Ermənistan xarici investisiyalar
üzünə həsrət qalıb
Bu ölkəni qarşıda daha böyük sosial-iqtisadi
problemlər gözləyir
Dünya iqtisadiyyatında yaranan çətinliklər fonunda qlobal maliyyə böhranının növbəti dalğasının başlana biləcəyi istisna edilmir.
Artıq dünyanın əksər dövlətləri böhranın yeni dalğası olacağı təqdirdə ona qarşı preventiv tədbirlər görülməsi istiqamətində müəyyən hazırlıqlara da başlayıblar. Lakin qlobal maliyyə böhranının yenidən başlanması halında iqtisadiyyatının tamamilə çökməsi labüd olacaq ölkələr də mövcuddur ki, onların sırasında Ermənistan xüsusi yer tutur.
Bu ölkənin özündə də açıq etiraf edilir ki, Rusiya-Ukrayna münaqişəsi fonunda yaranan çətinliklər yeni böhrana rəvac verərsə, Ermənistan daha böyük sosial-iqtisadi problemlərlə üzləşəcək.
Bunu şərtləndirən bir neçə önəmli səbəb var. Əvvəla, müharibədəki məğlubiyyətdən sonra yaranan maliyyə böhranı Ermənistanın onsuz də bərbad olan iqtisadiyyatına böyük zərbə vurub. Elə bunun nəticəsidir ki, böhranın özünün zirvə nöqtəsinə çatdığı 2021-ci ildən bəri Ermənistanda böyük tənəzzül yaşanır. Ötən müddət ərzində rəqabətə davamlı hər hansı istehsal sahəsinin yaradılmaması, kiçik və orta sahibkarlığın sıradan çıxması, infrastrukturun yoxluğu da vəziyyəti ağırlaşdıran əsas səbəblərdəndir.
Bununla yanaşı, Ermənistanın xarici investisiyalar üzünə həsrət qalan dövlətlərdən biri olması, iqtisadiyyatının bir neçə məmur oliqarxın əlində cəmləşməsi, inhisarçılığın, korrupsiya və rüşvətxorluğun dərin kök salması da sözügedən ölkəni problemlər məngənəsində boğan əsas faktorlardır. Ancaq Paşinyan hakimiyyəti fikirləşir ki, sərmayədən danışmaqla və ya investisiyalarla məşğul olan strukturlar yaratmaqla problem həllini tapacaq. Lakin bunun əksi müşahidə olunur. Bunların fonunda investorları dəstəkləmək və iqtisadiyyata investisiyaları stimullaşdırmaq üçün yeni İnvestisiya Komitəsi adlanan qurum yaradılıb.
Ekspertlər hesab edirlər ki, bu addımla investorları ölkəyə cəlb etmək mümkün olmayacaq. Çünki Ermənistan iqtisadiyyatına investisiyaların, xüsusən də xarici sərmayələrin axınının aktivliyi gözlənilmir. “4rd.am” saytı yazır ki, iki il əvvəl Ermənistanda avtobus istehsalı üzrə investisiya proqramının həyata keçirilməsi planlaşdırılırdı: “Söhbət Ermənistan-Koreya avtobuslarının istehsalından gedir. Bu məqsədlə dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində hökumət proqramı təsdiqləndi, hətta pul da ayrıldı. Proqram təsdiqlənəndən sonra Ermənistanın avtomobil istehsal edən ölkəyə çevriləcəyi barədə çox danışıldı. Əslində gündəmdə xaricdən ehtiyat hissələri gətirərək Ermənistanda avtobus yığmaq məsələsi var idi. Amma hətta bu da baş vermədi. Həmin proqram çoxdan unudulub. Onun mövcud olub-olmadığı və ya ləğv edildiyi də məlum deyil. Bu fakt Ermənistanda investisiya proqramlarının necə həyata keçirildiyini göstərir”.
Ermənistan iqtisadiyyatı xarici kapitalın cəlbi baxımından geri qalmaqda davam edir. Keçən il ölkədə bank kapitalı axınında da azalma oldu. Kredit qoyuluşlarında 400-450 milyon dollar azalma müşahidə edilir. Səbəblər təkcə iqtisadi məsələ ilə bağlı deyil, həm də geosiyasi mahiyyəti var. Son illər regiondakı qeyri-müəyyənlik və gərginlik səbəbindən Ermənistanda investisiya mühitinin problemləri daha da kəskinləşib. Rusiya-Ukrayna münaqişəsi və Qərbin tətbiq etdiyi sanksiyalardan sonra Rusiyadan gözlənilən investisiyalar, ümumiyyətlə, sual altına düşüb. Belə bir şəraitdə investisiyaları dəstəkləyən nə qədər yeni strukturlar, komitələr yaradılsa da, vəziyyət dəyişməyəcək.
Bildirilir ki, yeni maliyyə böhranı kontekstində xaricdən asılılıq amili ilk növbədə sadə əhaliyə mənfi təsir göstərəcək. Belə ki, Ermənistanda qalan azsaylı əhalinin böyük əksəriyyəti xaricdən göndərilən pullar sayəsində yaşayışlarını təmin edir. Lakin son təhlillər göstərir ki, artıq Ermənistana xaricdən göndərilən pulların həcmində yenidən azalma qeydə alınır. Müxtəlif xarici ölkələrdə çalışan ermənilər əvvəlki kimi Ermənistanda qalan yaxınlarına pul vəsaiti göndərməkdə çətinlik çəkirlər. Ermənistan mediası yazır ki, yaranmış vəziyyətdə əhalinin gündəlik tələbat mallarına olan ehtiyacını minimal səviyyədə belə ödəməsi ciddi çətinliyə çevrilir.
Bütün bunlar Ermənistanın üzləşdiyi problemlərin miqyasının daha da genişlənəcəyini, ölkənin təkcə siyasi yox, sosial-iqtisadi müstəvidə də böhrana düçar olacağını göstərir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2022.- 6 aprel.- S.1; 4.