Qarabağda qiymətli mineral sular var

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsi Azərbaycanın böyük zəfəri ilə başa çatdı. İşğal altında olan ərazilərimiz erməni quldurlarından azad edildi. İndi həmin ərazilərimizdə böyük quruculuq işləri aparılır. Erməni vandallarının yerləyeksan etdikləri ərazilərimiz, meşələrimiz, tarixi və mədəni abidələrimiz, dağıdılmış gözəl su mənbələrimiz, saf bulaqlarımız yenidən bərpa olunur.

Azərbaycan Respublikasının ərazisi, xüsusilə də Qarabağın dağlıq hissəsi dünya əhəmiyyətli mineral su mənbələri ilə məşhurdur. Erməni vandalları bu sərvətlərimizi də darmadağın etmişlər, bəzilərini isə başqa adlarla dünya bazarına satışa çıxarmışlar. Hazırda bu sərvətlərin bərpası, xalqın sağlamlığına sərf olunması, həmçinin ekoturizmi bərpa etmək və bu mineral sulardan səmərəli istifadə etməyin də vaxtı çatmışdır.

Görkəmli rus alimi, geokimya elminin banisi V.İ.Vernadski öz əsərlərində dəfələrlə qeyd etmişdir ki, geokimyəvi və geoloji proseslərdə suyun iştirakı vacibdir. İnsanların məişətində yeraltı suların isə mühüm rolu var. Onların növləri içərisində mineral sular xüsusi əhəmiyyətə malikdir. Mineral sular şüşələrə doldurularaq mənbələrindən çox uzaqlara daşınır və əhali tərəfindən geniş istifadə edilir. Mineral suların bəziləri isti su halında yer üzərinə çıxır. Bunların isə faydası və əhəmiyyəti daha çoxdur.

Son zamanlarda isti sulardan müalicə məqsədi ilə yanaşı, digər sahələrdə də geniş istifadə olunur. Azərbaycandakı müxtəlif mineral su növlərinin müalicəvi xüsusiyyətləri çox qədim zamanlardan məlumdur.

Qarabağın mineral sularının şəfalı bir vasitə olduğunu yazıçılar, səyyahlar da qeyd etmiş, aşıqlar onların faydalarına bayatılar, təcnislər, gəraylılar qoşmuşlar. Ayrı-ayrı xalqların mədəniyyət tarixi ilə tanışlıqdan aydın olur ki, qədim insanlar da mineral sulardan müalicə vasitəsi kimi istifadə etmişlər. Onlar işığa, suya, havaya əsas müalicə vasitəsi kimi baxmışlar.

Respublikamızın mineral sularından uzaq keçmişdən bəri müalicə məqsədilə istifadə olunmasını sübut edən xəritələr - bu sular ətrafındakı daşlardan çapılmış vannalar (hovuzlar) indiyədək durur.

Azərbaycanda olan bir çox mineral su bulaqlarının adları onların müalicə xassələrinə uyğun verilmişdir. Qoturlusu bulağı - qoturluq xəstəliyini, Yelisu bulağı - yel xəstəliyini müalicə edir. İstisu bulaq suyunun isti olduğu üçün onlara bu cür adlar verilmişdir. Bəzi isti mineral su bulaqlarının ətrafında tikilmiş qədim vanna binaları indiyədək qalmaqdadır (Xaltan, Cimi, İstisu və s.). 1937-ci ildən başlayaraq Azərbaycanın ən mühüm mineral su yataqlarının çoxunda (İstisu, Turşsu, Çuxuryurd, Masallı, Meşəli və s.) kompleks elmi-tədqiqat işləri aparılmışdır.

