Ümidin və inamın qələbəsi
Ümid və inamın gücü ilə qazanılır böyük
qələbələr. 1990-cı illərdə Azərbaycanın
ərazilərinin iyirmi
faizi erməni qəsbkarları tərəfindən
işğal olundu, bir milyondan çox
vətəndaşı öz
evlərini tərk etmək məcburiyyətində
qaldı. Birinci Qarabağ
müharibəsində yüzlərlə
azərbaycanlı erməni
quldurlarının hücumları
nəticəsində şəhid
oldu və ya şikəst edildi. Ermənilər
əsir, girov götürdükləri azərbaycanlılara
dəhşətli işgəncələr
verdilər...
Hərbi cinayətlər
törədərək cəzasız
qalan Ermənistan
Otuz ilə yaxın Azərbaycan xalqı bu faciələrin qisasının alınmamasının,
vətən torpaqlarının
erməni vandallarının
işğalı altında
qalmasının nisgili,
hüznü və hiddəti ilə yaşadı. Hər il XX əsrin
son onilliyində təqvimimizə
yazılmış işğal
tarixlərini qeyd etmək hər bir azərbaycanlı üçün əzaba çevrildi. Azərbaycan xalqı bu mənəvi əzab-əziyyətə
dözməkdən yoruldu,
usandı, amma bu ayrılığın,
həsrətin bitəcəyinə,
şəhidlərimizin qisasının
alınacağına inamını
heç zaman itirmədi. Azərbaycan Prezidenti İlham
Əliyev də hər zaman bəyan etdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü
nəyin bahasına olursa-olsun bərpa edəcək.
Azərbaycan dövləti yalnız öz ərazilərində
deyil, bütün dünyada sülhün, əmin-amanlığın bərqərar
olmasını arzulayır
və öz fəaliyyətini də hər zaman bu istiqamətdə qurur. Azərbaycan xalqı tarix
boyu çox böyük ədalətsizliklərlə
qarşılaşsa da,
müxtəlif illərdə
soyqırımına məruz
qalsa da, vətəni yağmalansa da, humanistliyini itirmədi. Yırtıcı xislətli düşməni
ilə mübarizədə
belə insani duyğularını unutmadı.
Azərbaycan dövləti, Azərbaycan
xalqı Ermənistan silahlı qüvvələrinin
işğalında qalmış
ərazilərimizi azad
edəcəklərinə əminliklə
və çox böyük qətiyyətlə
münaqişənin sülh
yolu ilə həllinə çalışdı.
Bu məqsədlə beynəlxalq təşkilatlara
müraciət etdi və problemin həll edilməsinə səy göstərdi.
Təəssüf ki, BMT Təhlükəsizlik
Şurası Azərbaycanın
işğal olunmuş
torpaqlarının qeyd-şərtsiz
azad edilməsi barədə dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan
bunları yerinə yetirmədi. Ermənistan dövləti
1994-cü ildə imzalanmış
atəşkəs haqqında
sazişi də kobudcasına pozmaqda davam etdi. Nəticədə həm Azərbaycan
Ordusunun əsgər və zabitləri, həm də mülki insanlarımız
şəhid oldular.
Ermənistan silahlı qüvvələrinin
bilərəkdən dinc
insanların yaşayış
yerlərini atəşə
tutmaları səbəbindən
həlak olanlar arasında yeniyetmələr,
uşaqlar da var idi. Təəssüf ki, bu faciələri, erməni terrorlarını görən,
duyan beynəlxalq təşkilatlar qətiyyətli
davranmır, Ermənistan
dövləti beynəlxaq
qaydaları pozduğuna,
hərbi cinayətlər
törətdiyinə görə
layiqli cəzasını
almırdı. Cəzasızlıq isə məkrli, hiyləgər və qəddar olduğunu tarix boyu öz
bəd əməlləri
ilə təsdiq etmiş erməniləri daha da azğınlaşdırırdı.
