Sağlamlığın etibarlı keşiyində
Daxili İşlər Nazirliyinin A.Heydərov adına
Respublika Hospitalında mükəmməl tibbi xidmət
göstərilir
“...Bu hospital doğrudan da
dünyanın ən yüksək standartlarına cavab verir. Dünyanın ən inkişaf etmiş ölkələrində
mövcud olan xəstəxanalardan heç nə ilə fərqlənmir.
Bəlkə də, onları qabaqlayır. Burada ən müasir avadanlıq
quraşdırılıb və bina da çox gözəl,
zövqlə tikilibdir. Həm xarici
görünüşü gözəldir, həm də daxili
dizaynı. Şübhə etmirəm ki,
burada işləmək də çox xoş olacaqdır”.
Prezident İlham Əliyev 2009-cu ildə
Daxili İşlər Nazirliyinin Arif Heydərov adına
Hospitalının yeni binasının
açılışında səsləndirmişdi bu
yüksək fikirləri... Dövlət
başçısı həm də onu
vurğulamışdı ki, burada gözəl tibbi xidmət,
xəstələrə böyük qayğı göstərilməlidir.
Ötən müddət ərzində daha da
inkişaf edən DİN-in hospitalı qarşısına
qoyulan tələbləri layiqincə yerinə yetirməyi
bacarıb.
Bu tibb müəssisəsində
unikal cərrahi əməliyyatlar aparılır, ən
müasir avadanlıqlarla xəstəliklərin dəqiq
diaqnostikası həyata keçirilir, düzgün müalicə
metodları seçilir. Hospitala üz tutan bütün xəstələr
tibb heyəti tərəfindən həssas yanaşma, diqqət
və qayğı sayəsində tez bir zamanda
sağlamlıqlarına qovuşaraq xidməti vəzifələrinin
başına dönürlər.
Cərrahi əməliyyatların
əksəriyyəti qapalı üsulla həyata keçirilir
Apendisitin
ağırlaşmış forması ilə (apendikulyar
çıxıntının kəskin iltihabı, qanqrenoz formada)
martın 31-də hospitala gətirilən polis leytenantı Mirzə
Məmmədov ən müasir cərrahi üsulla əməliyyat
olunanlardan biridir. Dünya Sağlamlıq Günü ərəfəsində
sözügedən hospitala reportaj hazırlamağa
yollandığımız zaman Cərrahiyyə şöbəsinin
palatasında Mirzə Məmmədovla həmsöhbət
olduq.
Gənc polis leytenantı əməliyyatdan
qısa zaman keçməsinə baxmayaraq, həkimlərin
artıq onun evə çıxa biləcəyinin
mümkün olduğunu sevinclə söylədi: “Əməliyyatım
çox ağrısız şəkildə həyata
keçirildi. Bura gələndə qarın
boşluğumda hədsiz spazm ağrıları var idi.
Sağ olsunlar, həkimlərin göstərdiyi diqqət və
qayğı nəticəsində əməliyyatdan sonra bütün
ağrılardan qurtulmuşam, özümü
çox yaxşı hiss edirəm. Tezliklə də xidməti
vəzifəmi icra etməyə qayıdacam...”
Palataya əməliyyat etdiyi xəstələrin
vəziyyəti ilə maraqlanmağa gələn hospitalın
Cərrahiyyə şöbəsinin rəisi, tibb elmləri
namizədi Vüsal Eminov məlumat verdi ki,
bu şöbədə ümumi qarın boşluğu üzrə
cərrahi əməliyyatlar icra olunur və bunların əksəriyyəti
laporoskopik, yəni qapalı üsulla həyata keçirilir:
“Qarın boşluğunda qasıq yırtığı, kor
bağırsağın iltihabı, mədə, onkoloji əməliyyatlarını
qapalı üsulla edirik. Bu üsulun
üstünlüyü odur ki, xəstələr geniş, uzun
kəsiklərdən azad olur. Açıq
üsulla əməliyyat zamanı, tibbi baxımdan xəstələrin
əməliyyatdan sonrakı dövrü olur, yaxud əməliyyatdan
sonra yırtıqlar əmələ gələ bilir, müəyyən
ağrılar olur, xəstənin əmək qabiliyyətinin bərpa
olunması uzun çəkir və sair. Amma
qapalı üsulla əməliyyat etdiyimiz xəstələrin
çoxu tam sağalaraq səhərisi gün ayağa
qalxır”.
