Gözəllik simvolu - Qarabağ çayları

 

Qarabağ Azərbaycandır!

 

Şuşanın təkrarolunmaz təbiət mənzərələri, yerüstü və yeraltı sərvətləri sırasında onun çayları da gözəllik simvolu, ruzi-bərəkət mənbəyidir. Adətən yerüstü bulaqlar xırda axarlarda, xırda axarlar isə  çaylarda cəmləşir. Odur ki, təbii olaraq, suyun təbiətdə böyük dövranının mühüm halqası çayların payına düşür. Şuşanın kəndlərindən, şəhərin ətraflarından keçən bir neçə çay Qarabağ torpağının suya olan tələbatının ödənilməsində mühüm rol oynayır.

Xatırladaq ki, Kiçik Qafqazın Qarabağ silsiləsi ərazisində yerləşən Şuşanın ərazisi 289 km2-dir. Buraya bir şəhər və 31 kənd daxildir. Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti, qışı isə quraq keçən soyuq iqlim tiplərinə aiddir. Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalpalp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var.    

Coğrafiyaşünasların və tədqiqatçıların məlumatlarında xüsusilə diqqətə çatdırılan odur ki, təbiətin Qarabağa bəxş etdiyi ən böyük sərvətlərdən biribu yurdun ana damarı olan məşhur  Qarqar çayıdır. Mənbəyini uca dağ silsiləsindən - 2089 metr hündürlükdən götürən bu çayın uzunluğu 115 kilometr, hövzəsinin sahəsi 1490 kvadrat kilometrdir.

Qarqar çayı haqqında bir çox antikOrta əsr müəlliflərinin əsərlərində, o cümlədən, eradan əvvəl və eramızın başlanğıcında yaşamış qədim yunan tarixçisi və coğrafiyaşünası StrabonunCoğrafiya” kitabında geniş məlumat verilir. Həmin qədim mənbədə qarqarların Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olduğu göstərilir və çayın öz adını həmin tayfanın adından götürdüyü ehtimal olunur.

Qarqar iki əsas çayın qovuşmasından əmələ gəlib. Biri mənbəyini Kirs, o biri isə Sarıbaba dağının sinəsində daim qaynayan şəffaf, buz kimi soyuq sulu bulaqlardan götürən və hündür aşırımlardan çağlaya-çağlaya kükrəyib gələrək Ağa körpüsündə birləşən Daşaltı, o biri isə Xəlfəli çayıdır.

Qarabağ silsiləsindən başlayaraq sıldırım qayalardan, sərt döngələrdən, hündür dağlardan kükrəyib gələn və ərazisindən axdığı eyniadlı kəndin adı ilə adlandırılan Zarıslı çayı Şuşanın cənub tərəfindən keçir. Daşaltı ərazisindən keçdiyinə görə çayın sonrakı axarı bu kəndin adını daşıyır. Hövzəsinin sahəsi ümumilikdə 120 kvadrat kilometrdiruzunluğu 25 kilometrə çatır. Çay sərt döngə və pillələrdə axınını sürətləndirir və hər iki sahilindəki qayalarda dərin yarıqlar açır. Sonra çayın dərəsi xeyli genişlənərək şəlalələr əmələ gətirir və Ağa körpüsünədək uzanıb gedir.

Başlanğıcını Qarabağın dağ silsiləsindən götürərək qıjıldaya-qıjıldaya çağlayıb üzüaşağı axıb gedən, dupduru bulaq sularından yaranmış Xəlfəli çayı da eyniadlı kəndin adını daşıyır. Çay şimal tərəfdən təxminən 200 metr hündürlükdən axır və Ağa körpüsündə Daşaltı ilə birləşib Qarqarı əmələ gətirir.

Mənbələrin yazdığına görə, Qarabağ silsiləsinin yamaclarında olan saysız-hesabsız büllur bulaqlarla, yağış, qar və yeraltı sularla qidalanan bir neçə kiçik çay dərin və dar dərələrlə axaraq Qarqara qovuşur. Çayın sağ qolları öz mənbəyini Bağırqan və Çınqıllı dağının ətəklərindən götürən, vaxtilə mövcud olmuş yaşayış məntəqəsinin adı ilə adlandırılan və Malıbəyli kəndi ərazisindən keçərək Qarqara qovuşan Ağvan çayı və çaydır. Çayın sol qolları isə Ballıca və Badaradır. Həmin kiçik çaylar Qarqara tökülərək onu “ətə-qana gətirir”, güc-qüvvət verərək çayın sürətli axınını təmin edir.

Dağlarda, xüsusilə, yay aylarında qarbuzlar sürətlə əriyəndə, şiddətli yağışlar yağmağa başlayanda dağ çayı məcrasına sığışmır, aşıb-daşır, ətraf yerləri su basır. Digər fəsillərdə hərdən gur, hərdən də sakit axan çayın suyu yenə də çoxalır, düzənliklərdə sürəti xeyli azalır, yavaş-yavaş, burula-burula, ahəstə-ahəstə Aşağı Qarabağ istiqamətinə yön alır. Çayın hər iki sahili otlaqlara, yaşıllıqlara bürünür.

Qarabağın bu ən böyük çayı öz qolları ilə böyük bir sahəni tutur və neçə-neçə irili-xırdalı çayın suyunu qəbul edərək dərin dərələrdən, geniş düzlərdən keçib gölə tökülür.

Lap qədimlərdən insanları su ilə təmin edən və həyat mənbəyi rolu oynayan Qarqardan bu gün də ətraf yerlərin su təchizatında geniş istifadə olunur. Çay boyu uzanıb gedən üzüm, tut, nar, əncir bağları, bostanlar, tarlalar, min hektarlarla əkin sahələri suvarılır. Çayın kənarında çoxlu səfalı guşələr var. Ətrafında yerləşən sərin bulaqlar, şəlalələr, göllər, bağ-bağat, xoş hava adamın könlünü oxşayır, qanını duruldur, ruhunu təzələyir.

İndi bu yerlərdə nəinki, hər an gözünüzü oxşayan gülün-çiçəyin, xatırlatdığımız çayların, onun ətrafında min bir gözəlliklə müşahidə olunan yaşıllıqların, kol dibindən boylanan bənövşənin də yanından diqqətsiz ötmək olmur. İnsanları məmnun edən odur ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu  ordumuzun şücaəti sayəsində Ermənistan silahlı birləşmələrinin 30 illik işğalından  ilyarım əvvəl azad olmuş qədim Şuşa çayları daha ürəyəyatımlı görünür.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2022.- 7 aprel.- S.7.