Onlar beynəlxalq təşkilatların
verdikləri qərarları
heçə saydıqlarını,
1994-cü ildə imzalanmış
atəşkəs haqqında
sazişə əhəmiyyət
vermədiklərini Azərbaycan
Ordusunun təmas xəttini və mülki əhalinin, dinc insanların yaşayış yerlərini
intensiv atəşə
tutmaqla açıq-aydın
göstərirdilər.
Erməni təxribatına
layiqli cavab...
Erməni təcavüzkarlarının
növbəti atəşkəs
rejimini pozmaq cəhdi 2016-cı il aprel ayının 1-dən 2-nə keçən
gecə baş verdi. Azərbaycanın cəbhəboyu mövqeləri
və yaşayış
məntəqələri gün
ərzində erməni
silahlı qüvvələri
tərəfindən güclü
artilleriya atəşinə
məruz qaldı.
Nəticədə 2 dinc sakin həlak oldu, 10 nəfər yaralandı, infrastruktur obyektləri zədələndi, evlər
dağıdıldı, əhalinin
şəxsi təsərrüfatına
və əmlakına xeyli ziyan dəydi.
2016-cı ilin
aprelində Ermənistan
ordusunun hücumunun qarşısını almaq,
mülki əhalinin təhlükəsizliyini qorumaq
məqsədilə Azərbaycan
Silahlı Qüvvələrinin
komandanlığı tərəfindən
Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli
istiqamətlərində təxirəsalınmaz
cavab tədbirləri həyata keçirildi.
Aprelin 2-nə keçən gecə Ermənistanın kəşfiyyat-diversiya
qrupları Talış,
Tapqaraqoyunlu istiqamətində
yerləşən Azərbaycan
Ordusunun mövqelərinə
əvvəlcə minaatanlardan
zərbə endirdi, sonra düşmənin kəşfiyyat-diversiya qrupları
hücuma keçməyə
cəhd göstərdi. Azərbaycan Ordusu
Ermənistan silahlı
qüvvələrinə sarsıdıcı
zərbə vuraraq ön xətdə olan mövqelərini ələ keçirdi, düşmənin müdafiə
xəttinin dərinliklərinə
doğru irəliləyərək
Talış yaşayış
məntəqəsi istiqamətində
yüksəklikləri azad
etdi. Beləliklə, Tapqaraqoyunlu kəndi
və həmin istiqamətdə yerləşən
Naftalan şəhərinin
təhlükəsizliyi tam təmin
olundu. Hərbçilərimiz işğaldan azad
etdikləri yüksəkliklərdə
möhkəmlənərək təmas xətti boyunca yerləşən digər yaşayış
məntəqələrinin də təhlükəsizliyini
təmin etdilər.
Goranboy rayonuna və Naftalan şəhərinə
təhlükə yarada
biləcək Talış
kəndi ətrafındakı
yüksəkliklər, Seysulan
məntəqəsi və
Füzuli rayonu istiqamətində yerləşən
“Lələtəpə” adlandırılan
yüksəklik düşməndən
azad edildi.
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev cəbhə bölgəsinə səfəri
zamanı zabit və əsgərlərlə
görüşərkən Aprel döyüşləri
barədə dedi: “Bu ilin aprel ayında
Ermənistan dövlətimizə,
xalqımıza qarşı
növbəti silahlı
təxribat törətmişdir.
Qəhrəman Azərbaycan
Ordusu - xalqımızın
zabit və əsgərləri bu təxribata layiqli cavab vermişdir. Onu da qeyd etməliyəm
ki, əks-hücum əməliyyatımız əlverişsiz
mövqelərdən başlamışdır.
Biz yüksəklikləri, təpələri işğalçılardan
azad etmişik və böyük qəhrəmanlıq göstərmişik”.
2016-cı ildə
dördgünlük döyüşlərdə
bir sıra strateji mövqelər, eləcə də Füzuli rayonu istiqamətində yerləşən,
geniş ərazini nəzarətdə saxlamaq
imkanı verən Lələtəpə yüksəkliyi
azad edildi. Döyüşlərdə
ermənilərə məxsus
30 tank, 15-dək artilleriya qurğusu
və möhkəmləndirilmiş
mühəndis qurğuları
məhv edildi, düşmənin 320 hərbçisi
öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı.
