Prosesi İlham Əliyev idarə edir
Avropa İttifaqının dəstəyi ilə Brüsseldə
keçirilən sülh
danışıqlarının növbəti mərhələsində
mühüm irəliləyiş əldə
edilib
Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr qalib komandanın dünyada böyük nüfuzunun göstəricisi, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru oldu. Belə ki, Brüsseldə Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə keçirilən sülh danışıqlarının növbəti mərhələsi nəticəsiz olmadı.
İkinci görüş, İlham
Əliyevin dəyişməyən 5 şərti
Öncə onu qeyd edək ki, bu formatda ilk üçtərəfli görüş ötən il dekabrın 14-də keçirilib və nəticə etibarilə Prezident İlham Əliyevlə Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar qurulub, telefon danışıqları olub.
Ümumiyyətlə, bu görüşlər və danışıqlar İlham Əliyevin postmünaqişə dövründə Brüssel sülh gündəliyinin tərkib hissəsidir. Görüşdən əvvəl də qeyd edilirdi ki, tərəflər arasında bir çox məsələdə ümumi razılıq əldə oluna bilər. Amma bir məsələ hər kəsə bəlli idi ki, İkinci Qarabağ müharibəsinin qalib ölkəsi kimi Azərbaycan sülh danışıqlarına başlanılması və sazişin bağlanması istiqamətində vacib 5 şərtini artıq Ermənistana çatdırıb.
Şərtlərə bir daha nəzər yetirək:
*Dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
* Dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
* Dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
* Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
* Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
İlham Əliyev qalib komandan kimi yalnız bu şərtlərin yerinə yetiriləcəyi təqdirdə məğlub ölkənin rəhbəri ilə sülh müqaviləsini imzalaya bilər. Yəni Azərbaycan Prezidentinin təklifinə əməl olunarsa, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər.
Şarl Mişeldən müjdəli xəbər - “böyük irəliləyişə nail olundu”
Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan XİN-lərinə müvafiq təlimatlar verildi.
Ümumiyyətlə, sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır.
Danışıqlar zamanı tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlanılması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılacaqdır.
Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınıb.
Avropa İttifaqının minalardan təmizlənmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi də danışıqların mövzusu olub.
Göründüyü kimi, sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT MQ həmsədrlik institutuna istinad yoxdur. Bu, göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır. Həmçinin münaqişə həll olunduğuna görə ATƏT MQ lazımsız təsisata çevrilib, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb.
Avropa İttifaqı dünyada mövcud olan böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Aİ-nin məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına nail olunmasıdır.
Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün də olduqca mühümdür. Ona görə də Aİ bu məsələdə qərəzsiz tərəf kimi çıxış edir. Bu səbəbdən də tərəflər arasında sülh danışıqlarının uğurlu sonluğunu gözləyənlər çoxluq təşkil edir.
Görüşdən sonra açıqlama verən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin fikirləri də onu deməyə əsas verir ki, tərəflər artıq müxtəlif məsələlərdə ümumi razılığa gələ biliblər. İlham Əliyev və Nikol Paşinyanla çox səmərəli görüşün keçirildiyini deyən Şarl Mişel böyük bir irəliləyişə nail olunduğunu vurğulayıb: “Biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. Biz həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq”.
Sülh sazişinin imzalanması məsələsinə gəlincə isə Aİ rəsmisi deyib ki, ikinci üçtərəfli görüş ümidləri xeyli artırıb. Proses demək olar həmin gecədən başlayıb. Yəni Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilir ki, Ermənistan Azərbaycanın irəli sürdüyü 5 təkliflə razılaşmaq məburiyyətindədir.
Bir sözlə, onu deyə bilərik ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Cənubi Qafqazda sülhün bərqərar olmasıdır.
Avropa İttifaqı İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, cənab İlham Əliyevə ünvanlanmış məktublar dövlətimizin başçısının dünyada böyük nüfuzunun göstəricisidir.
Hazırda Ermənistanda gedən müzakirələr də onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir, Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa məhkumdur.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.- 8 aprel.-
S.1-2.