Tovuzda şəhid leytenantın xatirəsinə bulaq kompleksi inşa olunub

 

44 günlük Vətən müharibəsində şəhid olmuş leytenant Məcidov Aqil Aydın oğlunun xatirəsinə Tovuzda inşa edilmiş bulaq kompleksinin açılışı olmuşdur.

Açılış mərasimində çıxış edənlər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışmış, bu döyüşlərdə şərəflə vuruşan və qəhrəmancasına şəhid olan Aqilonun kimi oğullarımızın xatirəsinin heç vaxt unudulmayacağını qeyd etmişlər.

Sonra şəhid Aqil Məcidovun valideynləri, qardaşı çıxış edərək şəhidlə bağlı xatirələrini dilə gətirmiş, Vətən müharibəsi dövründə ordumuzun və xalqımızın göstərdiyi şücaətdən, qəhrəmanlıqlardan danışmışlar. Qeyd edilmişdir ki, Aqil Məcidov 1998-ci il aprelin 3-də Tovuz şəhərində anadan olmuşdur. 2005-2016-cı illərdə A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbində oxumuş, 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. Azərbaycan Ordusunun leytenantı olan Aqil Məcidov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə leytenant Aqil Məcidov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 6 aprel.- S.4.