Erməni şovinistlərinin
məkrli niyyətinin
qarşısına çəkilən
sədd - Qars müqaviləsi
Tarixə nəzər
Tarix boyu erməni daşnakları qədər
özlərinin uydurdurduqları
xülyaya inanan olmayıb. Ötən əsrdə qəddar
ermənilər boş,
mənasız “böyük
Ermənistan” xəyalları
ucbatından Türkiyəni
və Azərbaycanı
münaqişəyə cəlb
ediblər. Bu yalanı “reallaşdırmaq”
üçün hər
cür qəddar əməllər, terrorlar,
müharibələr törədiblər.
1920-ci il
sentyabrın 24-də türk
ordusu erməni daşnaklarının hücumlarının
qarşısını almaq
üçün onlarla
müharibə aparmalı
olub. Noyabrın 18-də daşnakları məğlubiyyətə uğradıb.
Dekabrın 2-də Ermənistanla Türkiyə arasında Gümrü müqaviləsi
imzalanıb. Müqavilənin 12-ci maddəsinə Türkiyə
hökuməti Şərur,
Naxçıvan, Şahtaxtı
və Culfa yolu ilə tranzit
işlərinin sərbəstliyinin
təminatını öz
üzərinə götürüb.
Gümrü müqaviləsinə əsasən, Dəvəli
və Arazdəyəndən
başqa, indiki Naxçıvanın sərhədləri
demək olar ki, müəyyənləşdirilib.
Təəssüf ki, tarixən
türk torpaqları olan Uluxanlı, Qəmərli, eləcə
də həmin dövrədək Naxçıvanı
erməni hücumlarından
qoruyan Böyük Vedi və ətrafındakı
bir çox kənd ermənilərə
verilib. Nəticədə Dəvəli Naxçıvanın
şimal-qərb sərhədi
olub.
Daşnakların Ermənistan-Türkiyə müharibəsində
məğlub olmaları
Türkiyənin regionda
hərbi və siyasi nüfuzunu daha da yüksəldib. Eyni zamanda
sovet Rusiyasının
Ermənistanı sovetləşdirməyə
məcbur etməsini tezləşdirib.
Məğlubiyyətlərinə rəğmən Ermənistanın
şovinist rəhbərliyi
boş, mənasız
yalanlarından əl çəkməyib. Bütün vasitələrdən istifadə edərək bu dəfə də Naxçıvanı
Azərbaycandan qoparmağa
cəhd göstərib.
Erməni silahlıları 1918-1920-ci illərdə Naxçıvanda
qırğınlar törətsələr
də, məqsədlərinə
çata, əhalinin gözünün odunu ala bilməmişdilər. 1920-ci il oktyabrın
28-də sovet Rusiyası
ilə Ermənistan əlbir olaraq Azərbaycanın rəyini
nəzərə almadan
öz aralarında müqavilə bağlayıblar.
Bu müqaviləyə əsasən, Zəngəzur
və Naxçıvan
Ermənistana verilib.
1920-ci il
noyabrın 29-da Ermənistanda
bolşevik hakimiyyəti
qurulub. Azərbaycan Hərbi İnqilab Komitəsi bu münasibətlə həmin
il dekabrın
1-də bəyanatla çıxış
edib. Guya “iki sovet respublikası arasında ərazi mübahisələrinin”
həllinə yönəldilmiş,
əslində, Azərbaycanın
milli mənafeyinə zidd olan bəyanat
sovet Rusiyasının
diktəsi ilə hazırlanıb.
Naxçıvan və Zəngəzurun müsəlman əhalisi Azərbaycan Hərbi İnqilab Komitəsinin bəyanatını böyük
narazılıqla qarşılayıb. Bəyanat Türkiyə
nümayəndələrinin də etirazına səbəb olub. Vəziyyət gərginləşib.
1920-ci ildə Azərbaycanda
sovet hakimiyyəti qurulandan sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan SSR-in
RSFSR-də fövqəladə
nümayəndəsi olan
Behbud ağa Naxçıvanda yerləşən
türk nümayəndələri
ilə birlikdə Naxçıvanın Ermənistan
tərəfindən nəzarətə
götürülməsinin qarşısını almaq
üçün fəaliyyətə
başlayıb.
Ermənistan yenə hiyləyə əl atıb. 1920-ci il 28 dekabr bəyanatı ilə Naxçıvanı müstəqil
sovet respublikası kimi tanıdığını
bəyan edib. Bəzi siyasi səbəbləri, Naxçıvanın
müsəlman əhalisinin
iradəsini, Türkiyənin
təkliflərini və
Azərbaycan bolşevik
rəhbərlərinin bir
sıra üzvlərinin
mövqeyini nəzərə
alan Rusiya
tərəfi də Naxçıvanın öz
müqəddəratını həll etmək hüququnu tanımalı olub. Naxçıvanın muxtariyyət məsələsi
Zəngəzur mahalının
Ermənistana verilməsi
ilə labüdləşib.
