Sovet hakimiyyətinin
repressiya siyasətinin
Şuşa faciələri...
Günahsızlar
1920-ci il
aprelin 28-də bolşeviklər
Azərbaycan Xalq Cümhuriyyətini süquta
uğradaraq hakimiyyəti
ələ keçirdikdən
sonra onsuz da ziddiyyətli olan siyasi-ictimai vəziyyət daha da mürəkkəbləşdi.
Yeni hökumətin bərqərar
olması üçün
çox kəskin tədbirlər həyata keçirilməyə başlanıldı.
Sovet hakimiyyəti möhkəmləndikdən sonra
da yumşalmalar hiss olunmadı, əksinə, rejim sərt şəkildə yoluna davam etdi.
On beş
respublikanı zəbt
edərək böyük
imperiya qurmağa nail olmuş sovet hökuməti 1930-cu illərdə
repressiya siyasəti həyata keçirdi. İttifaqın tərkibində olan
digər respublikalar kimi, Azərbaycan Sovet Sosialist Respublikasında (SSR) da bu siyasət faciələrə səbəb
oldu.
Azərbaycanın bütün bölgələri
kimi, Qarabağda da repressiya siyasətinin
nəticələri ağır
keçdi. Xalqımızın çox dəyərli,
istedadlı, vətənpərvər
övladları həbs
olundu, kimisi sürgün edildi, kimisi də güllələndi.
1937-ci ildən başlayaraq miqyası getdikcə genişlənən,
təhlükəsi sosial
və milli mənsubiyyətindən asılı
olmayaraq hər kəsin başının
üstünü alan repressiya siyasəti bütün respublikada kabusa çevrildi. Tədqiqatçıların gəldiyi nəticəyə
görə, Azərbaycan
SSR-də repressiya Şuşadan başlanıldı.
Bu siyasət Şuşada
da xalqın aparıcı qüvvəsi,
düşünən beyni
olan ziyalıların,
əhali arasında sayılıb-seçilən insanların
məhvinə yönəldildi.
1930-cu illərin sonlarında Şuşanın
nüfuzlu, istedadlı,
tanınmış, söz
sahibi olan sakinlərinin, məşhur
sənətkarlarının, hətta adi peşə sahiblərinin bir çoxunun faciəsinə çevrildi.
Böyük qəddarlıqla
həyata keçirilən
repressiya siyasətinin
həyatını yarımçıq
qoyduğu şuşalılardan
biri də Salman Əhməd oğlu Ağayev olub. O, 1892-ci ildə Şuşada dünyaya gəlib. Sovet hakimiyyətinin ilk illərindən “diqqət
mərkəzində” olan
ziyalılardan biri idi. Hələ 1923-cü ildə o, əksinqilabçı damğası
vurularaq həbs edilib. Həbsxanada üç ay saxlanıldıqdan
sonra azadlığa buraxılıb. Ancaq səsvermə
hüququndan azad edilib. Salman Ağayev 1928-ci ilin yanvarında yenidən həbs
edilib. Ona qarşı eyni
ittiham irəli sürülüb. Bu dəfə də üç ay həbsxanada
qalıb. Sonra azadlığa
çıxıb. Həyatı əvvəlki məcrasına
düşüb. Amma bu, uzun sürməyib,
1934-cü ildə üçüncü
dəfə həbs olunub. Sürgünə göndərilib. İki il
sürgün həyatı
yaşayıb. Yenə də
azad edilib. Bundan sonra Salman Ağayev
bir daha Şuşaya qayıtmayıb.
Həyatın burulğanlarından qurtula
bilməyən Salman Ağayev şər, böhtan, həbslər, ittihamlar, sorğu-suallar və cəzalardan zinhara gəlib. Ona Şuşada
doğma evində yaşayıb, işləri
ilə məşğul
olmağa imkan verməyiblər. Salman Ağayevə
qarşı haqsızlıqlar
bu insanı məhv edənədək
bitməyib. 1938-ci ilin
yanvarında o, yenidən
həbs edilib və bir daha
geri dönməyib...
