Sənət aşiqi
Səhnə xadimləri
Dövrünün ən görkəmli, ustad sənətkarlarından olan Mirzə Muxtar Məmmədov xalqın yaddaşında əbədiləşən parlaq simalardan biridir. Onun Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Qarşıya qoyduğu məqsəd və amalına nail olmaq üçün bütün gücünü, istedadını səfərbər edən, maneə və qadağalara səbir, dözüm və təmkinlə yanaşan xoşməramlı bir insan, milli teatr tarixində unudulmaz xidmətləri olan sənətkarlardan idi. Mirzə Muxtarın ömrü fədakarlıqlarla doludur, öz mövqeyi, şəxsiyyəti, dəst-xəti ilə tanınmış peşəkarlar içərisində bu səhnə xadiminin adı ilklərdə çəkilir. O, həm də kamil bir musiqişünas idi.
1852-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Atası Mirzə Əli Əsgər Qarabaği Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətlər göstərmiş sənətkarlardan sayılırdı. Onun həm gözəl səsi vardı, həm də mahir tar ifaçısı idi. Uzun illər Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın sarayında Mirzə Hüseyn, Keştazlı Həşim, Hacı Hüsü, Məşədi İsi kimi məşhur xanəndələri tarda müşayiət etmişdir.
Mirzə Muxtarın musiqişünas kimi yetişməsində atasının böyük rolu olmuşdur. O, yeniyetməlik vaxtlarından atasının çalıb-oxumasını heyranlıqla dinləmiş, onun qurduğu məclislərdə püxtələşmiş, musiqinin incəliklərinə yiyələnmişdir.
Ömür yolu
Mirzə Muxtar ibtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə təhsilini davam etdirmişdir. On bir yaşında türk-rus (rus-tatar) məktəbində oxumuşdur. Fars və rus dillərini mükəmməl öyrənmiş və bu dillərdə qəzəllər yazmışdır. İyirmi yaşından Şuşada müəllimliklə məşğul olmuşdur.
1870-ci ildə Novruz bayramı münasibətilə o, “Qaravəlli” tamaşası hazırlamış və bu oyun camaatın xoşuna gəlmişdir. Bundan sonra bütün bayramlarda məsxərəli, məzhəkəli tamaşalar səhnələşdirilməyə başlanılmışdır. İnsanlar belə tamaşalara böyük maraq göstərmişlər.
1874-cü ildə Mirzə
Muxtar yerli
ziyalıları ətrafına toplayıb Şuşada,
“Hacıquluların zalı”nda M.F.Axundzadənin “Hacı Qara” komediyasını tamaşaya
qoymuşdur. Tamaşa
rus əsgərlərinin
qışlamasında, yəni kazarmasında göstərilmişdir.
Bu, teatr tarixində ilk tamaşa kimi, şəhərin mədəni həyatında
müsbət rol oynamışdır. Həmin
əlamətdar hadisə haqqında Mirzə Muxtar
yazırdı: “Qırx beş il bundan əqdəm Şuşada mərhum Mirzə Fətəli Axundovun əsəri “Hacı Qara”nı teatra məxsus bir bina olmadığından qışlaqda (kazarmada) mövqeyi-tamaşaya
qoydum. O vaxt mətbəə-filan
olmadığından qələm ilən otuz
beş elan yazdım və
payladım cəmaətə. Axşam
tamaşaçılardan bəziləri “şəriətə
zidd şey bulsaq, vay halına” deyərək,
məni hədələdilər. Bərəkət versin ki, dinə müxalif bir şey bulmayıb razı getdilər”. Mirzə
Muxtar özü də
başa düşürdü
ki, çətin bir yola qədəm qoyub. Təbii ki, bu yol
da hər zaman hamar, rəvan,
rahat olmur. Böyük əngəllər,
maneələr həmişə
vardı. Amma vaxt
keçir, zaman dəyişirdi. Onun xoş
niyyəti, əməli
və inamı bir-birini elə tamamlayırdı ki, arzuladıqları çin
olur, gördüyü
işlərin biri digərinə təkan verirdi.
