim cavabında mərkəzdə reaktiv olmadığını, müayinə üçün verəcəyim analizlərin isə ödənişli olduğunu dedi. Yalnız USM-dən (ultrasəs müayinəsi) ödənişsiz şəkildə keçdim. Digər T3, T4, TSH, Anti-TPO və qanın ümumi analizi üçün 45 manat ödədim”.
Beləliklə, vətəndaş həmişəki kimi öz vəsaiti hesabına müayinədən keçməli olub. Hətta rayon xəstəxanasına zəng vurub nə qədər çalışsa da, məsələnin həllinə nail ola bilməyib.
“Tibbi sığorta haqqında” qanuna əsasən, icbari tibbi sığorta haqları toplanılır, yəni vətəndaşlar və çalışdığı müəssisə bunun üçün müvafiq quruma hər ay vəsait ödəyir. Rəsmi əmək müqaviləsinə əsasən işləyən şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər icbari tibbi sığorta haqqı ödəməlidirlər.
Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulur.
Məlumat üçün bildirək ki, heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar icbari tibbi sığortanın “Xidmətlər Zərfi” çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına yararlana bilərlər.
İlk dövrdə problem yaranması təbiidir
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı qəzetimizə açıqlamasında bildirib ki, icbari tibbi sığortanın respublika üzrə tam tətbiqindən bir il ötür və bu, Azərbaycanda səhiyyə sistemində aparılan çoxtərəfli, çoxşaxəli islahatların bir hissəsidir.
Deputatın sözlərinə görə, icbari tibbi sığortanın ölkədə tam tətbiqinə başlanılana qədər 3 rayonda - Mingəçevir, Ağdaş və Yevlaxda pilot layihə kimi həyata keçirilib. Pilot layihə nəticəsi ilə bağlı müvafiq beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğuda vətəndaş məmnunluğu ifadə olunub. Bir sıra çətinliklər olsa da ümumilikdə icbari tibbi sığortanın birinci ilini qənaətbəxş qiymətləndirmək olar: “İcbari tibbi sığortanın həyata keçirildiyi müddətdə dünyada, eləcə də Azərbaycanda COVID-19 pandemiyası başladı. Pandemiya bu gün də davam edir. Ona görə tibbi sığortanın ölkədə tam tətbiq olunduğu ilk ildə insanlar çətinliklərlə üzləşdilər. Eyni zamanda 2020-ci ildə ölkəmizdə 44 günlük Vətən müharibəsi oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz 30 il ərzində işğal altında olan torpaqları işğalçılardan təmizlədi”.
Məlahət İbrahimqızı deyir ki, məhz bu müddətdə də icbari tibbi sığortanın həyata keçirilməsində müəyyən problemlər yarandı. Bütün xəstəxanalar, səhiyyə sistemi müharibədə yaralanan qazilərimizin müalicəsinə, eyni zamanda pandemiyanın qarşısının alınmasına yönəldi.
Deputat hesab edir ki, icbari tibbi sığortanın tətbiqinin çətin dövrə düşməsinə baxmayaraq, səhiyyə işçilərimiz ili uğurla yekunlaşdırdılar: “ABŞ, Böyük Britaniya, Avropa ölkələri, bəzi qonşu ölkələr uzun illərdir icbari tibbi sığortaya keçsələr də, hələ bu sahədə çox problemlər yaşayırlar. İcbari tibbi sığortaya keçmək o demək deyil ki, narazılıq olmayacaq. Əminik ki, qarşıdakı müddətdə icbari tibbi sığortanın tətbiqi vətəndaş məmnunluğu ilə nəticələnəcək”.
İcbari tibbi sığortanın tətbiqində bir sıra problemlər olduğunu deyən deputat vurğulayır ki, yeni “Xidmətlər Zərfi”ndə ötən ilə nisbətən daha çox tibbi xidmət nəzərdə tutulub: “Əlbəttə, biz bu xidmətlərin daha çox olmasını istəyirik. Bəzi tibbi xidmətlər var ki, zərfə daxil deyil, bunun səbəbi həmin xidmətlərin göstərilməsindəki bəzi çətinliklər və maliyyə tutumunun çox olmasıdır”.
M.İbrahimqızının sözlərinə görə, dünyanın ən ideal səhiyyə sistemi olan ölkələrdə belə vətəndaşlar xidmətdən birdən-birə razı qalmayıb. Qardaş Türkiyə səhiyyə xidməti üzrə dünyada nümunəvi ölkələrdən biri olsa da, icbari tibbi sığortanın tətbiqinin ilk illərində orada da çox çətinliklər yaşanıb.
