Korrupsiyaya qarşı mübarizə yeni mərhələyə qədəm qoyub

 

Milli Fəaliyyət Planı üzrə tədbirlər planının təsdiq edilməsi bunun göstəricisidir

 

Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətidir. Son illərdə bu sahədə şəffaflığın gücləndirilməsi, maarifləndirmə istiqamətində ciddi addımların atılması uğurlu nəticələr verir.

Aprelin 4-də Prezident İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə tədbirlər planını təsdiqləməsi də bunun tərkib hissəsidir.

Tədbirlər planında korrupsiyaya qarşı mübarizə üzrə qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın gücləndirilməsi, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizədə maarifləndirmə və digər tədbirlər yer alıb. Tədbirlər planından irəli gələn məsələlərin icrası müxtəlif qurumlara həvalə olunub.

 

Korrupsiyaya qarşı mübarizə üzrə 6 prioritet, 70-ə yaxın mühüm vəzifə müəyyənləşdirilib

 

Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparılmasıdır.

Süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması istiqamətində görülən ən effektli layihələrdən biri kimi “ASAN” xidmət və “DOST” mərkəzlərini göstərmək olar. Şəffaflığın təmin olması, vətəndaşlara xidmətlərin daha da əlçatanlığı üçün bu mərkəzlərin fəaliyyət sahəsi genişləndirilməkdə davam edir.

Korrupsiya ilə mübarizə istiqamətində görülən ciddi tədbirlər, həyata keçirilən islahatlar idarəetmə sistemində çalışanların məsuliyyətini daha da artırıb. Dövlət başçısı yeni təyinatlarda, məmurlarla görüşlərində hər zaman vətəndaş - məmur münasibətlərinə toxunur.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bizimlə söhbətində bildirdi ki, korrupsiyaya qarşı mübarizə tədbirləri 2019-cu ildən daha da geniş miqyas alıb. Bu yöndə bütün hakimiyyət qollarında aparılan dəyişikliklər hazırkı mühüm sərəncamın qəbulu üçün münbit, əlverişli zəmin formalaşdırıb. İlk növbədə hakimiyyət və idarəetmə sistemində institusionalkadr dəyişikliklər edildi. Qeyd etdiyimiz mərama xidmət edən ən güclü addımlar sayılmalıdır.

Deputat deyir ki, iqtisadi xarakterli tədbirlərdə ölkə rəhbəri həmişə məmurların iqtisadi sferaya müdaxiləsinin mənfi nəticələrini qeyd edib. Bu yöndə açıq bəyanat və mesajlar səsləndirib. Bölgələrdə icra hakimiyyəti rəhbərlərinin sahibkarlara, biznes sektoruna, sadə vətəndaşlara müxtəlif xarakterli, o cümlədən səhiyyə, təhsil sisteminə əl qoymaları və oradan külli miqdarda gəlir əldə etmələri fonunda Prezident İlham Əliyev dəfələrlə “zəli kimi insanların bədəninə daxil olmusuz, külli miqdarda var-dövlət əldə edirsizbu, məmur fəaliyyəti ilə heç cür uzlaşa bilməz. XXI əsrin reallığı, təfəkkür tərzi ilə çalışmalısız” deyib. Bu o anlama gəlirdi ki, yeni idarəetmə sisteminin yaradılması, hesabatlılığın və şəffaflığın bərqərar olması üçün prezident, belə demək mümkünsə, Qarabağda qələbəyə gətirən mühüm islahatların həyata keçirilməsində iradəli və iddialıdır, bununla da güclü və möhkəm mövqe ortaya qoyub.

Zahid Orucun sözlərinə görə, qeyd edilən sərəncam korrupsiyaya qarşı mübarizə üzrə 6 prioriteti, 70-ə yaxın mühüm vəzifələri və bu sferada ayrı-ayrı dövlət orqanları qarşısında öhdəlikləri və tələbləri özündə əks etdirir:

Burada bəndlər üzrə ən qabarıq 11 sahəni qeyd etməliyik. Korrupsiya risklərinin hansı sahələrdə mövcud olduğu müəyyənləşməlidir. Yeri gəlmişkən, bu, beynəlxalq praktikada geniş dəyərləndirilən müxtəlif institutların, təşkilatların monitorinqlər apararaq meydana çıxardığı məsələdir. Planda rüşvət və korrupsiya faktları ilə bağlı dövlət strukturlarına, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya məlumat verənlərin mükafatlandırılması və həvəsləndirilməsi ilə bağlı məsələsi də var. Bu, bir sıra ölkələrin təcrübəsində özünü doğruldub, ona görə həmin məsələ də qeyd etdiyimiz sənəddə əksini tapıb”.