Müsəlman səhnəsinin
həvəskar artisti
Mirzə Muxtar Məmmədovun aktyorluğunun
ilkin mərhələsi
(1873-1883) Şuşa dövrünə aiddir. Bir müddət Tiflisdə və Gəncədə işləmiş, 1899-cu ildə
Bakıya köçmüşdür.
Şəhər məktəblərindən
birində müəllimliyə
düzələndən sonra
oranın teatr həvəskarları ilə
tanış olmuşdur. Tezliklə teatr tamaşalarının
hazırlanmasında fəallıq
göstərən ziyalı
kimi tanınmışdır.
1905-ci ildən taleyini bütünlüklə
teatr sənətinə
bağlamışdır. Müxtəlif illərdə
birinci və ikinci “Müsəlman dram artistləri cəmiyyəti”nin,
“Həmiyyət”, “Nicat”,
“Səfa” mədəni-maarif
cəmiyyətlərinin teatr
truppalarında, “Zülfüqar
bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının
müdiriyyəti”, Abbas
Mirzə Şərifzadənin
rəhbərlik etdiyi
“Müsəlman artistləri
ittifaqı”nın dəstələrində
aktyorluq etmişdir.
Yarım əsrlik
səhnə fəaliyyəti
ərzində o, Molla İbrahimxəlil, Dərviş
Abbas, Molla Həmid (“Molla İbrahimxəlil kimyagər”),
Məstəli şah
(“Müsyö Jordan və
dərviş Məstəli
şah”), Mirzə Əziz (“Sərgüzəşti-vəziri-xani-Lənkəran”),
Şeyx Əhməd
(“Ölülər”), Hacı
Səməd ağa (“Bəxtsiz cavan”) və başqa rollarda səhnəyə çıxmış, dini,
cəhaləti, istibdadı,
tamahkar və yalançıları, feodal
mühitin eybəcərliklərini
cəsarətlə ifşa
etmişdi.
Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir bəy Hacıbəyli onu aktyor və
xanəndə kimi Şuşadan yaxşı
tanıyırdılar. Buna görə
də “Nicat” teatr dəstəsinin və Hüseynqulu Sarabskinin “Müsəlman
opera truppası”nın
hazırladıqları opera tamaşalarında məlahətli
səsi olan Mirzə Muxtar yaxından iştirak etmişdir. Üzeyir bəy Hacıbəylinin
“Leyli və Məcnun” əsərinin hazırlanmasında müəllifin
yaxın köməkçisi
və məsləhətçisi
olmuşdur.
1908-ci il yanvarın 12-də göstərilən
ilk tamaşada Əbül
Qeys (Qeysin atası) rolunu oynamışdır.
Üzeyir bəyin
“Şah Abbas və Xurşidbanu” operasının ilk tamaşasında
(10 mart 1912) isə Vəzir rolunda çıxış etmişdir.
Həmin vaxtdan Mirzə Muxtar əsasən, opera səhnəsində
çalışmış, “Əsli və Kərəm”də Kərəmin
atası, “Aşıq
Qərib”də Xacə,
“Şah İsmayıl”da
Rəmmal, “Şah Abbas və Xurşidbanu”da
Vəzir, “Mehr və Mah”da Yəmən şahı, “Fərhad və Şirin”də isə Şapur rollarını yüksək sənətkarlıqla
ifa etmişdir. 78 yaşına kimi
peşəkar teatrda çalışmışdır.
Mirzə Muxtar kişi rolları
ilə yanaşı, qadın rollarında da oynamışdır. F.Şuşinski yazırdı ki,
“45 illik çətin
və ağır səhnə fəaliyyəti
dövründə o, min bir
müsibət çəkmiş,
həmişə ehtiyac,
avamlıq və cəhalətin təqibinə
məruz qalmışdır.
Səhnə həyatında
onun başına nə qədər faciəli hadisələr,
hətta gülməli
əhvalatlar gəlmişdir...”
1908-1918-ci illərdə
Mirzə Muxtar bir aktyor kimi
Zaqafqaziyada, Şimali Qafqaz və Orta Asiyanın bir çox şəhərlərində opera və musiqili komediya tamaşalarında uğurlu obrazlar yaratmış və tamaşaçıların böyük
rəğbətini qazanmışdır. 1913-cü ildə Bakının teatr ictimaiyyəti, teatr tariximizdə Mirzə Muxtarın müstəsna xidmətlərini
nəzərə alaraq,
onun səhnə fəaliyyətinin 40 illik yubileyini keçirir.
