AĞABAN intiqamı alınan faciə

 

Ötən əsrin 80-ci illərindən başlayaraq Ermənistan silahlı birləşmələrinin ərazi iddiası ilə törətdikləri qətliamlar, terror aktları, dinc müsəlman əhalisinə qarşı hücumlar Qarabağda, eləcə də respublikamızın Ermənistanla digər sərhəd bölgələrində kütləvi qırğınlarla, kəndlərin, qəsəbələrin tamamilə yandırılması, ictimaimülki binaların yerləyeksan edilməsi, ağlagəlməz faciə, soyqırımı və dədə-baba torpaqlarımızın işğalı ilə nəticələndi.

Belə faciələrdən biri də 30 il bundan öncə, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilərin Kəlbəcər rayonunda törətdiyi Ağdaban faciəsidir. 130 evdən ibarət Ağdaban kəndi bir gecənin içində erməni silahlı quldurları tərəfindən tamamilə yandırıldı, dağıdıldı və Yer üzündən silindi.

Qədim yaşayış məskənlərindən olan bu kənd rayon mərkəzindən 56 kilometr şimal-şərqdə, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində yerləşib. Qəfil hücum zamanı kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb...

Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri tamamilə dağıdılıb, qədim ziyarətgahlar, inanc yerləri və məzarlıq məhv edilib. Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib. Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ümummilli Lider Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Xatırladaq ki, hücum zamanı ermənilər təkcə Ağdaban kəndini yox, qonşu Çayqovuşanı da darmadağın ediblər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın, qarla örtülü meşələrə, dağlara qaçmağa məcbur olub. Kəndi müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyin-dən əhali tamamilə köməksiz qalıb. Qanlı faciə zamanı 32 nəfər dinc əhali - qoca, qadın, uşaq həlak olub, iki nəfər evdə diri-diri yandırılıb, 7 nəfər girov götürülüb. Kənd bütünlüklə yerləyeksan edilib. Şaxtalı-çovğunlu gecədə faciədən səhər tezdən xəbər tutan yerli batalyonun köməyə gələn 6 döyüşçüsünü hadisə yerinə çatar-çatmaz pusquda duran erməni quldurları güllələyiblər.

Ağdaban faciəsi ermənilərin nəinki təkcə Kəlbəcərə, əslində Azərbaycana qarşı başladığı böyük müharibənin ilkin mesajı idi. Kəndin ermənilərin əlində qalması görünməz fəlakətlərə səbəb olmaqla digər kəndlərin işğalını da asanlaşdırdı. Ağdabanın işğalı Murov yolunun ermənilər tərəfindən tutulması və 52 min nəfərlik rayon əhalisinin tamamilə məhv edilməsi demək idi.

Təəssüf doğuran odur ki, Ağdaban faciəsi beynəlxalq səviyyədə müzakirəyə çıxarılmadı. Bundan yararlanan düşmən mühasirə halqasını daraltdı, kəlbəcərli şəhidlərin sayı da artdı. Dinc və əliyalın insanlar doğma torpaqlarında didərginə, qaçqına, köçkünə və girova çevrildilər.

Ağdaban bir dəfə deyil, iki dəfə erməni-rus muzdluları tərəfindən darmadağın edilib. 8 aprel 1992-ci il və 26 mart 1993-cü il Ağdabanın işğal tarixləri kimi yaddaşlara yazılıb. Kəlbəcərin ilk şəhidliyi məhz bu kənddən başlayıb.

Ermənilər 1990-cı il iyul ayının 11-də Ağdərənin Otaqqaya adlanan ərazisində Tərtər-Kəlbəcər marşrutu ilə hərəkətdə olan 150-yə yaxın maşından ibarət karvanın qarşısını kəsərək, Dədə Şəmşirin qızı Çimnaz xanımı, Şahlar Şükürovu (Azərbaycanın Milli Qəhrəmanı), Aslan Xıdırovu, ittifaq miqyaslı “İstisu” sanatoriyasına müalicəyə gedən, əksəriyyəti xəstə və qocalardan ibarət olan yüzlərlə dinc sakini terror nəticəsində qətlə yetirib.