Azərbaycan ərazisində 1000-dən çox mineral su bulaqları var. Yer kürəsinin müxtəlif yerlərində suların temperaturu fərqlidir (qütb rayonlarında 00 C-dən aşağı və vulkanik regionlarda 1000C-dən yuxarı). Azərbaycanın mineral sularının temperaturu 40 C-dən 650 C-yə kimi dəyişir. Bunlardan Qoturlu (650 C), Donuzötən (640 C), İstisuyu (620 C) göstərmək olar. Karbon qazlı sulara hər yerdə təsadüf edilmir. Azərbaycan ərazisində bu sular ancaq Kiçik Qafqaz dağları rayonunda və Naxçıvanda yayılmışdır. Karbon qazlı sulardan ən məşhurları: Sirab, Hahacır, İstisu, Badamlı, Turşsu, Darıdağ, Çayqarışan, Qızılca və sairədir.

Geoloji və geokimyəvi şəraitin xüsusiyyəti ilə əlaqədar olaraq bəzi rayonların yeraltı sularında radioaktiv elementlər olur. Çaylarda ən çox yayılan radioaktiv mənşəli elementlərdən radon qazını göstərmək olar. Radon qazının sularda olması onların müalicəvi xüsusiyyətlərini yüksəldir. Təbiətdə radonlu sulara nadir hallarda rast gəlinir. Azərbaycan şəraitində isə bu cəhətdən Kəlbəcər və Laçın rayonları diqqəti cəlb edir. Bağırsaq adlanan (Kəlbəcər rayonu) mineral sular radonlu suların ən parlaq növüdür.

Təbiətdə radioaktiv suların əmələ gəlməsi onların çox yavaş süzülmələri ilə əlaqədardır. Sular çətinliklə süzülərsə onlarda radioaktiv elementlərin və radon qazının toplanması üçün şərait əmələ gəlir. Azərbaycanın mineral sularında radon qazının yüksək olması gələcəkdə bu suların olduğu yerlərdə xüsusi müalicəxanalar təşkil edilməsinə imkan verir.

Respublikamızın mineral sularının ümumi miqdarından - 34 bulaq radonlu sulara aiddir. Azərbaycan fiziki-coğrafi cəhətdən çox kəskin dəyişən relyef quruluşuna malikdir. Geoloji quruluşun və süxur tərkibinin xeyli mürəkkəbliyi, illik yağıntı miqdarının dəyişkənliyi respublikamızın ərazisində xüsusi hidrogeoloji şəraitin yaranmasında əsas amildir.

Bəzi yerlərdə meşəliklərin, dağlıq rayonlarda sıx çay şəbəkələrinin və buzlaq örtüklərinin olması, digər tərəfdən yüksəklaylı qatlardan ibarət yura, təbaşir, üçüncü və dördüncü qum daşları, sulfatlar, habelə qırıntı süxurların çox yayılması, eləcə də maqmatik və metamorfik süxurların olması qeyd olunan hidrogeoloji şəraitin xüsusiyyətlərini bir daha təsdiq edir. Bütün bunlarla əlaqədar Azərbaycanda müxtəlif tipli yeraltı su xəzinələri əmələ gələ bilmişdir.

Kiçik Qafqazda ən çox nəzərə çarpan ərazilər İstisu-Kəlbəcər hidrotermal ərazidir. Bu ərazinin bir ucu Ermənistan ərazisində Cermux sularına qədər uzanır. Kəlbəcərdən Cermuxa kimi 50 kilometr məsafədə 5 qrup eyni tipli isti sulara təsadüf edilir: Bağırsaq, Yuxarı İstisu, Aşağı İstisu, Kəlbəcər suları (Azərbaycan) və Cermux (Ermənistan). Suların kimyəvi tərkibləri mürəkkəb olmaqla dünyada nadir tapılan qiymətli növlərdəndir. Onlar yüksək temperaturu olan sulardır (750 C).

