Yazın müjdəçiləri qayıdır

 

İqlim dəyişikliyi və insanların təbiətə müdaxiləsi səbəbindən artıq quşlar da istədikləri yerlərə uça bilmirlər

 

Yaz ayları başlayıb, baharın təravəti hiss olunmaqdadır. Quşların səsi bizə yazın gəlişindən, təbiətin oyanışından xəbər verir. Aydın səmada qatarlanan quş dəstələri payız və baharı gözümüzdə canlandırır. Yəni quşlar bizim üçün müjdəçidir. Quşların bu köçü onların həyat tərzi, fəsil dəyişikliyi ilə bağlı daha isti ölkələrə getməsi, qışlamaları, yem tapmaları, bir sözlə, iqlim dəyişikliyi ilə əlaqədardır.

Amma son illərdə bu təbiət prosesi sanki pozulub. Belə ki, təbiətin bu qanunauyğunluğu bir qədər dəyişib. Mütəxəssislər bunun əsas səbəbi kimi iqlim dəyişikliyində yaranan müxtəlifliyi və insanların təbiətə kortəbii müdaxiləsini göstərirlər.

 

Azərbaycanda 405 quş növü qeydə alınıb

 

Öncə onu vurğulayaq ki, 1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair beynəlxalq konvensiya imzalanıb. Bununla da hər il aprelin 1-i Beynəlxalq Quşlar Günü kimi qeyd edilir. Bu gün UNESCO tərəfindən “İnsan və Biosfer” adı ilə həyata keçirilən xüsusi proqram çərçivəsində təşkil olunur. Son məlumatlara görə, Azərbaycanda 405 quş növü qeydə alınıb, bəzi məlumatlara görə isə bu növlərin sayı 425-ə qədərdir.

Hazırda həm dünyada, həm də ölkəmizdə bu istiqamətdə mövcud durumu öyrənmək üçün Azərbaycan Ornitoloji Cəmiyyətin sədri Elçin Sultanova müraciət etdik.

Elçin Sultanov deyir ki, quş növlərinin hamısına həmişə rast gəlinmir. Bəzilərinə hətta 100 ildə bir dəfə rast gəlinir, amma qayda ilə onlar siyahıya salınır. Son statistikaya görə, Azərbaycanda 800 mindən çox quş qeydə alınıb. Onların təxminən 90 faizi su quşları, 10 faizi isə əsasən bəzgək olub. Bəzgəklərin dünyada ən böyük qışlama populyasiyalarından biri Azərbaycandadır, ölkəmizdə 100-200 min arasında bəzgək qışlayır. Bəzgək Azərbaycanın “Qırmızı kitab”ına daxil edilib, çünki bu quşlar dünyanın eyniadlı kitabında yer alıb. Qəbul olunmuş qaydalara görə, dünyanın qırmızı siyahısına düşən və ölkəmizdə rast gəlinən hər bir quş növü Azərbaycanın “Qırmızı kitab”ına salınır. Elə quş növləri var ki, dünyanın qırmızı siyahısında olmasa belə Azərbaycanın “Qırmızı kitabı”na düşüb. Onu da qeyd edək ki, “Qırmızı kitab”ın 10 ildənbir çapı nəzərdə tutulub.

Elçin Sultanov qeyd edir ki, bu kitaba düşən bütün quşlar ciddi qorunur, onları ovlamaq, yaşayış yerlərinə ziyan vurmaq qəti qadağandır. Kimsə həmin quşları ovlayırsa, ona böyük məbləğdə cərimələr tətbiq olunur.

 

Kəklik ovu qadağan edilə bilər

 

Azərbaycanda ov quşları əsasən ördək növləridir ki, onların “Qırmızı kitab”a 3 növü daxil edilib, qalanlarını isə ovlamaq olar. Qaz növlərindən ikisi “Qırmızı kitab”a salınıb, ikisi isə ov quşudur. Bəzi göyərçin, cüllüt, qaşqaldaq növləri, qamışlıqda yaşayan bəzi quşlar ov quşları sayılır. Qalan su quşlarını isə ovlamaq qadağandır. Ornitoloq qeyd edir ki, Azərbaycanda quru quşlarından ancaq kəklik, bildirçin və göyərçinlərin bəzi növlərinin ovuna icazə verilir: “Son vaxtlar kəklik ovunun qadağası ilə bağlı müzakirələr gedir. “Qırmızı kitab”ın birinci nəşrində 36, ikinci nəşrində 72 quş növü olub. Üçüncü nəşrə isə təxminən 80-82 quş növü daxil ediləcək. Quşların 4 növü yaşıl səhifələrə yerləşdirilir, bu isə o deməkdir ki, həmin növ quşlar bərpa olunub. Onların ovuna icazə verilsə, sayları yenidən azala bilər deyə “Qırmızı kitab”da saxlanılırlar. 16-17 quş növü isə əvvəlki nəşrdən çıxarılacaq, əvəzinə digər quş növləri salınacaq”.