Cəzasız qalan erməni vandalları Ağdaban kəndi və onun dinc sakinlərinə ikinci dəfə 1993-cü il martın 26-da faciə yaşadıblar. Müasir silahlarla yaraqlanmış erməni quldurları Ağdərə və Ermənistanın Basarkeçər rayonları istiqamətindən qəfil hücuma keçərək, müdafiə olunmayan kənd əhalisini gülləbaran edib və onları öz dədə-baba yurdlarından ayaqyalın-başıaçıq, bütün əmlakını ataraq, dəniz səviyyəsindən 3.400 metr yüksəklikdə olan Murovdağ aşırımından qaçmağa məcbur ediblər. Nəticədə 52 min insan doğma yurdundan didərgin düşüb. Bundan bir həftə sonra Kəlbəcər bütün istiqamətlərdən mühasirəyə alınaraq martın 31-dən aprelin 2-dək tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

İşğal nəticəsində 220 nəfər mülki vətəndaş həlak olub, 321 nəfər itkin düşüb, yaxud girov aparılıb. Ən çox itki isə Kəlbəcər şəhərindən 64 km. məsafədə yerləşən Başlıbel kəndinin taleyinə düşüb. 28 nəfər ermənilər tərəfindən bir gecədə qətlə yetirilib, 18 nəfər girov götürülübya əsir aparılıb, 17 nəfər 4 ay mühasirədə qalandan sonra min bir əziyyətlə qaçıb Gəncəyə gələ bilib.

Ermənistan Birinci Qarabağ müharibəsi dövründə beynəlxalq hüquq normalarını və humanitar hüququn tələblərini kobud şəkildə pozaraq müharibə cinayətləri törədib. Müharibə qaydalarına zidd olaraq, mülki əhalini girov götürüb, soydaşlarımıza olmazın işgəncələr verib, onları xüsusi amansızlıqla öldürüblər. O insanların meyitlərini kütləvi məzarlıqlarda basdırıblar.

Həmin dövrdə erməni qatilləri Ballıqaya, Qaradağlı, Ağdaban və Xocalı qətliamlarını da törədiblər. Vətən müharibəsindən sonra isə üzə çıxan, başda Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıq olmaqla, Kəlbəcərin Başlıbel kəndində, Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında olan kütləvi məzarlıqlar da bu qətliamların əyani sübutudur.

Erməni cəlladları bu qanlı davranışlarını hərbçilərə qarşı da nümayiş etdiriblər. Vandallar müharibə cinayətləri törədərək şəhid olmuş hərbçilərimizin məzarlarının yeri barədə də heç bir məlumat verməyiblər. Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu barədə beynəlxalq təşkilatlar qarşısında dəfələrlə məsələ qaldırmışlar. Cari il fevralın 4-də Prezident İlham Əliyev fransalı həmkarı Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda müzakirələr zamanı Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi barədə məsələni bir daha gündəmə gətirib. Dövlətimizin başçısı müzakirələr zamanı Birinci Qarabağ müharibəsində 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini xüsusi vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə də bu məsələyə xüsusi önəm verib, Birinci Qarabağ müharibəsində itkin düşmüş 3890 nəfər azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin və kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsinin vacibliyini diqqətə çatdırıb.

Ağdabanın işğalını kədər hissi ilə qeyd edən bu kəndin sağ qalan sakinlərinə, ümumən bütün kəlbəcərlilərə təsəlli verən odur ki, ağdabanlıların qisası alındı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və Milli Ordumuzun şücaəti sayəsində 2020-ci ilin noyabrında işğalçı Ermənistan ordusu üzərində tarixi qələbə qazanıldı. Nəinki Kəlbəcər rayonu, ölkəmizin illərlə əsarətdə saxlanılan digər bölgələri də erməni tapdağından azad edildi. Yazın bu güllü-çiçəkli günlərində Ağdaban faciəsini zəfər sevincinə qatan kəlbəcərlilər özlərində ruh yüksəkliyi hiss edirlər. Onlar qələbənin möhtəşəmliyindən qürur duyaraq tezliklə Ağdabana, Kəlbəcərə, doğma yurdlarına dönmək arzusu ilə yaşayırlar.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2022.- 8 aprel.- S.7.