Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi iqtisadi inkişafa və sosial rifaha xidmət edir
Prezident İlham Əliyev bu il aprelın 4-də imzaladığı sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq edib.
Sözügedən plan dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması məqsədini daşıyır. Sənəd eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin olunmasına xidmət edir.
Məlumdur ki, korrupsiya tarixboyu cəmiyyətlərin üzləşdiyi problemlərdən olmuşdur və indi də bütün dünya ölkələrində narahatlıq doğuran məsələlərdən biri olaraq qalır.
Ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur. Odur ki, korrupsiyaya qarşı mübarizənin davamlı olması, onun qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun təsirli mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət daşıyır. Həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zərurəti ortaya çıxır. Bu sahədə görülən tədbirlər korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilir.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakter daşıyır. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilıb, yeni baxışlar və vəzifələr müəyyən edilib. Hazırda Azərbaycanda sosial dövlətin yeni modeli formalaşıb və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır.
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” da məhz fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir. O eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.
Qeyd edək ki, Azərbaycanda son illər ərzində əsas strateji hədəflərə çatmaq üçün beynəlxalq miqyasda və ölkə daxilində görülmüş məqsədyönlü, düşünülmüş tədbirlər nəticəsində istər sosial-iqtisadi inkişaf, istərsə də hüquqi-institusional zəmin baxımından əhəmiyyətli irəliləyişə nail olunub. Bununla yanaşı, torpaqlarımızın işğaldan azad edilməsi ölkəmiz qarşısında yeni inkişaf mərhələsi açıb. İndi bu bölgənin inkişafı dövlətin strateji prioritetləri sırasındadır. Korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə məhz bu inkişafın başlıca amilləridir.
Bir sözlə, ölkəmizin hazırkı inkişaf mərhələsi korrupsiyaya qarşı mübarizə sahəsində görülməli olan sistem xarakterli tədbirlərin səmərəliliyini və davamlılığını təmin edəcək yeni bir sənədin - “Korrupsiyaya qarşı mübarizəyə dair yeni Milli Fəaliyyət Planı”nın qəbul edilməsini şərtləndirir. Bu planda əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xidmət edir.
Beləliklə, dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, yerli özünüidarəetmədə aşkarlığın və ictimaiyyətin iştirakının təmin edilməsi, özəl sektorda beynəlxalq standartlar əsasında antikorrupsiya standartlarının formalaşdırılması, müvafiq istiqamətlərdə qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlər və məqsədlərdir.
Milli Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək tədbirlərin müvafiq icraçı qurumlar üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Dövlət başçısının sözügedən sərəncamı ilə Nazirlər Kabinetinə fəaliyyət planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi və bu sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya isə tövsiyə olunub ki, fəaliyyət planının icrasının mütəmadi qiymətləndirilməsini təmin etsin. Komissiya eləcə də bu prosesə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görəcək, fəaliyyət planının həyata keçirilməsi barədə ictimaiyyəti mütəmadi məlumatlandıracaq.
Flora SADIQLI
Azərbaycan.- 2022.-7 aprel.- S.1; 4.