“Kaspi” qəzeti 9 may
1913-cü il tarixli nömrəsində
yazırdı: “Mirzə
Muxtar Məmmədov müsəlman səhnəsinin
ilk həvəskar artistlərindən
biridir. O, birinci dəfə Şuşada müsəlman Molyeri Mirzə Fətəli Axundovun ölməz “Hacı Qara” pyesində oynamışdır.
Müsəlman səhnəsi üçün
onun xidmətləri ona görə qiymətlidir ki, o zaman səhnədə oynamaq mürtədlik hesab olunur, bu
işə cəsarət
edənlər isə avam camaat və
dindarlar tərəfindən
təqib olunurdu.
O dövrdə qadın
rollarını oynamaq
daha böyük qəbahət sayılırdı.
Bu rolları oynayanlar
hər cür alçaldılır, onları
hətta rolunu ifa etdikləri qadınların adı ilə çağırırdılar.
Hamıya bəllidir ki,
müsəlmanlar arasında
kişinin qadın adı ilə çağırılması nə
qədər ağır
təhqirdir. Mirzə Muxtarın
müsəlman səhnəsi
üçün xidməti
bir daha ona görə böyükdür ki, o, belə şəraitdə
fəaliyyətə başlamışdı.
Müsəlman səhnəsinin bu
qocaman səhnə xadimi bu cür
çətin maneələri
keçib gəlmişdir”
(Firudin Şuşinski).
O, ömrünün
son 10 ilini musiqişünaslığa
həsr etmişdir
Mirzə Muxtar 1919-cu ildə 78 yaşında ikən səhnə ilə vidalaşmış, ömrünün
son 10 ilini musiqişünaslığa
həsr etmişdir. Hələ
gənc yaşlarından
atası Mirzə Əli Əsgərdən kamil musiqi təhsili
alan və
Şuşa musiqi məclislərində yaxından
iştirak edən, dövrünün ən məşhur xanəndə
və sazəndələri
ilə daim təmasda olan Mirzə Muxtar, Azərbaycan xalq musiqisinin mahir bilicisi sayılırdı.
O, eyni zamanda Şərq musiqisinin, xüsusilə klassik muğamların dərin nəzəriyyəçisi idi.
Bir faktı da qeyd
edək ki, erməni daşnakları
1918-ci ilin martında Bakıda vəhşiliklə
kütləvi qırğınlar
törədəndə 77 yaşlı
qocaman teatr xadiminin evi dağılmış,
olan-qalan varidatı əlindən çıxmışdır.
Bu hadisədən sonra o, ağır günlər yaşamışdır.
“Bəsirət” qəzeti
17 noyabr 1918-ci il tarixli sayında bu barədə xüsusi məqalə də yazmışdır. Üzeyir bəyin
təşəbbüsü ilə ziyalılar ona yardım göstərmişlər.
Mirzə Muxtar
1929-cu il yanvar ayının 17-də
88 yaşında vəfat
etmişdir. O zaman “Kommunist” qəzeti dərc etdiyi nekroloqda yazırdı: “Türk səhnəsinin bütün ağırlıqlarını
çiyinlərində keçirmiş,
uzun ömrünün
çox böyük və dəyərli bir hissəsini bu səhnədə çalışmış, ən
qoca aktyor Mirzə Muxtar həyat səhnəsindən
həmişəlik olaraq
çəkildi”.
Bütün çətinliklərə, ağrı-acılara
baxmayaraq, həyatda göstərdiyi səbir, təmkin və əzmkarlıq Mirzə Muxtarı sevdiyi sənətin peşəkarı
kimi məşhurlaşdırmışdır. İstədiyi ömrü də yaşamışdır. Bu,
onun haqqında yazılan fikirlərdə
duyulan ilk məqamlardır.
İradə ƏLİYEVA
Azərbaycan.- 2022.- 7 aprel-
S.7.