Sovet hökumətinin repressiya siyasətinin güdazına
gedən Azərbaycanın
vətənpərvər ziyalılarından
biri də Mirzəli bəy Behbudov olub. O, 1886-cı ildə
Şuşa qəzasının Bayat kəndində dünyaya göz açıb. Şuşa Realnı Məktəbində
oxuyub. 1910-cu ildə həmin məktəbi bitirib.
Təhsilini davam etdirib.
Ali hüquq təhsili
alıb. O, qardaşı
Lütfəli bəyin
“Küratan” aksioner cəmiyyətində işə
başlayıb. 1917-ci ilədək həmin cəmiyyətin aparıcı
kadrlarından sayılıb.
Sonra vəkil kimi fəaliyyət göstərib.
Sovet hakimiyyəti illərində,
o, əvvəlcə Şamaxı
bölgəsinə, 1932-ci ildən
isə Quba rayonuna göndərilib.
Mirzəli bəy Behbudov
orada rayon xalq məhkəməsində çalışıb.
Vəkillər kollegiyasının üzvü seçilib.
Mirzəli bəy 1937-ci ildə
həbs edilib. Sovet hökuməti vəkil M.Behbudova qarşı da ədalətsiz və qəddar davranıb. Əmlakı müsadirə olunmaqla
güllələnmə cəzasına
məhkum edilib. Hökm
1937-ci ildə yerinə
yetirilib.
Repressiya qurbanı olan Rza bəy Kərbəlayı
Baba bəy oğlu Qaraşarlı pedaqoq, ictimai xadim idi. O, 1891-ci ildə
Şuşa şəhərində dünyaya
gəlib. Şəhər
realnı məktəbini
bitirdikdən sonra ali təhsil
alıb. 1918-ci ilədək ayrı-ayrı
məktəblərdə riyaziyyat
müəllimi kimi fəaliyyət göstərib.
Sonra Qafqaz Xeyriyyə Cəmiyyətində çalışıb.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
rəsmi orqanı olan “Azərbaycan” qəzeti Qazax qəzasındakı ağır
vəziyyətdən bəhs
edərək yazıb:
“Qazax qəzasında qanunsuzluq olduğundan, buraya parlaman üzvü Rza bəy Qaraşarov xüsusi müvəkkil təyin edilmiş və ona 600 nəfərlik əsgəri
dəstə ilə bərabər, böyük
ixtiyarlar verilmişdir”.
Rza bəy Qaraşarlı Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin
üzvü olub. Bir çox
iclaslara katiblik edib. 1920-ci ildən
sonra Bakı baş milisinin rəis müavini vəzifəsində çalışıb.
1922-ci ildən Azərbaycan Xalq Maarif Komissarlığında
işləyib.
Məşədi Baba İmamqulu oğlu Quluyev 1866-cı ildə Şuşada dünyaya gəlib. O, Şuşa qəzasının ən varlı adamlarından biri kimi tanınıb.
Malıbəyli nahiyəsində, Quşçular obasında
böyük torpaq sahələrinin sahibi idi. Səxavəti, xeyirxahlığı ilə hörmət, ehtiram qazanıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Müsavat
ordusunun Xankəndidə
yerləşən polkunu
ərzaq və müxtəlif kənd təsərrüfatı məhsulları
ilə təmin olunmasına çalışan
bəylərdən biri
də Məşədi
Baba olub. Bolşeviklər hakimiyyətə gəldikdən
sonra onun da düzəni pozulub. Məşədi Babanın əmlakı
müsadirə edilib.
Bütün mülkləri, torpaq
sahələri, bağları,
mal-qarası əlindən
alınıb. Onun ikimərtəbəli
evini məktəb binasına çeviriblər.
Dövrün qəhrini çəkməli
olan Məşədi
Baba kolxoza üzv yazılıb. Ancaq bu insanı yenə də rahat buraxmayıblar.
1938-ci ildə tutulub. Kolxoz quruluşunun əleyhinə
təbliğat apardığı,
qolçomaqlara yardım
göstərdiyi, kolxozu
dağıtmaq üçün
evində yığıncaqlar
təşkil etdiyi bəhanə gətirilərək
həbsə atılan
Məşədi Baba 1938-ci ildə yetmiş dörd yaşında qətlə yetirilib.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2022.- 6 aprel.- S.7.