Uğurlu
inkişaf
Yüksək uğurları ilə hər zaman
seçilən bu hospital 1964-cü ildə yaradılıb.
Vaxtilə 100 çarpayılıq və 90 nəfərə
yaxın tibb işçisi olan hospitalda 3 şöbə
(terapiya, cərrahiyyə və nevrologiya) və 7 həkim
kabineti olub. 1993-1994-cü illərdə tədricən
çarpayı fondu, şöbələrin və kabinetlərin,
tibb işçilərinin sayı artırılıb. Hospitalın ştat cədvəlində dəyişikliklər
edilib, zabitlərin sayı artırılıb, yeni şöbələr
yaradılıb. Bacarıqlı, savadlı
tibb bacılarına xüsusi rütbələr verilib.
1988-1994-cü illərdə
respublikanın ağır günlərində bu hospitalda cəbhə
bölgələrində xəsarət almış minlərlə
daxili işlər orqanları əməkdaşlarına, Daxili
Qoşunların hərbi qulluqçularına və mülki vətəndaşlara
yüksək səviyyədə tibbi xidmət göstərilib,
onların reabilitasiyası üçün hər cür
şərait yaradılıb. Həmin dövrlərdə
hospitalın onlarca həkim zabiti cəbhə zonasında əzmkarlıqla
fəaliyyət göstərib. Eyni zamanda
hospital tərəfindən bir qrup yaralının Almaniyada,
Türkiyədə, İranda, Bolqarıstanda müalicəsinin
davam etdirilməsi təşkil edilib.
1993-cü ilin oktyabrında
Ulu Öndər Heydər Əliyev hospitala gələrək
Qarabağ müharibəsinin yaralıları ilə
görüşüb. 1996-cı ildə isə Prezident Heydər Əliyevin sərəncamı
ilə görkəmli dövlət xadimi, Azərbaycanın
sabiq Daxili İşlər Naziri, general-leytenant Arif Nəzər
oğlu Heydərovun xatirəsi əbədiləşdirilərək
onun adı bu hospitala verilib.
Hospitalın hazırkı binası
2009-cu il fevralın 25-də Prezident
İlham Əliyevin xeyir-duası ilə istifadəyə
verilib. 2010-cu ildə hospitalın nəzdində
Stomatoloji Mərkəzin və DİN-nin 1 saylı
poliklinikasının yeni binasının, 2013-cü ildə isə
Hemodializ şöbəsinin açılışı olub.
Hazırda hospitalda
çarpayı fondu 360-dır. 100-dən artıq həkim,
20 şöbə, 2 mərkəz, 1 bölmə və 6
yardımçı xidmət sahəsi fəaliyyət göstərir.
Qarşıdakı
planlar
DİN hospitalının baş həkiminin
müalicə işləri üzrə müavini Namiq Bədirxanov
söylədi ki, bu gün müasir tibb müəssisələrindən
sayılan, zəngin maddi-texniki bazaya malik olan hospital polis əməkdaşlarının,
onların ailə üzvlərinin, təqaüdçülərin,
eləcə də mülki işçilərin
sağlamlığının qorunması isiqamətində
yüksək xidmət göstərməyə
çalışır.
Eyni zamanda bu hospitalda işləyən
hər bir əməkdaşın qarşısında
böyük məsuliyyət hissi, peşə və vəzifə
borcunu yüksək səviyyədə yerinə yetirilməsi
məsələsi dayanır. N.Bədirxanov bildirdi ki, hospitalda yeni
şöbələrin açılması bir sıra yeniliklərin
edilməsi də qarşıda planlaşdırdıqları məsələlərdəndir:
“Artıq hospitalda İnvaziv kardiologiya şöbəsi
açılıb, bura avadanlıq və sair baxımdan tam təmin
edilib. Hazırda həkim seçimi mərhələsindəyik.