Laçın rayonu ərazisində isə hidrotermal ilıq sular yerləşir. Suların temperaturu nisbətən alçaq olub 24-290, 60 C-dir. Sutka ərzində bu ərazilərdən təqribən 2 milyon litrə kimi su çıxır. Suların temperaturlarının mənşəyi elmdə maraqlı məsələlərdən biridir. Avstriyalı alim E.Züsün fikrincə, (Çexiyanın məşhur Karlovı Varı isti suları timsalında) təbiətdəki isti sular yerin daxilindəki maqmadan əmələ gəlir.

Qafqazda məlum olan isti suların geoloji quruluşu və hidrogeoloji şəraitinə aid faktiki materiallar göstərmişdir ki, təbii suların istiliyi heç də yerin daxili maqması ilə əlaqədar deyildir. Bu suların temperaturu onların əmələ gəlməsini təmin edən mürəkkəb geoloji tarixlə bağlıdır.

Qədim geoloji dövrlərdə - onlarla, yüz milyonlarla il bundan əvvəl Kiçik Qafqazın indiki əraziləri su altında olmuşlar.  Bu ərzilərdə paralel istiqamətdə uzanan, çox geniş ərazini tutan nəhəng Tetis okeanı yerləşirmiş. Geoloji eralar dəyişdikcə okeanın sahillərinin forması və dibi dəyişmiş, ora müxtəlif çöküntülər çökmüş, sualtı vulkan püskürmələri baş vermişdir. Yer qabığı müxtəlif istiqamətlərdə təzyiqlərə məruz qalmışdır ki, bu da vaxtaşırı bu və digər ərazilərdə pozulmaların (qırılmalar, tökülmələr, yerdəyişmələr) əmələ gəlməsinə səbəb olmuşdur. Bütün bu hadisələr Kəlbəcər rayonu ərazisini də əhatə etmişdir. Adətən belə vulkan püskürmələrindən sonra sakitlik dövrü olmuş, bu vaxt okeanın dibində əhəngdaşları - dəniz heyvanlarının qalıqları toplanmışdır. Sonra isə qum qarışıq tuflu qumların atılması baş vermişdir.

Üçüncü dövrdə okean geri çəkilmiş, dibi qalxaraq, yüksək zirvələri olan dağ sistemləri əmələ gəlmişdir. Boşluqlara qranit tipli maqma dolmuş və beləliklə əmələ gəlmiş süxurların Tərtər çayı boyunca İstisudan genişlənərək cənub-şərqə doğru Mıxtökən dağına qədər (Dəlidağ) uzanmışdır. Təsvir olunan bütün süxurlarda, o cümlədən də qranitlərdə dağəmələgəlmə hərəkətləri vaxtı çoxlu çatlar baş verir ki, oraya növbəti odlu-qaynar kütlə daxil olur və süxurların çoxu damar şəklində yayılan-diabazlar, partitlər, dasitlər, andezit-dasitlərin yaranmasına gətirib çıxarır. Göstərilən qırışıqlar üçüncü dövrə - pliosenə aid edilir. Bu maraqlı geoloji xüsusiyyət geniş bir sahədə, nəinki Kəlbəcər rayonunda, onun kənarlarında yerləşən Ermənistanda da yayılmışdır. Qırışıqların və pozulmaların belə istiqaməti, həmçinin damar formalı yayılmalar böyük dərinliklərdən mineral suların yer səthinə çıxması və onun sirkulyasiyası şəraiti ilə izah olunur.

Lava axınları qüvvətli çatlara və məsaməliliyə, qabarıqlığa malikdirlər. Ona görə də onlar yaxşı rütubət tutumludur və bu lava axınının içərisində mürəkkəb su ehtiyatı yaradır ki, onlar da gözəl bulaqları və xırda axınları qidalandırırlar. Məsamələr bərkləşmiş vulkan lavasından sürətlə qazların ayrılması nəticəsində əmələ gəlir.

