Avropa İttifaqı
Şurasının Prezidenti
Brüsseldə keçirilən
üçtərəfli görüşün
yekunları ilə bağlı jurnalistlərin
suallarını cavablandırıb
Avropa İttifaqı
Şurasının Prezidenti
Şarl Mişel aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının
baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşün
yekunları ilə bağlı jurnalistlərə
müsahibə verib.
AZƏRTAC müsahibəni
təqdim edir.
Jurnalistləri salamlayan
Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişel dedi: Axşamınız xeyir. Elə indicə biz Prezident
İlham Əliyev və baş nazir Nikol Paşinyanla
gözəl və çox səmərəli
görüş keçirdik.
Cənubi Qafqazda sabitlik,
təhlükəsizlik və
inkişaf Avropa İttifaqı üçün
olduqca mühümdür.
Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə
məşğuluq və
bu gecə böyük bir irəliləyişə nail olduq.
Bu isə o deməkdir
ki, biz hamımız birlikdə sülh danışıqları üçün
konkret prosesə başlamağa, mümkün
sülh sazişini hazırlamağa və bu saziş üçün
bütün zəruri
elementləri həll etməyə qərar vermişik. Biz, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa
gəldik. Əminəm ki, növbəti həftələrdə əldə
olunacaq tərəqqini
nəzərdən keçirmək
üçün bizim
aramızda güclü
kommunikasiya və koordinasiya olacaq.
-Cənab
Prezident, sizcə, sülh sazişinin imzalanması nə qədər çəkər?
- Bunu proqnozlaşdırmaq çətindir.
Amma dekabrda Brüsseldə hər iki liderlə ilk şəxsi görüş
zamanı mən hiss etdim ki, maraqlı
bir addım atıldı, tərəflər
bir-birini dinləməyə
və bir-birini narahat edən məsələləri, həmçinin
prioritetləri, hər
iki tərəf üçün həssas
olan məsələləri
daha yaxşı anlamağa meyilli idilər. Bu, birinci
vacib element idi. Bu arada, mənim
hər iki liderlə müntəzəm
telefon danışıqlarım
olub. Biz bu axşamkı görüşə çox
hazırlaşmışıq. Biz buna vaxt ayırdıq. Bilirsiniz ki,
nahardan əvvəl mənim hər iki liderlə ikitərəfli görüşüm
oldu. Səmimi desəm, düşünürəm
ki, biz çox gərgin çalışırıq,
irəliləyiş var. Hər
iki tərəfdə olan çağırışları
və çətinlikləri
gözardına vurmuram.
Lakin hesab edirəm ki, irəliləyişə
nail olmaq, əməkdaşlıq
etmək, prioritetləri,
birlikdə ata biləcəyimiz konkret addımları müəyyənləşdirmək
üçün ortaq
iradə var.
– Cənab
Prezident, deyə bilərik ki, biz sülh sazişinə yaxınlaşırıq?
- Əminəm
ki, bu gecə
biz düzgün istiqamətdə
mühüm bir addım atdıq. Əlbəttə, bu, hər şeyin
həll olunduğu anlamına gəlmir.
Lakin bu o deməkdir ki, biz irəliləyişə
nail olmuşuq. Çünki biz ortaq məxrəcə gəlmək, bütün
regionda sülhü, təhlükəsizliyi və
sabitliyi təmin etmək üçün ümid edirəm ki, mümkün qədər tez bir zamanda dayanıqlı
razılaşma əldə
etmək məqsədilə
vacib elementlərin nədən ibarət olduğunu daha yaxşı başa düşürük. Təşəkkür edirəm.
– Proses
başlayıbmı?
- Proses bu gecə başlayıb.
Azərbaycan. - 2022.- 7 aprel.- S.2.