İnvaziv kardiologiya işə
düşdükdən və özünü doğrultduqdan
sonra isə ikinci addım kimi kardio-cərrahiyyə şöbəsinin
yaranması olacaq. Onu da deyim ki, hazırda
hospitalımızda qan bankı yoxdur. Artıq
bununla bağlı avadanlıqlar alınıb və yaxın gələcəkdə
özümüzün qan bankımız da olacaq”.
İxtisasca üz-çənə cərrahı
olan həkim onu da söylədi ki, təbii olaraq hospital
respublikada gedən İcbari Tibbi Sığorta ilə
bağlı yeniliklərdən də kənarda qalmır:
“Hazırda bu məsələ də rəhbərliyimiz tərəfindən
nəzərdən keçirilir və ola
bilsin ki, gələcəkdə hospitalda müalicə alan
mülki vətəndaşlar İcbari Tibbi Sığortadan
yararlana biləcəklər”.
Azərbaycanda ilk
koxlear implantasiya burada həyata keçirilib
Yuxarıda
vurğuladığımız kimi, DİN-in hospitalı, nadir
cərrahi əməliyyatlara imza atıb. 2014-cü ildə
koxlear implantasiya respublikamızda ilk dəfə olaraq bu
hospitalda həyata keçirilib. Bu əməliyyatın
əsas özəlliklərindən biri anadangəlmə kar
doğulmuş körpələrin gələcək əlilliyinin
qarşısının vaxtında alınmasıdır.
Hospitalın Otorinolarinqologiya
şöbəsinin rəisi Kamil Yusifov bildirdi ki, vaxtilə davamlı
icra etdikləri koxlear implantasiyanı əsas nailiyyətlərindən
biri hesab edir.
Çünki o uşaqlar indi sərbəst
danışırlar. 2009-cu ildən hospitalda
çalışan Kamil həkim söylədi ki, rəhbərlik
etdiyi şöbədə burun, boğaz, qulaq xəstəliklərinə
aid xidmətlər yüksək səviyyədə həyata
keçirilir: “Şöbəmiz müasir avadanlıqlarla təchiz
edilib və burun, boğaz, qulaq əməliyyatları da
müasir cihazlarla icra edilir. Xəstələrimizin
hospitalda yatış günü çox qısa olur. Demək
olar ki, əksəriyyətində 1 gün, ən çox 2
gün ola bilər. Ümumiyyətlə,
işimizi müasir standartlar səviyyəsində qurmuşuq
və hazırda da davam etdiririk”.
Otorinolarinqologiya şöbəsində
qulaq pərdəsinin bərpası, qulaqda xroniki
infeksiyaların ləğvinə aid əməliyyatlar icra
olunur. Burunda endoskopik üsulla xroniki qaymaritlərin
müalicəsi, həmçinin estetik, burun tənəffüsünə
aid əməliyyatlar keçirilir. O cümlədən
boğazda “artıq ət”, səs telləri (məsələn,
səs tellərində hər hansı polip, törəmə
olan zaman) əməliyyatları icra olunur.
Travmatologiya şöbəsində
travmatologiya ortopediya sahəsində də ən müasir əməliyyatlar
icra olunur.
Şöbənin rəisi, tibb xidməti mayoru, tibb üzrə
fəlsəfə doktoru Ramil Nəcəfov məlumat verdi ki, hospitalda ən ağır
sınıqların müalicəsi, ortopedik əməliyyatlar,
deformasiyalar, oynaq əməliyyatları, qapalı oynaq əməliyyatları
uğurla həyata keçirilir. Həmçinin
uşaq ortopediyası, uşaq sınıqları uşaq
travmatologiyası, anadangəlmə qüsurlarla məşğul
olurlar.