Azərbaycanda quru, su, meşə, yarımsəhra, açıq yer quşlarının yaşaması üçün mühit var. Onların içərisində çoxsaylı olan bəzgəklərdir. Meşə quşları kifayət qədər çox olsa da, Azərbaycanda meşə sahəsi cəmi 12 faizdir.

 

Azərbaycanda ən böyük quşun çəkisi 16 kiloqrama çatır

 

Azərbaycanda ən böyük quş fısıldayan qu quşu hesab olunur, çəkisi 16 kiloqrama çatır və dünyanın ən böyük uçan quşudur. Ən kiçik quş isə kral quşlarıdır, onlar çox xırda olur və çəkisi 6-7 qramdır. Kral quşları dünyanın ən kiçik quşu kolibridən 2 dəfə böyükdür. Bu quşlar Azərbaycanda əsasən qış aylarında görünür, onlar Aran rayonlarına, Bakıya qışlamağa gəlirlər, əsasən iynəyarpaqlı ağacların içində yaşayırlar.

Elçin Sultanov deyir ki, Azərbaycana miqrasiya edən quşları bütün bölgələrimizdə görmək olar, amma onlara daha çox Xəzərboyu rayonlarda rast gəlinir. Bakını keçəndən sonra quşların bir hissəsi Arana uçur və Ağgöl Milli Parkında qışlayırlar. Su quşlarının ən çox yığıldığı yer isə Xəzər sahilində yerləşən Qızılağac Milli Parkıdır. Bəzi iri quşlar, məsələn, durna, qartal, kərkəs Böyük Qafqazın üstündən keçərək Zaqatala-Gəncə-Naxçıvan istiqamətində uçurlar.

Təbii ki, quşlar düşündüyümüz qədər rahat yaşayıb, istədikləri yerə uçmurlar. Onlar yem tapmaq, soyuqdan qorunmaq üçün üz tutduqları yerlərdə bəzən qanunsuz şəkildə kütləvi ovlanırlar. Bu isə həmin quşların sayının azalmasına, nəslinin kəsilməsinə səbəb olur. Bəs quşlar üçün əsas təhlükələr hansılardır?

 

Quşlar üçün əsas təhlükə - “brokonyerlik”

 

Ornitoloq qeyd edir ki, Azərbaycanda quşlar üçün əsas təhlükələrdən birincisi, brokonyerlik - qanunsuz ovçuluq, qadağan edilmiş ovu tutmaqdır.

Onun sözlərinə görə, qanunsuz ov bəzi yerlərdə kütləvi hal alıb. Azərbaycanın əksər yerlərində su quşlarını intensiv ovlayırlar. İkinci təhlükə isə quşların yaşayış yerlərini itirmələridir. Məsələn, quru yerdə su anbarı qurulandan sonra quru quşları orada yaşaya bilmir. Əksinə, hardasa göl quruyanda su quşları oradan yoxa çıxır. Buna misal son illərdə quruyan Hacıqabul gölünü göstərmək olar. Orada 20 minə qədər quş qışlayırdı, köç zamanı isə 25 minə qədər quş olurdu. İndi isə orada, ümumiyyətlə, quş yoxdur. Bakı yaxınlığındakı Qırmızı göl qurudulmazdan əvvəl ərazidə 2-8 min arası quş qışlayırdı, indi orada qışlayan quşa demək olar ki, rast gəlinmir. Vaxtilə Sarısu gölündə 300 minə qədər quş qışlayırdı, Mil-Muğan kollektoru yenilənəndən sonra isə orada 20 min quş görmək mümkün deyil. Yavaş-yavaş Mil-Muğan kollektoru tutulduğuna, Sarısu gölündə suyun səviyyəsi artdığına görə, orada 50-55 min qışlayan quş qeydə alınıb. Belə getsə, onların sayı yenə 300 minə çatacaq.

