Göygöldə alman irsi

 

Bu irsin qorunması xalqımızın və dövlətimizin tolerantlığının əyani nümunəsidir

 

Göygöl rayonuna daxil olanda ilk olaraq diqqəti sıra ilə düzülmüş çox da hündür olmayan evlər çəkir. Bir-birinə paralel şəkildə salınmış küçələrdəki qırmızı kirəmitli evlərin hamısı bir-birinə oxşayır. Evlərin hündürlüyü qədər olan dam örtükləri, eləcə də binaların fasad hissəsinin eyni ornamentlərlə bəzədilməsi səliqə ilə salınmış küçələrə xüsusi yaraşıq verir.

Almanların buradan köçürülməsindən uzun müddət keçməsinə baxmayaraq, bu evlər hələ də öz görkəmini itirməmişdir. Əksinə, təmir işləri aparılaraq onlara ikinci həyat veilmişdir. İndi əsaslı şəkildə yenidən qurulan, təmir və bərpa olunan küçələri, park və xiyabanları gəzdikcə, almanların milli arxitektura elementlərini seyr etdikcə bir daha xarici qonaqların, xüsusən də almaniyalı turistlərin bu yerlərə vurğunluğunun səbəbini anlayırsan.

Pandemiya başlayanacan hər il yüzlərlə alman ata-babasının vaxtilə sürgün olunduğu bu yerlərə gəlməyə böyük maraq göstərirdi. Onlar hər gəlişlərində alman irsinə göstərilən diqqətlə rastlaşır və bütün bunlara görə Azərbaycan dövlətinə minnətdarlıq edirdilər. Doğrudur, indi bu səfərlər müvəqqəti olaraq azalıb. Lakin Göygöldə alman irsinə göstərilən qayğıkeşlik azalmayıb.

Almanların bu əraziyə köçmələrinin tarixi 19-cu əsrin əvvəllərinə təsadüf edir. Belə ki, 1818-ci ildə Vyutenberq knyazlığından mühacir kimi Azərbaycana köçürülən almanların 124 ailəsi burda-Helenondorf şəhərində (indiki Göygöldə) məskunlaşmışdır. Qısa vaxt ərzində burada 6 küçə salınmış və bu küçələrdə 600-ə qədər ev tikilmişdir. Almanlar burada, əsasən, maldarlıq, əkinçilik və üzümçülüklə məşğul olmuşlar. 1860-cı ildə Fohrer qardaşları Azərbaycanda ilk dəfə olaraq burada şərabçılıq zavodu tikmişlər. Bundan sonra qardaşlar pivə zavodu inşa etdirmişlər ki, burada da bir neçə çeşiddə alkoqollu içkilər istehsal edilmişdir. 1912-ci ildə Fohrer qardaşları Gəncə çayı üzərində 4 mərtəbəli su dəyirmanı tikdirmişlər. Eləcə də 13 kilometr məsafədən, Köşkü kəndi ilə Üçbulaq kəndi arasında yerləşən meşədəki bulaqlardan qəsəbəyə su çəkdirmişlər. Ən nəhayət, bölgədə ilk su-elektrik stansiyası tikdirmişlər ki, bununla da şəhərdə sənayeni inkişaf etdirməyə başlamışlar.

Qeyd edək ki, almanlar burada yaşadıqları dövrdə yerli əhali ilə çox yaxşı ünsiyyət qurmuş, müxtəlif infrastruktur layihələri həyata keçirmişlər. Öz dini inanclarını qoruyub saxlayan almanlar 1854-cü ildə qəsəbədə kilsə də inşa etdirmişlər. Hazırda həmin kilsə əsaslı təmirdən sonra muzeyə çevrilmişdir. Burada 2 mindən çox eksponat nümayiş etdirilir. 6 salondan ibarət olan muzeydə almanlarla bağlı xüsusi bölmə də yaradılmışdır. Həmin bölmədə xarici turistlər  vaxtilə Göygöldə yaşamış almanların məişətini, adət-ənənəsini əks etdirən eksponatlarla tanış ola bilirlər. Alman turistlər hər il bura səfər etməklə həm ata-babaları haqqında ətraflı məlumat toplayır, həm də onların qəbirlərini ziyarət edirlər.