Hospital pandemiya
sınağından da layiqincə çıxıb
Müasir
dövrümüzün bəlası olan COVID-19 pandemiyası
zamanı da hospital böyük məsuliyyət və əzmlə
polis əməkdaşlarının
sağlamlığının qorunması istiqamətində,
sözün əsl mənasında, gecə-gündüz
çalışıb. DİN-in Tibb İdarəsinin nəzdində
Epidemioloji Mərkəzdə virusun yayılmağa
başladığı zamandan qısa müddət sonra
anti-COVID-19 tədbirləri çərçivəsində
PSR testlərin götürülməsi həyata
keçirilib. Eyni zamanda ölkəmizdə
infeksiyaya yoluxmanın pik həddində iki dəfə (2020-ci
ilin iyul-avqust və noyabr-dekabr aylarında) DİN-in
hospitalı COVID-19 xəstəxanası kimi fəaliyyət
göstərib. Burada, əsasən, virusa
yoluxan və stasionar şəraitdə müalicəyə
ehtiyacı olan polis və Daxili Qoşunların əməkdaşlarının
müalicəsi həyata keçirilib.
Hospitalın Terapiya
şöbəsinin rəisi, tibb xidməti
polkovnik-leytenantı Samirə İmanova söylədi ki, həmin
dövrdə bütün xəstəxanalarda olduğu kimi,
çalışdığı hospitalda da COVID-19-la
mübarizə aparılıb. Hospitalın kollektivi bu gözlənilməz
vəziyyətə dərhal uyğunlaşıb və tez səfərbər
olmağı bacarıb: “Təbii ki, iş
gərgin, çətin idi. Ona görə ki, bu
xəstəliklə bağlı lazımi məlumatımız
yox idi. Buna görə də demək olar
ki, protokola uyğun müalicə ilə yanaşı, hər
bir xəstəyə individual yanaşma var idi. Göstərilən bu yanaşmanın effekti
yaxşı oldu, xəstəliyə tutulan polis əməkdaşlarının
hamısı sağalaraq xidməti vəzifələrinə
döndülər. Beləliklə, o
çətin prosesdən üzüağ çıxa bildik”.
Samirə İmanova qeyd etdi
ki, COVID-19 dövründə müalicə üçün hər
bir təminat hospitalın öz fondu hesabına həyata
keçirilib.
Polis əməkdaşları 100 faiz dərmanla təmin olunub:
“İndi post-covId dövründəyik və COVID-19-dan sonra xəstələrdə
əmələ gələn fəsadlarla məşğul
oluruq. Burada ağciyər problemləri daha
çox üzə çıxır. Mədə-bağırsaq,
böyrək problemləri hazırda daha çox məşğul
olduğumuz işlərdir”.
Həkim onu da söylədi
ki, 2009-cu ildə hospitalın yeni binası istifadəyə
verildikdən sonra Terapiya şöbəsi genişlənib. 40 nəfərlik
çarpayı fondu 60 nəfərlik olub: “Demək olar ki,
polis əməkdaşları hər bir xəstəlik üzrə
bizim şöbədə tam müalicə alırlar və tam
sağalaraq xidməti vəzifələrinə
qayıdırlar”.
Həmsöhbət olduğumuz
hospitalın baş tibb bacısı Sevinc Abdullayeva qeyd etdi ki,
hər zaman olduğu kimi, tibb bacıları olaraq COVID-19
pandemiyasının pik dövründə, hospital koronaviruslu xəstələrə
xidmət göstərdiyi zaman öz işlərinin öhdəsindən
layiqincə gəldilər.
