Rəssamın fərdi sərgisi nümayiş
olundu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsi Təsviri sənət kafedrasının baş müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Fəxrəddin Qəhrəmanlının fərdi sərgisi keçirilib.
Ömrünün əlli ilini rəngkarlığa həsr etmiş rəssamın həm respublikada, həm də xarici ölkələrdə yüzlərlə sərgisi təşkil olunmuşdur. Qarabağ mövzusu Fəxrəddin Qəhrəmanlının yaradıcılığında ən önəmli yerlərdən birini tutur. Belə ki, rəssam şəxsi təşəbbüsü ilə Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin rəsmlərini işləmişdir. Təbii ki, bu istək vətənə olan sonsuz məhəbbətdən irəli gəlir. İndiyədək yüzlərlə tələbə yetişdirmiş Fəxrəddin Qəhrəmanlı onlara daim vətənpərvərlik hissini aşılayır. Tələbələrinin bir çoxu respublika və beynəlxalq səviyyəli sərgilərdə iştirak etmişdir. Bu, Fəxrəddin müəllim üçün qürurverici bir amildir.
Sərgini universitetin rektoru, professor Ceyran Mahmudova açaraq Fəxrəddin Qəhrəmanlının istedadlı bir rəssam və bacarıqlı pedaqoq kimi Azərbaycan rəssamlıq məktəbində özünəməxsus bir çəkiyə malik olduğunu vurğuladı. Daha sonra Azərbaycanın Xalq rəssamı Xanlar Əhmədov sərgiyə gələnlərlə rəssam haqqında xoş təəssüratlarını bölüşdü. Fəxrəddin Qəhrəmanlının son dərəcə işgüzar və yorulmaq bilməyən bir insan olduğunu söyləyən X.Əhmədov ona yeni yaradıcılıq uğurları arzuladı.
Tədbirdə respublikanın tanınmış rəssamları, memarları, incəsənət xadimləri, universitetin tələbələri iştirak edirdilər. Sərgi iştirakçıları müəllifin özünəməxsus dəstxətə malik olmasını xüsusi vurğulayaraq tanınmış rəssama yeni yaradıcılıq uğurları arzuladılar. Sərgidə yağlı və sulu boya ilə işlənmiş 25-ə qədər müxtəlif mövzularda əsərlər təqdim olunmuşdur.
Hüseyn KƏRİMOV
Azərbaycan.- 2022.- 6 aprel.- S.6.