Deputat onu da vurğulayıb ki, 2022-ci il üçün səhiyyə sahəsinə dövlət büdcəsindən ayrılan vəsait artıb. Büdcədən səhiyyə sisteminə ayırmalar artdıqca, təbii ki, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayı da genişlənəcək: “Bu gün dünyada qlobal maliyyə böhranı davam edir. Bir tərəfdən müharibələr, digər tərəfdən pandemiya səhiyyə sisteminə çox ağır zərbə vurur. Pandemiya dövründə dünyanın ən inkişaf etmiş ölkələrinin səhiyyə sistemi belə çökdü, amma biz bu halı Azərbaycanda hiss etmədik. Pandemiyanın ən ağır vaxtında Azərbaycanda Vətən müharibəsi oldu. Səhiyyəyə ayrılan bütün büdcə Vətən müharibəsində yaralıların müalicəsinə, qazilərə yönəldildi. Zaman keçdikcə vətəndaşlar icbari tibbi sığortadan tam məmnun olacaq. Əlbəttə ki, bir il məmnunluq üçün çox az vaxtdır”.
2550 sayda tibbi
xidmət göstərilir, amma vətəndaş
hələ də şikayətçidir
Araşdırmamız nəticəsində bəlli oldu ki, vətəndaşların əksəriyyəti icbari tibbi sığorta ilə bağlı xəstəxanalara müraciət etdikdə onlara daha çox 2 cavab verilir: “Bizdə icbari tibbi sığorta yoxdur”, “Bu müayinələr ödənişlidir”.
İcbari Tibi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qəzetimizə bildirib ki, vətəndaşlar icbari tibbi sığortanın “Xidmətlər Zərfi” çərçivəsində tibbi xidmətlərdən yararlanmaq üçün Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilərlər. Vətəndaşlara icbari tibbi sığortanın “Xidmətlər Zərfi”nə daxil olan 2550 sayda tibbi xidmət göstərilir.
Vətəndaşlar yaşadıqları ərazidən asılı olmayaraq, TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ambulator yardım üçün göndəriş vərəqəsi olmadan şəxsiyyət vəsiqəsini təqdim etməklə müraciət edə bilərlər. Dövlət tibb müəssisələrində stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunur. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim tərəfindən göndəriş vərəqəsi almalıdır.
Aynurə Əhmədovanın sözlərinə görə, vətəndaş TƏBİB-in tabeliyindəki müəssisədə vətəndaş ona göstərilən tibbi xidmətlərin keyfiyyətindən narazı qalırsa və ya tibb personalı tərəfindən ona qarşı hüquq pozuntusuna yol verilirsə, bununla əlaqədar ilk növbədə tibb müəssisəsinin məsul şəxslərinə, yaxud birbaşa rəhbərliyə müraciət etməlidir.
Departament rəhbərinin sözlərinə görə, qanunvericiliyə əsasən vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır: “Təsdiqini tapmış faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur”.
Vətəndaşlar isə şikayətlərlə bağlı agentliyin və TƏBİB-in qaynar xətlərinə düşməyin mümkünsüz olduğunu deyirlər.
Ən çox müraciət olunan tibbi xidmətlər
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən qəzetimizə bildirilib ki, 2021-ci il aprelin 1-dən Bakı və Sumqayıt tibbi ərazi bölmələrində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Həmin tarixdən 2022-ci ilin yanvar ayı daxil olmaqla (10 ay) Bakı tibbi ərazi bölməsi üzrə vətəndaşlara 3 187 225 müraciət əsasında 6 906 972, Sumqayıt tibbi ərazi bölməsi üzrə isə 679 649 müraciət əsasında 1 216 739 tibbi xidmət göstərilib.
2021-ci il ərzində ölkə üzrə tibb müəssisələrinə edilən müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs, həzm sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri və zədələr, zəhərlənmələrlə bağlı olub.
Qeyd edək ki, bu ilin dövlət büdcəsindən səhiyyə xərclərinə 1 milyard 789 milyon manat vəsait ayrılıb. Bu məbləğin təqribən 1 milyard 126 milyon manatını əhalinin dövlət büdcəsi hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı təşkil edir.
Əsmər QARDAŞXANOVA
Azərbaycan.- 2022.- 1 aprel.- S.1; 7.