Moskvada Türkiyə
nümayəndə heyəti
ilə 1921-ci il fevralın 26-da danışıqlara başlanılıb.
Martın 16-da “Dostluq və
qardaşlıq haqqında”
Moskva müqaviləsi
imzalanıb. Müqavilənin 3-cü maddəsinə görə,
Naxçıvana Azərbaycanın
tərkibində muxtariyyət
statusu qəbul olunub.
Rusiya nümayəndəsinin
iştirakı ilə
Türkiyə ilə üç Cənubi Qafqaz respublikası arasında Qars şəhərində 1921-ci il
sentyabrın 26-da konfrans keçirilməsi
barədə razılığa
gəlinib. AK (b)P MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli
qərarı ilə Behbud ağa Azərbaycan SSR-dən konfransa nümayəndə
seçilib. Azərbaycan Kommunist
Partiyasının rəhbərliyində
olan S.Danielyan, L.Mirzoyan, A.Mikoyan S.Orconikidze ilə birlikdə hələ
1921-ci ilin iyununda Naxçıvanın Azərbaycanın
tərkibində qalmasına
çalışan Behbud
ağanın bu məsələdən kənarlaşdırılmasına
səy göstəriblər.
Bu məkrli niyyəti
Nəriman Nərimanov
boşa çıxarıb.
Naxçıvanın mənafeyini Qars konfransında müdafiə
etmək üçün
Naxçıvan SSR Xalq
Komissarları Soveti də Tağı Səfiyevi ora göndərib.
Qars konfransı
1921-ci il sentyabrın 26-dan oktyabrın
13-dək keçirilib. Konfransın açılışında
Kazım Qarabəkir paşa, Yakov Qanetski və Askanaz Mravyan çıxış ediblər.
Çox
gərgin keçən
müzakirələrdə xeyli
mülahizə və təkliflər dinlənilib.
Türkiyə nümayəndələrinin təklifi üç Cənubi Qafqaz respublikası ilə ayrı-ayrılıqda müqavilə
bağlamaq olub. RSFSR-in nümayəndəsi Y.Qanetski israr edib ki, bir
ümumi müqavilə
imzalansın. Onun çıxışı,
əslində, Azərbaycan
və Ermənistan respublikalarını xarici
siyasətdən uzaqlaşdırıb
Rusiyaya birləşdirmək,
gələcəkdə vahid
dövlət yaratmaq məqsədi daşıyıb.
Bu niyyətlə hələ
1920-ci il sentyabrın 30-da RSFSR bu istiqamətdə Azərbaycan
SSR ilə “hərbi və maliyyə-iqtisadi ittifaq” haqqında müqavilə bağlayıb.
Beləliklə, 1921-ci il oktyabrın 13-də
sovet Rusiyası nümayəndəsinin iştirakı
ilə Türkiyə və üç Cənubi Qafqaz respublikası arasında Qarsda müqavilə imzalanıb. 20 maddə
və 3 əlavədən
ibarət olan müqavilənin bir sıra müddəaları
Moskva müqaviləsinin
müvafiq maddələri
ilə uyğundur.
Müqavilənin 5-ci maddəsində yenə də Naxçıvanın
Azərbaycanın tərkibində
saxlanması və ona muxtariyyət verilməsi məsələsi
təsbit olunub. Qars müqaviləsinin
bu maddəsində Moskva müqaviləsindən
fərqli olaraq, Naxçıvanın statusu
məsələsində razılığa
gələn tərəflər
müəyyənləşdirilib. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri
olub. Həmin maddədə qeyd olunub: “Türkiyə hökuməti, Azərbaycan
və Ermənistan Sovet Respublikaları müqavilənin III əlavəsində
göstərilən sərhədlər
daxilində Naxçıvan
vilayətinin Azərbaycanın
himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa
gəlirlər”.
Qars müqaviləsi müddətsiz
bağlanıb. Müqaviləni imzalayan dövlətlərdən
hər hansı biri onu birtərəfli
qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin
mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici
orqanlarında təsdiqlənib.
Həmin il
sentyabrın 11-dən isə
qüvvəyə minib.
1920-ci il
dekabrın 28-də Naxçıvanın
müstəqilliyini tanıyan,
Qars müqaviləsi ilə Azərbaycanın tərkibində muxtariyyət
statusunun verilməsinə
imza atan Ermənistan sonralar da Naxçıvan iddialarından əl çəkməyib. Ancaq Qars
müqaviləsi erməni
şovinistlərinin məkrli
niyyətinin qarşısına
çəkilmiş ən
böyük sədlərdən
biri olub.
Z.FƏRƏCOVA
Azərbaycan. - 2022.- 6 aprel.- S.7.