Cənubi Qafqazın siyasi və iqtisadi gücü
Azərbaycan dünyanın əksər dövləti ilə
qarşılıqlı faydalı, etibarlı və strateji tərəfdaşlığa nümunəvi
ölkədir
Son illər Azərbaycanın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirir.
Təsadüfi deyildir ki, qlobal böhran şəraitində inkişaf etmiş bir çox dövlət ciddi çətinliklərlə üzləşdiyi halda Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial proqramlar tam icra edilib. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edir.
Böyük tərəqqi yolu keçən və Vətən müharibəsində zəfər qazanan Azərbaycan dinamik inkişaf edən və dünyada hörmət olunan ölkəyə çevrilib. Prezident İlham Əliyevin Azərbaycana qısa müddətdə inanılmaz nailiyyətlər qazandıran siyasəti dünya ölkələrində böyük maraqla izlənilir. Azərbaycanda bütün sahələrin inkişafı ilə yanaşı, beynəlxalq münasibətlər, diplomatik əlaqələr də uğurla inkişaf edir. Bu gün Azərbaycanın bir çox ölkə ilə qarşılıqlı, ikitərəfli və strateji tərəfdaşlıq münasibətləri var.
Son günlərdə xarici ölkələrlə diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezidentə ünvanlanan məktublara nəzər yetirdikdə Azərbaycanın daha çox ölkələrlə hərtərəfli münasibətlərinin olduğunu görürük.
Bir vaxtlar iqtisadi müstəqilliyini təmin edə bilməyən, xaricdən aldığı yardımlarla keçinən, zəngin təbii ehtiyatları ola-ola əhalisinin enerjiyə olan tələbatını idxal hesabına ödəyən Azərbaycan cəmi 30 ilə güclü iqtisadiyyata, müstəqil siyasətə sahib qüdrətli dövlətə çevrildi. Dünya artıq müstəqil Azərbaycanı qlobal layihələr həyata keçirən, islahatlar aparan, regional əməkdaşlığa və qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş ölkə kimi qəbul edir.
Müstəqillik dövründə ölkə iqtisadiyyatına 300 milyard dollar investisiya qoyulması, xarici ölkələrə yatırımlar etmək, valyuta ehtiyatlarını 53 milyard dollara yüksəltməsi hər ölkəyə nəsib olmayan möhtəşəm nailiyyətlərdir.
Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizi strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirib. Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil siyasət həyata keçirən Azərbaycan son 18 ildə bütün istiqamətlər üzrə böyük uğurlar əldə edib.
Bu gün dünyada gedən ziddiyyətli geosiyasi proseslər, həmçinin qlobal pandemiya ilə mübarizə fonunda Azərbaycan həm sabitliyini təmin edir, həm də tam müstəqil xarici siyasət kursuna müvafiq olaraq beynəlxalq əlaqələrini daha da gücləndirir.
Təkcə ötən ilin statistik göstəricisinə nəzər yetirsək görərik ki, 2021-ci ildə Azərbaycan hüquqi və fiziki şəxsləri dünyanın 188 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 174 ölkədən isə idxal edilib.
İkinci Qarabağ müharibəsindəki şanlı zəfərdən sonra regionda yaranan yeni reallıqlar və bölgədə diktənin Azərbaycana məxsus olması bir daha təsdiq edir ki, ölkəmiz Cənubi Qafqazın ən fəal siyasi və iqtisadi aktorudur. Əgər tarixə ekskurs etsək Azərbaycanın indiyədək reallaşdırdığı qlobal miqyaslı neft-qaz kəmərləri, iştirak etdiyi beynəlxalq layihələri aydın şəkildə görə bilərik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, “Şahdəniz” və “Cənub qaz dəhlizi”, “STAR” neft emalı zavodu, “Şimal-Cənub, Şərq-Qərb Beynəlxalq Nəqliyyat dəhlizləri... Bu layihələrin reallaşması ilə siyasi və iqtisadi dividendlər qazanan Azərbaycan valyuta ehtiyatlarını artırır və regionların sosial iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan sosial layihələrin icrasını reallaşdırır.
Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasət Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldir. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq təşkilatlarda qətiyyətli və müstəqil söz sahibi kimi qəbul edilir. Bunun təsdiqi kimi təkcə ölkəmizin 120 daimi üzvü olan Qoşulmama Hərəkatına sədrlik etməsini göstərmək olar. Bütün bu uğurlar İlham Əliyevin xarici diplomatiyasının təntənəsidir.
Azərbaycan Prezidentinin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və digər şəxslərlə görüşləri həm özünün, həm də ölkəmizin yüksək nüfuzunun göstəricisidir.
Onu da xüsusi vurğulamalıyıq ki, ötən il müstəqilliyimizin 30 illiyini qürur hissi ilə qələbə qazanmış, zəfər çalmış xalq kimi, dövlət kimi qarşıladıq. Bu il isə beynəlxalq ələqələrimizin qurulmasının 30 illiyini fəxarətlə qeyd edirik. Bu uğurları dəyərləndirərkən İlham Əliyev qətiyyətlə vurğulayır ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimə hesabat vermir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı müstəqil yolundan döndərə bilmir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.-6 aprel.-
S.1; 4.