Dağlıq Qarabağ
münaqişəsində dönüş
nöqtəsi
Ümumilikdə Aprel döyüşlərinin
yekunu olaraq Azərbaycan Ordusu tərəfindən 2000 hektardan
artıq ərazi erməni işğalından
azad edildi və böyük qələbənin təməli
qoyuldu. Azərbaycan Ordusunun uğurlu
əks-hücum əməliyyatı
nəticəsində erməni
işğalından qurtulmuş
Cəbrayıl rayonunun
Cocuq Mərcanlı kəndində mülki adamların təhlükəsiz
yaşamasına şərait
yarandı. Birinci Qarabağ
müharibəsi zamanı
erməni işğalı
səbəbindən öz
tarixi yurdlarını,
isti ocaqlarını tərk etməli olmuş dinc əhalinin həsrəti bitdi. Prezident İlham Əliyev 24 yanvar 2017-ci il
tarixdə “İşğaldan
azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında”
sərəncam imzaladı.
Cocuq Mərcanlıda tikinti-quruculuq
işləri vüsət
aldı.
Cocuq mərcanlılılar böyük
sevinc və ümidlə Azərbaycan Silahlı Qüvvələrinin
tam nəzarətinə keçmiş
doğma yurdlarına qayıtdılar. Azərbaycan dövləti öz
dədə-baba yurdlarında
yaşamaları üçün
onlara hər cür şərait yaratdı. Cocuq Mərcanlı kəndində
həyat öz axarına düşdü.
Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin
əhəmiyyəti barədə
dedi: “Ermənilərin
uzun illər öz ordusu haqqında yaydıqları
mif darmadağın edildi. Azərbaycan əsgəri, zabiti
göstərdi ki, kim nəyə qadirdir”. Dövlət başçısı bildirdi ki, Azərbaycan
bu döyüşlərdə
nəinki öz gücünü göstərdi,
düşmənə və
dünyaya bir daha sübut etdi ki, biz indiki
vəziyyətlə heç
vaxt barışmayacağıq.
Dörd gün davam edən döyüşlər
Dağlıq Qarabağ
münaqişəsində dönüş
nöqtəsi oldu. Aprel döyüşləri
bir çox həqiqəti meydana çıxardı. Bu döyüşlər göstərdi
ki, işğalçı
Ermənistan hərbi gücünə, döyüşçülərinin
hərbi hazırlığına
görə Azərbaycandan
dəfələrlə zəifdir.
Ermənistan dövlətinin uydurduğu
“güclü erməni
ordusu”nun da “böyük Ermənistan” xülyası kimi boş, cəfəng olduğu təsdiqləndi.
Aprel döyüşləri
Azərbaycana öz gücünü, Silahlı
Qüvvələrinin səviyyəsini,
həmçinin düşmənin
imkanlarını təhlil
etmək imkanı verdi. Aprel döyüşləri
əminlik yaratdı ki, Azərbaycan Ordusu düşməndən
daha qüdrətlidir.
Aprel döyüşləri göstərdi
ki, Azərbaycan Silahlı Qüvvələri
işğal olunmuş
ərazilərimizi azad
etmək iqtidarındadır.
Aprel döyüşləri Azərbaycan
xalqının ən çətin günlərində,
işğal tarixlərini
qeyd etməkdən usanıb qeyrətində boğulduğu vaxtlarında
da itirmədiyi ümidinin, inamının
qələbəsi oldu. Əslində Azərbaycan xalqı böyük zəfərin
müjdəsini o günlərdə
aldı. İnandı ki, vətən torpaqlarının Ermənistan
silahlı qüvvələrinin
işğalından azad
ediləcəyi günlər
uzaqda deyil. Və ümidlə böyük qələbə sevincinin gələcəyi günləri
gözlədi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində qəhrəman
Azərbaycan Ordusunun qalibiyyəti o misilsiz zəfər sevincini, qürurunu Azərbaycan xalqına bəxş etdi.
Zöhrə FƏRƏCOVA
Azərbaycan. - 2022.- 6 aprel.- S.6.