Beləliklə, süxurların məsaməliyi vacib hidrogeoloji amil olmaqla, məsamələrin filtrasiya (süzülmə) qabiliyyəti süxurların xüsusiyyətindən, yayılma dərəcəsindən və eləcə də onların tutduğu həcmdən asılıdır. Tərtər çayı hövzəsində mineral çöküntüləri əmələ gətirən ən cavan mənbələr travertin adlanan çöküntülərdir.

Qarabağın dağlıq hissəsinin kurortlar qrupuna şimaldan-cənuba doğru, yəni Xankəndidən Şuşaya kimi bu rayonun bütün ərazilərində uzanan kurort zonası xüsusilə diqqəti cəlb edir. Məlum olan mineral su bulaqlarının əksəriyyəti: Turşsu, Şirvan, Çərəktar, Kolataq, Zardanaşen, Tumu və s. bu zonanın qərb hissəsində yerləşir.

Yüksək dağlıq quruluşu, quru və seyrək havası, bol günəşli günlərin və aktiv insolyasiyanın olması, yayların az istiliyi, qışların çox soyuq keçməməsi, bahar və payız fəsillərinin mülayimliyi, temperaturun kəskin düşməməsi, küləklərin nadir və zəif, yağıntıların çox olmaması, subtropik iqlim şəraiti - bütün bunlar Qarabağın dağlıq hissəsinin kurortlar qrupunun üstünlüyünü təmin edir. Olduqca geniş yayılan meyvə bağları may ayından başlamış oktyabra kimi əhalini müxtəlif növlü təzə meyvələrlə təmin edir. Bundan əlavə meşələrdə külli miqdarda yabanı giləmeyvələr: böyürtkən, moruq, çiyələk, habelə alma, armud, zoğal, fındıq və s. vardır.

Kəlbəcər kurortlar qrupu rayonu Kiçik Qafqaz dağlarının mərkəzi hissəsində 1800-2000 metr hündürlükdə yerləşir. Burada olduqca  qiymətli mineral sular vardır. Bu kurortlar qrupunda 81 mineral su aşkar edilmişdir.

Müalicə əhəmiyyətli kurortların tikilməsi və sənaye zavodlarının inşası üçün əhəmiyyətli olan mineral su yataqları bunlardır: Bağırsaq, Yuxarı İstisu, Aşağı İstisu, Kəlbəcər ətrafı, Qoturlu və Çərəktar. Sovetlər dönəmində Yuxarı İstisuda böyük kurort mərkəzi tikilmişdir. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərdə kurortların və ekoturizmin yaradılması ən aktual məsələlərdən biridir.

Laçın kurortlar qrupunda gələcəkdə kurortlar yaradılması üçün əlverişli olan bu rayon Kəlbəcər rayonunun qonşuluğunda, 1500-2500 metr hündürlükdə yerləşir. Bu rayonda 16 mineral su bulağı artıq öyrənilmişdir. Bu rayonlarda hələ kurortların yaradılması işinə başlanmasa da, perspektivdə bu rayonda olan - İlıqsu, Turşsu, Laçın bulaqlarından geniş istifadə etməklə, ekoturizm marşrutlarını xeyli genişləndirmək olar. Alimlərin fikrincə, Qarabağın dağlıq hissəsinin saf bulaqları Kislovodski, Abastuman və hətta İsveçrə, İtaliya kurortlarından üstün şəraitə malikdir. Keçən əsrin 50-ci illərinin sonlarında İstisuda və Turşsuda mineral suları şüşələrə dolduran zavod işləyirdi.

Qarabağın isti sularının tükənməz və ucuz istilik enerjisindən sənaye və kənd təsərrüfatında, kommunal işlərində və elektrik qüvvəsi istehsalında müvəffəqiyyətlə istifadə etmək mümkündür. Qızmış buxarlar və isti sular xalq təsərrüfatının müxtəlif sahələrində istifadə edilə bilər.

 

Telman XƏLİLOV,

BDU-nun professoru

 

Azərbaycan.- 2022.-8 aprel.- S.6.