2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş
təhsil kreditlərinə dair hesabat təqdim edilib
Aprelin 7-də Təhsil Tələbə Krediti Fondunda kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Fondun İdarə Heyətinin sədri Araz Paşayev çıxış edərək qurumun fəaliyyət istiqamətləri, hədəfləri və prioritetləri barədə danışıb. O, 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabatı təqdim edib. Həmçinin KİV nümayəndələri ilə Fondun əməkdaşlıq formatının müəyyən edilməsi məsələlərinə toxunub.
Araz Paşayev vurğulayıb ki, təhsil sahəsində aparılan islahatlar, dövlət proqramları, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi müvafiq sahənin dövlətimizin başçısının daim diqqət mərkəzində olduğunun göstəricisidir. Məhz bu siyasətin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli Fərmanına əsasən Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb. Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsildə bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Təhsil Tələbə Krediti Fondu dünyanın ən qabaqcıl təcrübələrini özündə birləşdirir. Maddi imkanları zəif olan gənclərin təhsilinə dəstək missiyasını həyata keçirən Fondun müvafiq istiqamətdə fəaliyyəti ilk günlərdən hiss olunmağa başladı. Qısa müddət ərzində 3 mindən çox tələbəyə təhsil krediti ayrılıb. Ümumilikdə noyabr-mart aylarına olan statistik məlumatlara əsasən, Fonda 5 min 700-dən çox tələbə müraciət edib. Onlardan 2899-nun krediti rəsmiləşdirilib. Rəsmiləşdirilimiş kreditlərin 1116-sı sosial, 1783-ü isə standart kredit üzrə daxil olan müraciətlərdir. Təkcə yaz semestri üçün Fonda 2 min 700-dən çox müraciət daxil olub.
Fondun İdarə Heyətinin
sədri tərəfindən media nümayəndələrinin
nəzərinə payız semestrinə dair
hesabat təqdim olunub,
təhsil tələbə krediti rəsmiləşdirilmələri
üzrə iqtisadi regionlar,
təhsil müəssisələri və ixtisaslar
üzrə statistikaya baxılaraq əldə
olunan nəticələr ətrafında
fikir mübadiləsi aparılıb. Bununla yanaşı, görüşdə elektron sistemin işləmə
mexanizmi nümayiş
etdirilib, elektron sistemə
dair suallar
cavablandırılıb.
Azərbaycan.-
2022.- 8 aprel.- S.4.