Paşinyanın komandasına olan ümidlər tükənib

 

Ermənistanda məmurlar korrupsiya və rüşvət sistemini daha da genişləndirirlər

 

Ermənistanda korrupsiya xalqın həyatını məhv etməkdədir. İndi ölkədə elə bir yüksəkçinli məmur yoxdur ki, şəxsi biznesi olmasın, yaxud da vəzifədə olarkən digər yollarla böyük sərvət toplamasın. Son illər ərzində milli sərvətlərin yarıdan çoxu mütəmadi və sistematik şəkildə bu adamlar tərəfindən oğurlanmaqdadır. Onlardan biri Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan saxlanılıb. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumatı təsdiqləyib.

Bu günlərdə Milli Təhlükəsizlik Xidməti (MTX) əməkdaşlarının sözügedən nazirlikdə əməliyyat keçirmələri barədə məlumat yayılmışdı. Yerli mətbuat xüsusi xidmət orqanlarının xüsusən nazirin müşaviri Aşot Akopyanın otağında axtarış apardıqlarını yazmışdı. Sonradan isə məlumat yayıldı ki, nazir Andranik Piloyan martın 28-dən aprelin 14-nə kimi məzuniyyətə çıxıb. Piloyanı onun birinci müavini Armen Pambuxçyan əvəzləyib.

Daha sonra deyildi ki, hüquq-mühafizə orqanlarının Fövqəladə Hallar Nazirliyində axtarışlar aparmasından və idarənin bir neçə əməkdaşını Korrupsiyaya Qarşı Mübarizə Komitəsində sorğu-sual etdikdən sonra baş nazir Nikol Paşinyan Andranik Piloyanı 14 günlük məzuniyyətə göndərib. Amma gerçəklik budur ki, Piloyan korrupsiya sövdələşmələrinə görə ittiham olunur.

Baş verən siyasi proseslər fonunda qarşıdakı dövr ərzində Ermənistanda sosial-iqtisadi vəziyyətin daha da pisləşməsi gözlənilir ki, bunun da fonunda cinayət hallarının miqyasının əhəmiyyətli dərəcədə genişlənməsi istisna olunmur. Ermənistanda mülkiyyətlə bağlı cinayətlərin sayının daha da artacağı gözlənilir və belə cinayətlərə maddi vəziyyəti ağır olan xeyli sayda insanın cəlbolunma ehtimalının kifayət qədər böyük olacağı artıq erməni sosioloqları tərəfindən də istisna edilmir. Bütün bunların fonunda kriminallaşan erməni cəmiyyətinin məhvi prosesinin daha da tezləşməsi qaçılmazdır.

“4rd.am” saytı yazır ki, Ermənistan ən çox korrupsiyalaşmış ölkələr sırasında qalmaqda davam edir. Beynəlxalq təşkilatların işğalçı ölkədə korrupsiya faktları ilə bağlı hesabatında bildirilir ki, bu ölkədə korrupsiya halları ötən iki ildə də azalmayıb, əksinə, artıb. Bu xoşagəlməz halla bağlı mübarizə tədbirləri hələ də kağız üzərindən əməli işə keçməyib. Qeyd olunur ki, vergi ödəyiciləri arasında keçirilən rəy sorğusu da bunu təsdiqləyir. Sahibkarlıqla məşğul olmaq istəyənlər külli miqdarda rüşvət ödədiklərini deyirlər. Onların Paşinyan hökumətinə inamı yoxdur. Ölkədə toplanan verginin korrupsiyaya qurşanmış rəsmilər və məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı çoxsaylı faktlar var. Rəyi soruşulanlar vergi qanunlarının vergi ödəyicisi olan adamlarına eyni dərəcədə tətbiq olunmadığını qeyd edirlər.

Bildirilir ki, hazırda hakimiyyətdə olan qüvvələrin Ermənistanda son bir neçə onillikdə mövcud olmuş diktaturaya son qoyulduğunu iddia etmələrinə baxmayaraq, ölkədə totalitar rejim hökm sürür və hakimiyyət yalnız özünə yaxın müəyyən çevrələrə dəstək verir. Baş nazir N.Paşinyanın öz siyasi rəqiblərini təqib etdiyini bildirən media portalları onun həyat yoldaşı Anna Akopyanın qeyri-qanuni kommersiya fəaliyyəti ilə də məşğul olmasına dair çoxsaylı məlumatların yayıldığını qeyd edir.

Bu arada İrəvanda ifadə azadlığı hüququnun əsassız şəkildə məhdudlaşdırılması da davam edir. Bu barədə Beynəlxalq Amnistiya Təşkilatının 2021-ci il üçün dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatında deyilir. Vurğulanır ki, hökumət müstəqil medianı və digər tənqidi səsləri məhdudlaşdırmaq üçün bir sıra qanunlara dəyişikliklər edib. Mart ayında parlament təhqir və böhtana görə maksimum cəriməni 6 milyon drama (təxminən 12 min dollar) qaldırıb. Avqust ayında ictimai xadimləri təhqir edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan daha bir qanuna düzəlişlər edib, təkrar təhqirlərə görə üç aya qədər həbs cəzası nəzərdə tutulub.

Sentyabr ayında polis baş nazirin şəklinin altındakı şərhdə onu təhqir etdiyinə görə “Feysbuk” istifadəçisinə qarşı yeni qanun əsasında cinayət işi açıb. Hakimiyyət hüquq müdafiəçisi Saşik Sultanyanın Ermənistandakı yezidi etnik azlığına qarşı rəftarını tənqid etdiyinə görə, qisas almaq üçün qondarma ittihamlarla təqib etməyi davam etdirib. Onun milli ədavəti qızışdırması ilə bağlı araşdırma 2020-ci ilin oktyabrında etnik yezidilərin üzləşdiyi problemlərlə bağlı onlayn müsahibə dərc etdikdən sonra başlayıb. Onun məhkəməsi avqustda başlayıb, ilin sonuna kimi davam edib. Günahı sübut olunarsa, onu 3 ildən 6 ilə qədər həbs gözləyir. Baş Prokurorluq və dövlət istintaq orqanları QHT-lərə və mediaya qarşı hücum və təhdidləri, o cümlədən 2020-ci ildə baş vermiş münaqişədən sonra “Azadlıq” radiosu və Açıq Cəmiyyət fondlarının ofislərinin talanını effektiv şəkildə araşdıra bilməyib.

Bütün bunlar Ermənistanı kifayət qədər narahat günlər gözlədiyindən, ölkənin üzləşdiyi ümumi böhranın daha da dərinləşəcəyindən xəbər verir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 1 aprel.- S.7.