Elçin Sultanovun fikrincə, Azərbaycanda qış ayları isti keçəndə qışlayan quşların, xüsusən su və iri quşların sayı az olur. Qış soyuq keçəndə isə qışlayan quşların sayı artır: “Çox soyuq keçən qışda Azərbaycanda 30 min qu quşu qeydə alınır. Qış mülayim keçəndə isə bütün respublika üzrə 150-300 qu quşu görmək olar. Qutanların sayı soyuq illərdə 2 minə çatır, isti vaxtlarda isə bu rəqəm 100-200 olur. Balaca quşlar isə əksinə olaraq çox soyuq qış olanda cənuba gedirlər”.

 

Vəhşi quşların sayı azalır

 

Quşlar yuvalamağa qayıdanda yuvaları dağıdılmırsa, adətən, saylarını bərpa edirlər. Quşların yuvalaması ilə bağlı Azərbaycanda problem yoxdur. Yalnız qamışlıqlarda su yoxa çıxarsa, su menecmenti zəif olarsa, onlar yuvalaya bilmirlər.

Azərbaycanda kütləvi şəkildə xırda quşları ovlayıb yemirlər. Bu, müsbət haldır. Təəssüf ki, xaricdə - Fransa, İtaliya, Yunanıstanda ildə 10 milyonlarla xırda quş ovlanıb, yeyilir. Bu, doğrudan da, quşların populyasiyasına böyük ziyan vurur. Belə halda həşərat, ziyanvericilər artır. Bizdə bu fenomen yoxdur deyə kənd təsərrüfatına böyük ziyan dəymir.

Ekoloq deyir ki, yırtıcı quşlarla bağlı Azərbaycanda vəziyyət Avropa ölkələrindən qat-qat yaxşıdır, çünki Avropada kənd təsərrüfatında cürbəcür dərman - zəhərlərdən istifadə olunur, bu da bəzən yırtıcı quşların ölümünə səbəb olur. Buğdaya və ya başqa bitkilərə vurulan zəhərli maddələri gəmiricilər yeyib ölsə də, zəhər onların bədəninə keçir. Sonra gəmiricini yeyən yırtıcı quş da ölür:  “Azərbaycanda belə zəhərli dərmanlardan geniş şəkildə istifadə olunmur. Ona görə yırtıcıların zəhərdən ölmə faktı yoxdur. Xaricdə bəzi ev, kənd təsərrüfatı heyvanlarında ağrıkəsici kimi diklofenakdan istifadə olunur. Həmin heyvanlar öləndən sonra onu yeyən digər heyvan da tələf olur. Çünki diklofenak onlar üçün ən pis zəhərdir”.

Mütəxəssis deyir ki, yırtıcı quşların sıxlığı yalnız İspaniya və Portuqaliyada bizdəkindən çoxdur. Həmin ölkələrdə yırtıcı quşları süni yemləyirlər. Azərbaycanda isə quşların süni yedirdilməsi ənənəsi yoxdur. Qərb ölkələrində qızıl quşlar çox yüksək qiymətləndirilir və şahin kimi quşlar yüksək qiymətə satılır.

Bu gün dünyada təxminən 10-11 min quş növünün olduğu deyilir. Ümumi fərdlərin sayına görə isə keçmişdə quşların sayının 100 milyard olduğu deyilirdi. Ornitoloq qeyd edir ki, bu sayğı deyil, gözəyarı qiymətləndirmədir. Heç kim dəqiq sayı bilmir, çünki bu, mümkün deyil.

Ümumilikdə quşların yaşayış yerləri daraldıqca sayları da azalır. Quşların sayı əsasən ekosistemin məhsuldarlığından asılıdır. Kənd təsərrüfatı ekosistemi vəhşi ekosistemdən daha yüksəkdir. Meşə qırılıb yerində bağ salınırsa, orada quşların sayı daha çox ola bilər. Təbii ki, bu da asan məsələ deyil. Çünki kənd təsərrüfatında pestisid, cürbəcür dərmanlar istifadə edilir. Onlar da quşlara mənfi təsir edir. Buna görə də quşların sayı azalır.

Günündən, fəslindən asılı olmayaraq təbiətimizin canlısı olan quşlarımızı qoruyaq, qanunsuz ova qarşı daim mübarizə aparaq ki, baharın gəlişini bizə hiss etdirən, beynimizi dincəldən cəh-cəhlərindən məhrum olmayaq.

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 1 aprel.- S.8.