Komitə sədri deyir ki, sərt tədbirlər sırasında 7-dən artıq icra hakimiyyəti rəhbərinin, o cümlədən hökumət, dövlət strukturlarında çalışan və korrupsiya cinayətləri ilə məşğul olan şəxslərin cəzalandırılması fonunda ictimai fikirdə mənimsənilən vəsaitlərin necə geri qaytarılması ilə bağlı fikirlər olur. Bu, həqiqətən də çox önəmli məsələdir. Sözügedən məsələnin proqrama daxil edilməsi müsbət haldır. Qərb idarəetmə sistemində uzun ilər mövcud olan maraqların toqquşması məsələsi də tədbirlər planında yer alıb. Məsələn, iki nazirlik hansısa layihə həyata keçirir, bu zaman onların həmin məsələ üzrə mənafeləri ayrı-ayrı hallarda uzlaşmaya bilir. Amma uzlaşma olmayan məsələlər əvvəlcədən müəyyənləşdirilə bilər. Bu, xüsusilə də müəyyən büdcə resursları tələb edən sahələrdə mövcuddur. Maraqların toqquşması ilə bağlı

“COPAK” beynəlxalq təşkilatı ölkələr üzrə korrupsiya cinayətlərinin qiymətləndirilməsini aparır. Onlar həmişə maraqlar toqquşması parametrinə önəm verirlər. Zahid Oruc vurğulayıb ki, bu məsələ ilə bağlı həm qanunvericilik sahəsində, həm də praktiki olaraq mühüm addımlar atılmalıdır. Eyni zamanda hakimlərin vəziyyəti ilə bağlı mühüm məsələlər müəyyənləşdirilməlidir. Bəzən problemlər məhkəmə müstəvisinə gəlsə də, oradakı rüşvət və ya başqa xarakterli qanunsuzluqlar məsələnin hüquqi çərçivədə sona çatmasına imkan vermir. Hakimlərin sosial şəraitinin yaxşılaşdırılması qeyd etdiyim istiqamətdə mübarizənin ən mühüm hissəsini təşkil edəcək.

Komitə sədrinin sözlərinə görə, işə qəbul sahəsindəki rüşvət halları son dövrlər azalıb. Əvvəllər təhsil, səhiyyə və digər idarəetmə sektoruna, icra hakimiyyətlərinə işə qəbul zamanı əliəyrilik və rüşvət hallarının geniş yayılması inkar edilə bilməzdi. Proqramda bu məsələ ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəzifələr qoyulub. Əmlak və özəl sektorda fəaliyyət üçün sənəddə müddəalar yer alıb. Vətəndaşlarımızın mənzil, əmlak və torpaq sahələrinin rəsmiləşməyə və qanuniləşməyə gedən mərhələdə, o cümlədən özəlləşmə ilə bağlı məsələlərin şəffaf şəkildə həyata keçirilməsi ilə bağlı proqramda müəyyən tələblər mövcuddur.

Proqrama əsasən, Sosial Tədqiqatlar Mərkəzi müxtəlif hakimiyyət, idarəetmə sistemləri, qurumların fəaliyyətinin xalq tərəfindən məmnuniyyət dərəcəsi, o cümlədən korrupsiyaya uğrama indeksi və digər məsələlərlə bağlı rəy sorğuları, digər xarakterli tədqiqat və araşdırmaları dövlər orqanlarına təqdim edəcək: “Bu, bizi məsuliyyətli edir. Yaxın günlərdə mövzu ətrafında məsul şəxslərlə birgə müzakirəmiz olacaq”.

Zahid Oruc bildirib ki, Vətən müharibəsindəki qələbədən sonra cəmiyyətin tələbləri daha da maksimallaşıb. Yeni milli kimlik qazanmışıq. İdarəetmədə, xüsusilə də Qarabağda elə bir idarəetmə sistemi, bölgələrdə infrastruktur, məskunlaşma həyata keçirməliyik ki, korrupsiya problemlərindən azad cəmiyyətin güvəndiyi bir sistemə gəlib çataqbuna nail olaq.