Hərtərəfli
şərait, yüksək xidmət, peşəkar yanaşma
30 ilə yaxındır ki,
bu hospitalda çalışan həkim Bilqeyis Kərimova
terapiyanın pulmonologiya və mədə-bağırsaq
müalicəsi üzrə fəaliyyət göstərir. Bilqeyis həkim deyir ki,
hazırda dünyada tibbə baxış fərqlidir, həkimlərin
fəaliyyətində çox böyük dəyişikliklər
var: “Mən əmək fəaliyyətinə başlayanda sadəcə
stetoskop və barmaqlarımla diaqnoz qoyurdum. Həkimlərin
yardımçıları rentgen aparatı və laborator
müayinələr idi. Amma son dövrlərdə
həkimlərə yardım edə bilən fəaliyyətlər
genişlənib. Laboratoriyalarda daha çox analizlər
aparılır, kompüter tomoqrafiyası, MR müayinələr
keçirilir və sair. Yəni bunlar bizə dəqiq
diaqnoz qoymağa çox yardım edir. Bu
baxımdan hospitalımızda da ən yüksək şəraitin,
ən müasir avadanlıqların olması bizə işimizdə
böyük yardımçı olur”.
Hospitalda ən ağır xəstələrin
yerləşdirildiyi şöbəyə, reanimasiyaya da baş
çəkdik. Bu şöbədə ağır travma alan,
infarkt, insult keçirən xəstələr müalicə
alırlar. Onlara ilkin olaraq 15-20 gün
yardımlar göstərilir. Xəstələrin
vəziyyəti stabilləşdikdən sonra isə müvafiq
şöbələrə köçürülürlər.
Şöbələrdə isə xəstələr
1 həftə-10 gün yatdıqdan sonra evə
yazılırlar. Baş ordinator, reanimotoloq Aynur Mustafayeva
bildirdi ki, şöbə ən yüksək müasir
avadanlıqlarla təchiz olunub: “Yəni xəstə burada
yerində USM-dən, rentgendən keçir. Müasir
laboratoriyamız fəaliyyət göstərir. Həmçinin süni tənəffüs
aparatlarımız da var. COVID-li xəstələrlə
işlədiyimiz dövrdə bəzi xəstələri
süni nəfəs aparatına bağladıq”.
Polislərin
sağlamlığı güvənli əllərdədir
“Böyrək
çatışmazlığım, ürəyimdə
döyünmə, qaraciyərimdə piylənmə var, həm
də şəkər xəstəsiyəm. Bir həftədir
ki, bu hospitalda müalicə alıram. Sağ olsun, həkimlərimiz
ki, mənə çox yüksək səviyyədə xidmət
göstərirlər, vəziyyətimlə daim
maraqlanırlar”. Terapiya şöbəsində müalicə alan 63 yaşlı təqaüdçü polis
polkovnik-leytenantı Qüdrət Məmmədovla palatada həmsöhbət
olduğumuz zaman söylədi bu fikirləri.
Təqaüdçü polis deyir ki,
digər şöbələrdən böyrək, şəkər
xəstəliyini müalicə edən həkimlər də dəvət
olunur və gəlib burada onu müayinə edirlər: “Onu da
deyim ki, işlədiyim dövrdə də bu hospitalda müəyyən
müalicələr almışam. Nevrologiya
şöbəsində yatmışam. Elə
o zaman da bu hospitalda mənə və digər xəstələrə
göstərilən yüksək səviyyədə
qayğı və diqqətin şahidi olmuşam”.
Bəli, bunlar Daxili İşlər
Nazirliyinin Hospitalında keçirdiyimiz bir gün ərzində
müşahidə etdiyimiz qaynar iş mühitinin qısa
xülasəsidir. Dünyanın ən
inkişaf etmiş ölkələrində mövcud olan xəstəxanalarla
bir sırada dayanan, ən müasir avadanlıqlar quraşdırılan,
peşəkar tibbi heyət çalışan bu hospitalla
tanışlığımız onu deməyə əsas verir
ki, daxili işlər orqanları əməkdaşlarının
sağlamlığı güvənli əllərdədir.
Necə ki, polislərimiz
ayıq-sayıq xalqımızın təhlükəsizliyinin
keşiyindədir, eləcə də Daxili İşlər
Nazirliyinin A.Heydərov adına Respublika
Hospitalı da Azərbaycan polisinin
sağlamlığının keşiyindədir.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2022.- 7 aprel- S.6.