Şəhərdə yaşayan almanlardan ən sonuncusu Viktor Klayn olub. O, 1935-ci ildə anadan olmuş, 2007-ci ildə 72 yaşında vəfat etmişdir. Yaşadığı evdə olan bütün əşyalar alman məişətinə aid olduğundan Viktor Klayn onları heç kimə satmamışdır. Onun ölümündən sonra həmin ev və evdəki əşyalar rayon rəhbərliyi tərəfindən qorunmuş, mənzil əsaslı şəkildə təmir olunaraq ev-muzeyi kimi fəaliyyətə başlamış və rayonun turizm marşrutuna salınmışdır.

Ümumiyyətlə, rayonda alman ailələrinin izi olan hər bir tikiliyə hörmətlə yanaşılır. Məsələn, mərkəzi küçələrdən birinə şəhərin təməlini qoyan Hummel qardaşlarının adı verilib. Almanların inşa etdirdiyi Lüteran kilsəsi əsaslı şəkildə təmir olunub. Vaxtilə almanların yaşadıqları evlər əvvəlki görkəminə salınıb ki, bütün bunlar Azərbaycan-alman dostluğuna xidmət etməklə yanaşı, xalqımızın tarixən bütün millətlərə göstərdiyi səmimiyyət və tolerantlıq nümunəsidir.

2005-ci ildən bəri qeyd olunan “Şəhər gününün keçirilməsi də artıq ənənəyə çevrilmişdir. Həmin tədbirə vaxtilə şəhərin təməlini qoymuş almanların varisləri də dəvət edilməklə bir daha nəinki almanlara, eləcə də onların irsinə necə hörmətlə yanaşıldığı nümayiş olunur. Pandemiya başlamazdan əvvəl keçirilən sonuncu “Şəhər günü”ndə də Göygölə səfər etmiş onlarca alman unudulmaz günlər yaşamışdır. Gələn qonaqlar arasında Almaniyanın Baden-Vürtemberq  Federal Torpağının baş naziri Günter Oettingerin başçılıq etdiyi nümayəndə heyəti şəhərlə tanışlıqdan sonra almanların vaxtilə yaşadıqları Hummel küçəsindəki mədəniyyət və istirahət parkında yerli sakinlərlə görüşüb söhbət etmiş, ata-babalarının həyat tərzi ilə bağlı xatirələrini dinləmişlər. “Şəhər günü” münasibətilə keçirilən böyük bayram tədbirində tarixçi alim, Azərbaycanda alman koloniyalarının tarixini araşdıran Yeva Mariya AvehGünter Oettinger çıxış edərək Almaniya-Azərbaycan dostluq qrupunun səmərəli fəaliyyətindən, əsl beynəlmiləl ölkə olan Azərbaycanda bütün millətlər üçün yaradılan bərabərhüquqlu şəraitdən danışmış, burada tolerantlıq mühitinin bütün xalqlara nümunə olduğunu diqqətə çatdırmışlar. Qeyd edilmişdir ki, Azərbaycanda nəinki millidini azlıqlara, hətta onların maddi-mədəni irsinə də hörmətlə yanaşılır. O da vurğulanmışdır ki, hazırda dünyanın bir çox ölkələrində azsaylı xalqların əzildiyi, cəmiyyətdən təcrid olunduğu bir vaxtda, Azərbaycan nəinki bu millətlərə, eləcə də onların qoyub getdikləri irsə də qayğıkeşliklə yanaşılır. Vaxtilə Göygöldə məskunlaşmış almanlara məxsus abidələrin bərpa olunaraq qorunması buna misal ola bilər.

Həqiqətən, almanlar yerli əhali ilə çox mehriban və səmimi olmuşlar. Rayon ağsaqqalları söhbət zamanı dedilər ki, onların uşaqlığı həmin alman uşaqları ilə birlikdə keçibheç vaxt onların arasında ayrı-seçkilik olmayıb. Hətta həmin uşaqlardan alman dilini də mükəmməl öyrəniblər.

Onu da diqqətə çatdıraq ki, 20-ci əsrin əvvəllərində erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri terror hərəkətlərindən almanlar da əziyyət çəkiblər. 1905-ci ildən 1907-ci ilin avqustunadək “Daşnaksütyun” partiyasının Gəncədə yerləşən yerli təşkilatının nümayəndələri burada yaşayan almanları partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər. Hətta şərab istehsalçıları olan Fohrer qardaşları bu xəracı ödəməkdən imtina etdikləri üçün qətlə yetiriliblər.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 7 aprel.- S.5.