 

Azərbaycanda korrupsiya ilə mübarizə üçün ciddi sistem yaradılıb

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev isə deyir ki, Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı üzrə tədbirlər planı çox mühüm əhəmiyyət kəsb edən sənəddir. Deputatın sözlərinə görə, Azərbaycanda müxtəlif qurumlarda, icra hakimiyyəti strukturlarında korrupsiyaya qarşı mübarizənin uğurlu fəaliyyətini görmək olar.

Arzu Nağıyev qeyd edir ki, iqtisadi islahatların qarşısını alan meyarlardan biri korrupsiya olduğu üçün bu sahədə tədbirlər planının təsdiqi, mübarizənin icra mexanizminin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, dövlətin korrupsiyaya qarşı həyata keçirdiyi mübarizənin vacib bir hissəsidir.

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı üzrə tədbirlər planının təsdiqi ölkəmizdə korrupsiyaya qarşı mübarizənin mahiyyət etibarı ilə yeni mərhələyə daxil olmasıdır. İşğaldan azad edilən torpaqlarımızda aparılacaq quruculuq işləri, hərbi sahədə quruculuq, eyni zamanda ərazilərin minalardan təmizlənməsi - hər bir proses şəffaf şəkildə aparılmalıdır. Bu baxımdan tədbirlər planı mühüm əhəmiyyət kəsb edən və vaxtında imzalanan bir sənəddir. Hər bir məmur bu məsələdə öz məsuliyyətini dərk etməlidir, Azərbaycan vətəndaşı isə ictimai nəzarətçi kimi aktiv olmalı, neqativ halların qarşısının alınmasında dövlətin, hüquq-mühafizə orqanlarının yanında olmalıdır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə də qeyd edir ki, Prezident İlham Əliyevin ölkədə korrupsiyaya qarşı mübarizəyə dair imzaladığı sərəncamın böyük əhəmiyyəti var. Onun sözlərinə görə, bu, ilk növbədə ictimai bəla ilə mübarizənin dövlətin əsas siyasət xətlərindən biri və korrupsiyanı aradan qaldırmaq üçün ölkə rəhbərliyində siyasi iradənin olmasının bariz nümunəsidir. Azərbaycanda korrupsiya ilə mübarizə üçün ciddi sistem yaradılıb. İslahatlar korrupsiyanı cəmiyyətimizin ictimai həyatından sıxışdırıb çıxarmağa xidmət edir. Bununla belə, korrupsiyaya qarşı daim mübarizə aparılmalıdır. Korrupsiyanın buya digər formada təzahür etməsinin qarşısı alınmalıdır: “ASAN xidmət” və “DOST” Agentliyi sistemlərinin yaradılması bu sahədə olan boşluqların, çatışmazlıqların aradan qaldırılmasına imkan verib. İnsanlar artıq bu məsələdə hər hansı bürokratik əngəllərdən və ya kimlərinsə çirkin təkliflərindən birbaşa azad olurlar. Eyni zamanda ödənişlərin kart sistemi ilə nağdsız həyata keçirilməsi istiqamətində də böyük işlər görülüb. Bu, hesablaşmanın müasir metodlarla aparılmasına kömək edir. Təsdiq edilən plan bu istiqamətdə aparılan işi daha da möhkəmlətməyi və yeni sahələri əhatə etməyi nəzərdə tutur”.

Deputat hesab edir ki, müraciətlərin sistemləşdirilməsi, seçim olan yerdə daha şəffaf mühitin yaradılması üçün uçota götürülmənin dəqiqləşdirilməsi, nağdsız hesablaşmanın bütün sahələri əhatə etməsi, əhalinin hüquqi maariflənməsi - hamısı tədbirlər planında nəzərdə tutulub. Sənəddə həm Azərbaycanın qazandığı təcrübə, həm də xarici ölkələrin təcrübəsi nəzərə alınıb. Prezidentin imzaladığı sərəncam artıq cəmiyyətin diqqətindədir: “Geniş şərhlər verilir, yüksək qiymətləndirilir və hesab edirəm ki, korrupsiya ilə mübarizədə əhəmiyyətli rol oynaya biləcək”.

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.-8 aprel.- S.1; 4.